ABŞ və Qərbin hiyləgər planının şifrələri açılır: Zelenski "maskaları" yırtır
Ukrayna prezidenti onun ölkəsinin üzərindən çarpaz xətlər çəkilərək, Qərb ölkələrinin maraqlarına qurban verildiyini açıq mətnlə bəyan edir; Volodimir Zelenskinin ittihamları qarşısında aciz qalan ABŞ və Qərb yaxın gələcəkdə olduqca ciddi beynəlxalq etimadsızlıq münasibəti ilə üzləşə bilər...
Yenixeber.org: Ukrayna savaşı uzandıqca, bu "bataqlıq" da dərinləşir. Hələlik bu "bataqlıq"da iki ölkə çabalayır. Digərləri isə sadəcə, müşahidə edirlər və hərdən "bataqlığın" dərinliyini artırmaqla, işlərini bitmiş sayırlar.
Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki, bu "bataqlıq" ABŞ və Qərbə onun içərisində çapalayan ölkələrdən - Ukrayna və Rusiyadan daha faydalıdır. Ona görə də, ABŞ və Qərb yeni "savaş bataqlığı"nı planlı şəkildə yaradıb. Bu planda Ukraynaya istifadə olunan "qurban", Rusiyaya isə "ovlanacaq düşmən" rolu ayrılıb. Və həm Ukrayna, həm də Rusiya Qərbin bu "hiyləgər tələ"sinə artıq düşüb.
Ancaq belə anlaşılır ki, "tələ"yə düşən Ukrayna və Rusiya indiki şəraitdə bu "savaş bataqlığı"ndan özbaşına çıxmaq şansına da sahib deyillər. Hətta istəsələr belə, ABŞ və Qərb onlara belə bir şans tanımaq niyyətindən çox uzaqdır. Çünki, ABŞ və Qərb öz hiyləgər planı üzərindən hədəflədiyi məqsədlərinə hələ tam nail olmayıb. Yəni, bu planın ssenari müəllifləri bir-birinə qarşı müharibə aparan və artıq indidən məğlub olan hər iki ölkəni - Ukrayna və Rusiyanı hələ uzun müddət "savaş bataqlığı"nda tutmaq niyyətindədirlər.
Ancaq rəsmi Kiyev ABŞ və Qərbin Ukraynaya ayırdığı "qurban" statusundan artıq bezib, bu oyundan xilas olmağa çalışır. Böyük ehtimalla bunun mümkün olmayacağını da anlamamış deyil. Ona görə də, ABŞ və Qərbi də mümkün qədər "savaş bataqlığı"nın içərisinə çəkməyə cəhd göstərir. Yəni, rəsmi Kiyev haqlı olaraq, ABŞ və Qərbdən tələb edir ki, yaratdığı "savaş bataqlığı"nda baş verənlərə görə birbaşa məsuliyyət daşısın.
Maraqlıdır ki, Ukrayna prezidenti Volodimir Zelenskinin son açıqlamalarında Rusiya ilə yanaşı, ABŞ və Qərb də paralel ittihamlara hədəf seçilir. O, NATO-nun Ukraynanı öz sıralarına qəbul etməyə hazır olmadığını anladıqdan sonra bu məsələyə marağının qalmadığını vurğulayıb. Ukrayna prezidenti hesab edir ki, NATO ziddiyyətlərdən və Rusiya ilə qarşıdurmadan qorxur. Ancaq o, Ukraynanın NATO-ya üzvlük üçün diz çöküb, yalvaran ölkə olmayacağını da vurğulayıb.
Ümumiyyətlə, prezident Volodimir Zelenskinin son açıqlamalarının məzmunu ABŞ və Qərbin hiyləgər planının hədəflərini ortaya çıxartmaq baxımından, olduqca önəmli şifrələrlə yüklənib. Bu açıqlamalarda ABŞ və Qərbin Ukraynanı müxtəlif vədlər ilə Rusiyaya qarşı savaşa sürükləndiyinə açıq eyhamlar mövcuddur. Eyni zamanda ABŞ və Qərbin Ukraynaya verdiyi vədləri yerinə yetirmədiyi, özünü tədricən kənara çəkib, rəsmi Kiyevi Rusiya təcavüzü qarşısında tək buraxmağa başladığı da məlum olur.
Məsələ ondadır ki, prezident Volodimir Zelenski ABŞ və digər NATO ölkələrindən Ukrayna səmasının Rusiya savaş təyyarələrinin üzünə qapadılmasını tələb edir. Ancaq NATO Rusiya ilə savaş təhlükəsini bəhanə gətirərək, bu tələbdən yayınmağa çalışır. Ukrayna prezidenti ABŞ və Qərbin bu davranışını qorxaqlıq, verilən vədlərin icrasından qaçmaq cəhdi kimi dəyərləndirir. Və o, əgər Qərb liderləri Ukraynanın tələblərini eşitməsə, dəstək üçün onların ölkələrinin xalqlarına müraciət edəcəyini bəyanlayır.
Prezident Volodimir Zelenski Qərb ölkələrini Ukraynaya qarşı müharibənin dayandırılmasına cəhd göstərməməkdə də suçlayır: “Bu, bir soyqırımdır. Əlbəttə ki, biz tərəfdaşlarımızla ünsiyyəti də davam etdirəcəyik. Lakin elə şeylər var ki, yalnız danışıqlarla həll olunmur. Bunlar özümüzdən asılı olan məsələlərdir. Bu, ilk növbədə dünyanın aparıcı paytaxtlarında qalib gəlməli olan insanlıqdır. Qorxuya qalib gəlməliyik. Maraqlar üzərində zəfər qazanılmalıdır. Bu halda, biz Ukrayna səmalarının qapadıldığını görəcəyir”.
Göründüyü kimi, Ukrayna prezidenti Qərb ölkələrini yalnız qorxaqlıda deyil, eyni zamanda özəl maraqların təsir altında hərəkət etməkdə suçlayır. Bu, ABŞ və Qərbin beynəlxalq nüfuzuna vurula biləcək ən ağır zərbə sayıla bilər. Çünki, Ukrayna prezidentinin ittihamları yaxın gələcəkdə ABŞ və Qərb ilə tərəfdaşlıq edəcək dövlətlər tərəfindən mütləq nəzərə alınacaq. Hər halda, prezident Volodimir Zelenski hazırda öz tarixinin ən həlledici mərhələsini yaşayan Ukraynanın üzərindən çarpaz xətlər çəkildiyini bəyan edib.
Maraqlıdır ki, Ukrayna prezidenti ABŞ və Qərbin dəstəyinə olan ümidlərinin boşa çıxmaq üzrə olduğunu da qətiyyən gizlətmir. Ona görə də, rəsmi Kiyevin Ukraynanı düşdüyü vəziyyətdən çıxartmaq üçün alternativ variantlara üz tutacağına eyham vurur. Xüsusilə də, Rusiya ilə birbaşa - ABŞ və Qərbin mövqeyi nəzərə alınmadan danışıqlara üstünlük verə biləcəyinə işarə edir: "Məni prezident seçən xalq kapitulyasiyaya və ultimatumlara hazır deyil. Ancaq biz Krımın və Donbasın gələcəyi ilə bağlı diskussiya apara da bilərik".
Belə anlaşılır ki, prezident Volodimir Zelenski ABŞ və Qərbdən ciddi şəkildə narazıdır. Artıq Ukraynanın beynəlxalq tərəfdaşlarına əvvəlki kimi güvənmir. Hətta belə davam edəcəyi təqdirdə, ABŞ və Qərbdən ümumiyyətlə, üz çevirə biləcəyinin də açıq mesajını verir. Və belə vəziyyətdə Qərb siyasi iradə mərkəzlərinin Ukraynanı dəstəkləmək istiqamətində konkret addımlar atması vacibdir.
Məsələ ondadır ki, Ukrayna prezidenti öz açıqlamaları ilə ABŞ və Qərbin üzərinə birbaşa məsuliyyət qoymuş olur. İndi o, Ukraynada baş verənlərə görə Rusiya ilə yanaşı, ABŞ və Qərbi də birbaşa günahkar hesab edir. Bu, o deməkdir ki, prezident V.Zelenski ABŞ və Qərbin Rusiya ilə Ukrayna üzərindən apardığı savaş planının şifrələrini artıq açmağa başlayıb. Ukrayna prezidenti danışdıqca, ABŞ və Qərbin hiyləgər planlı ifşa olunur, "maskalar" yırtılmaqda davam edir. Və bu, yaxın gələcəkdə bütün prosesləri planın müəlliflərinin əleyhinə də çevirə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert