Yenixeber.org: Ötən il 44 gün davam edən və Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan müharibə beynəlxalq hesabatlarda silahlı qüvvələrimizin reytinqini kəskin yüksəldib. Əvvəllər Ermənistanla aşağı-yuxarı eyni indeksləri paylaşırdıqsa, ötən il balans kəskin şəkildə dəyişib. Məsələn, Stokholom Beynəlxalq Sülh Araşdırmaları Mərkəzinin ötən il açıqladığı hesabata görə, Azərbaycan Silahlı Qüvvələri 138 ölkə arasında 64-cü, Ermənistan isə 111-ci sırada qərarlaşıb.
Ötən onillikdə neft ixracından böyük gəlirlər əldə edən Azərbaycan müdafiə və təhlükəsizlik sektoruna böyük vəsaitlər ayırmağa başlayıb. Dövlət rəsmiləri bu xərclərin həcmini daim Ermənistanın ümumi dövlət büdcəsi ilə müqayisə edirdilər. Müxtəlif mənbələrin məlumatlarına görə, Azərbaycan 2009-2015-ci illərdə Rusiyadan 5 milyard dollar həcmində silah-sürsat, hərbi ləvazimatlar alıb. Bakı İsrail, Türkiyə və Belarus hərbi sənayesinin də əsas müştərilərindən biri olub. 2016-cı ildə baş verən aprel döyüşlərindən sonra əsasən Türkiyə və İsraildən müasir silahların alınmasına üstünlük verilib. 44 günlük müharibədə xüsusi rol oynayan zərbə və kəşfiyyat dronlarının əsas qismi idxal edilib, bir hissəsi isə Azərbaycanda qurulan hərbi sənaye müəssisələrində istehsal olunub.
Azərbaycan gələn il də müdafiə və təhlükəsizlik məqsədləri üçün böyük pullar xərcləyəcək. 2022-ci ilin dövlət büdcəsində bu məqsədlə 4 milyard 499 milyon 238,9 min manatın ayrılması nəzərdə tutulub. 2021-ci il ilə müqayisədə bu, 86 milyon manat az olsa da, büdcə xərclərinin altıda birini təşkil etməklə, əslində böyük rəqəmdir.
Əlbəttə, ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi təkcə hərbi arsenalın müasir silahlarla zənginləşdirilməsindən ibarət deyil. Silahlı Qüvvələrdə köklü islahatların aparılması da ümdə məsələlərdən biridir. Ölkə başçısı İlham Əliyev də çıxışılarında dəfərlərlə bildirib ki, bu sahədə ciddi addımlar atılır, Azərbaycan Ordusu Türkiyə modeli əsasında formalaşdırılır. Türkiyə hərbçiləri ilə vaxtaşırı keçirilən təlimlər bu prosesin əsas tərkib hissəsidir. Avqust ayında Müdafiə Nazirliyində yeni təyinatların aparılması, yeni strukturların formalaşdırılması, o cümlədən Quru Qoşunlarının yaradılması prezidentin tapşırığı əsasında görülən işlərdir.
44 günlük müharibənin nəticələri də silahlı qüvvələrdə ciddi, hərtərəfli islahatların aparılması və peşəkar ordu sisteminə keçidi zəruri edir. Məsələn, xüsusi təyinatlıların qələbənin əldə olunmasındakı mühüm rolu danılmazıdr. Xarici hərbi mütəxəssislərin də heyran qaldığı Şuşa əməliyyatı məhz onlar tərəfindən həyata keçirilib. Xüsusi təyinatlılar döyüşün əsas ağırlığını üzərlərinə götürsələr də, onların sıralarından şəhid və yaralı sayı digər hərbi birliklərlə müqayisədə az olub.
Müharibə zamanı şəhid və yaralıların rütbələrinə və xidmət dövrünə nəzər saldıqda da peşəkar ordunun nə qədər vacib olduğu aydın görünür. Rəsmi məlumata görə, 3 minə yaxın şəhidimizin 678 nəfəri gənc əsgərlərdir. 16 noyabrda sərhəddə baş verən hərbi toqquşmalarda şəhid olan 7 hərbçinin 4-ü çağırışçıdır. Əlbəttə, vətənin müdafiəsi bütün vətəndaşların, hərbçilərin borcudur. Bəzi mütəxəssislər hesab edirlər ki, bu cür situasiyalarda həqiqi hərbi xidmətə çağırılan, döyüş təlimi görməyən, təcrübəsi olmayan əsgərləri peşəkar hərbçilər əvəz etməlidir. Bu, itkilərin sayını kəskin azaltmaqla yanaşı, uğur qazanmağın da başlıca şərtidir.
Daha bir məsələ hərbçilərin hərbi Nizamnaməyə ciddi əməl etməsi, problemlər yaradan davranışlardan çəkinməsidir ki, həm 44 günlük müharibə, həm də ötən həftə baş verən toqquşmalar zamanı bəzi təəssüfləndirici hərəkətlərin şahidi olduq. Məlumdur ki, Müdafiə Nazirliyində keçirilən xidməti müşavirə zamanı hərbi hissələrin dislokasiya yerlərinin, əsir düşmüş erməni hərbçilərin videosunu çəkən hərbçilər cəzalandırılıb, onların bir qismi silahlı qüvvələrin sıralarından tərxis edilib. Mütəxəssislər bildirirlər ki, bu cür davranışlar da əsasən hərbçilərin öz vəzifələrini bilməməsindən, hərbi Nizamnaməyə əməl etməməsindən qaynaqlanır. Amma peşəkar ordu sistemində belə hallara yol verilmir.
Hüquq müdafiəçisi Anar Məmmədli hesab edir ki, ordu ilə bağlı nəzərəçarpan iki ciddi problem bizi təcili şəkildə peşəkar ordu quruculuğuna başlamağa məcbur edir:
“Birincisi, hərbi qulluqçuların sosial təminatı məsələsidir. Yəni həm orduda xidmət edən şəxslərin, həm də hərbi xidmət zamanı yaralanan və ya şəhid olan hərbi qulluqçuların sosial təminat sistemi təkmilləşməlidir.
İkincisi, hərbi qulluqçuların ideoloji hazırlığı məsələsidir. Bir neçə gün öncə sərhəddə baş verən toqquşmalar zamanı qarşı tərəfdən əsir düşmüş əli-qolu bağlı əsgərləri döyən hərbçilərimizin görüntüləri yayıldı. Burada problem görüntülərin yayılmasından öncə bu cür davranışın baş verməsindədir. Düşmən ordusundan əsir götürmüsənsə, onu tərksilah edib, adı, soyadı və rütbəsini dəqiqləşdirərək komandanlığa təhvil verməlisən. Bunun alternativi cinayətdir”.
Ekspertin sözlərinə görə, bu iki problemin kompleks şəkildə həlli üçün tamamən peşəkarlardan ibarət müqaviləli orduya keçid prosesinə başlanmalıdır. “Hərbi qulluqçuların sosial təminatı ilə yanaşı, müharibə hüququ üzrə prinsipləri mənimsəməsi təmin edilməldir”, – deyə o, vurğulayıb.
A.Məmmədli deyir ki, ikinci Qarabağ müharibəsindən sonra ordunun şəxsi heyətinin 100 min nəfərdən artıq olmasına ehtiyac yoxdur. Hazırda beynəlxalq standartlara uyğun 60-70 min nəfərlik peşəkar ordu ölkənin hərbi doktrinasını icra etməyə yetərlidir.(pressklub)
Turqut