Ukrayna Rusiya zenit-raket kompleksləri üçün əlçatmaz olan "Akıncı" alır-FOTOLAR
Yenixeber.org: Dünən ukraynalı general Valeri Zalujnıy Türkiyənin “Baykar Makina” şirkətinin baş direktoru Haluk Bayraktarla görüşüb. Ukrayna KİV-ləri xəbər verir ki, tərəflər Ukrayna ordusuna “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrinin təchizatına dair məsələləri müzakirə ediblər.
Habelə Zalujnıy və Bayraktar Kiyev vilayətində PUA-ların təlim-sınaq və təmir mərkəzinin yaradılması, o cümlədən ukraynalı PUA personalının hazırlanması haqda danışıblar. O cümlədən görüşdə Ukrayna Silahlı Qüvvələrinin dörd zərbə-kəşfiyyat PUA-ları briqadasının yaradılmasını müzakirə ediblər.
Xəbərə görə, Haluk Bayraktar qeyd edib ki, gələcəkdə Ukrayna üçün strateji vasitə daha yüksəkdən uçan və daha çox döyüş sursatı daşıya bilən “Bayraktar Akıncı” zərbə pilotsuz təyyarələri ola bilər. Qeyd olunur ki, “Baykar Makina” “Akıncı” PUA-larının mühərrikinin 30 detalını və yığım vahidini Ukraynanın “Motor Siç” şirkətindən alıb.
“Baykar Makina” şirkəti “Akıncı” zərbə pilotsuz təyyarələrinin seriya istehsalına bu il başlayıb və ilk 3 belə PUA Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib. Ukraynanın “Defence Express” nəşri yazır ki, Kiyev “Bayraktar TB2”-lərin ardınca Türkiyədən bu pilotsuz döyüş təyyarələrini də almaq imkanlarını müzakirə edir.
“Ukrayna Silahlı Qüvvələri üçün “Akıncı” seçimi maksimal məntiqli və daha real görünür, bir halda ki, Hərbi Hava və Hərbi Dəniz qüvvələri artıq “Bayraktar TB2” zərbə dronlarına malikdir, həmin dronlar üçün nəzərdə tutulan yüksək dəqiqlikli silahlar “Akıncı”da istifadə edilə bilir”, - nəşr yazır.
Ukraynalı hərbi analitiklər qeyd edirlər ki, “Akıncı” daha mükəmməldir və texnoloji baxımdan əvvəlki modeli üstələyir. Bu pilotsuz təyyarələr 4 ədəd MAM-C və MAM-L lazer başlıqlı raketləri ilə yanaşı “Gökdoğan” və “Bozdoğan” adlı “hava-hava” raketləri, 200 kilometr mənzilli SOM qanadlı raketi və 500 kiloqramlıq “Mark 83 JDAM” yüksək dəqiqlikli aviabombasını daşıya bilər.
Hava hücumundan müdafiə vasitələrini dəf etmək məsələsinə gəldikdə isə nəşrin ekspertləri qeyd edirlər ki, “Akıncı”nın maksimal uçuş yüksəkliyi 12 kilometrdir və bu da təyyarəni Donbassda yerləşdirilmiş Rusiya zenit-raket kompleksləri üçün əlçatmaz edir. “Və söhbət təkcə “Strela-10” və “Osa” kimi Qarabağda müharibə zamanı “Bayraktar TB2” tərəfindən kütləvi şəkildə məhv edilən zenit-raket komplekslərindən deyil, hədəfi maksimal vurma hündürlüyü 10 kilometr olan “Tor” kompleksindən də gedir”, - məqalədə bildirilir.
Rusiyanın geniş reklam edilən “Pantsir S1” zenit-top kompleksi də “Akıncı” qarşısında aciz qala bilər. Çünki bundan əvvəl Suriya və Liviyada azı 23 vahid “Pantsir” “Baykaktar TB2” tərəfindən vurulub. Üstəlik “Akıncı” hədəfi 30 kilometrdən vura bilən MAM-T ağıllı sursatı daşıyır və bu da “Pantsir”i əlavə risk almadan sıradan çıxarmağa imkan verir.
Məqalədə qeyd edilir ki, “Akıncı” üçün “Buk” və S-300 zenit-raket kompleksləri müəyyən təhdid yarada bilər, amma onları həmin komplekslərin məsuliyyət zonasına daxil olmadan 200 kilometr mənzilli SOM qanadlı raketi ilə asanlıqla vurmaq olar.
Qeyd edək ki, Rusiya Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirib və ABŞ kəşfiyyatı şaxtalar düşəndən sonra bu qoşunların hücuma keçə biləcəyi haqda xəbərdarlıq edir. Bu baxımdan Rusiyanın Ukraynaya hərbi müdaxilə planı varsa onu “Akıncı” döyüş pilotsuz təyyarələrinin Kiyevin sərəncamına daxil olmasından əvvəl həyata keçirəcəyini gözləmək olar. Ukraynanın Türkiyədən “Bayraktar TB2” alması Kremlin şübhəsiz ki, xoşuna gəlməmişdi və Rusiya rəsmiləri bununla bağlı narazılıqlarını dilə gətiriblər. “Akıncı” isə qüvvələr balansına ciddi təsir göstərə biləcək strateji vasitədir.