Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

O sənəd regiona sülh gətirməyəcək…-ABŞ və Rusiya bəyanat verdi, Azərbaycan nə gözləyir?

 

44 günlük Vətən müharibəsini bitirən 10 noyabr atəşkəs razılaşmasından bir il ötür. Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın imza atdıqları sənəd həmin tarixdən hərbi əməliyyatların dayandırılmasını, Rusiya sülhməramlılarının bölgəyə gəlməsini və 3 rayonun boşaldılmasını, kommunikasiyaların açılmasını nəzərdə tutur.

Yenixeber.org: Bəyanata görə:  

1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə qalacaqlar.

2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.

3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.

5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.

Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. 

Bu gün sözügedən sənədin imzalanmasının bir illiyi münasibətilə ABŞ və Rusiya rəsmi açıqlamalar yayıblar.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın adından yayılmış bəyanatda bildirilir ki, Birləşmiş Ştatlar saxlanılanların hamısının buraxılmasına, itkin düşənlər haqda tam məlumat verilməsinə, məcburi köçkünlərin evlərinə könüllü qayıtmasına, münaqişə zonasının minalardan hərtərəfli təmizlənməsinə, beynəlxalq humanitar təşkilatların ehtiyacı olanlara çıxışının təmin olunmasına çağırır. “İddia olunan insan haqları və beynəlxalq humanitar hüquq pozuntularını araşdırmağa çağırırıq”, – bəyanatda deyilir.

ABŞ Cənubi Qafqazın təhlükəsiz, sabit, çiçəklənən və dinc gələcəyinə sadiqliyini qeyd edir. Əlavə olunur ki, Dövlət katibinin köməkçisinin müavini Erika Olson hazırda regiondadır, hər üç ölkə ilə ikitərəfli münasibətləri müzakirə edir.

ABŞ Ermənistanla Azərbaycanı Dağlıq Qarabağ münaqişəsilə bağlı bütün vacib məsələlərin hərtərəfli həllinin tapılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi də daxil, qarşılıqlı işi davam etdirməyə və gücləndirməyə çağırır.

Rusiya XİN də atəşkəs bəyanatının bir illiyi münasibətilə bəyanat yayıb. Bəyanatda atəşkəs bəyanatının ümumilikdə yerinə yetirildiyi, Bakı ilə Yerevanın onun maddələrinin gələcəkdə reallaşmasına və onlara şərtsiz əməl olunmasına sadiqliyi qeyd edilir.

Rusiya sülhməramlı kontingentinin regionda sabitliyin yaranması və təhlükəsizliyin təminatına ciddi töhfə verdiyini qeyd edən XİN “azərbaycanlı və ermənistanlı dostlar”ının bunu dəyərləndirdiyini vurğulayır.

“2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbçi və saxlanmış şəxs qaytarılıb. Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qaytarılıb. Azərbaycan tərəfə 3 paket minalanmış ərazilərin xəritəsi verilib”,-deyə bəyanatda deyilir.

Rusiya XİN sülhməramlıların regionda dinc həyatın qurulmasındakı rolundan söz açır. 53 min qaçqının evlərinə qayıtdığı qeyd olunur.

Ermənistan Prezidenti Armen Sarkisyan isə Rusiya mətbuatına müsahibəsində sülhməramlıların Qarabağda həmişəlik qalmalı olduğunu bildirib: “Rusiya ordusu on illərlə, yüz illərlə bu ərazidədir. Onun burada olması son dərəcə vacibdir. Sülhməramlıların burada etdiklərinin həm regional siyasət, həm Qarabağın statusu və bu regionun gələcəyi üçün, sabah müharibə olmaması haqqında ehtimal olunan danışıqlar üçün böyük əhəmiyyəti var”.

Azərbaycandan isə 10 noyabr bəyanatının ildönümü ilə bağlı hər hansı rəsmi bəyanat səsləndirilməyib. 

Razılaşmadan ötən bir ili və perspektivi şərh edən siyasi təhlilçi Rauf Mirqədirov bildirib ki, əslində həmin sənədin bəyanat adlandırılması doğru deyil. “Çünki o, müəyyən bir siyasi mövqeyin ifadəsidir, bəyanatlarda isə heç bir konkret addım, öhdəlik, razılaşma nəzərdə tutulmur”, – deyə təhlilçi əlavə edib. 

Ekspert qeyd edir ki, 10 noyabr razılaşması iki hissədən ibarətdir: həmin vaxt üçün qısa müddətdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və orta, uzun müddətli perspektivdə görüləcək işlər.

“İlk hissədə elə də ciddi problem yoxdur. Atəşkəs başlayır, Rusiya hərbi hissələri münaqişə bölgəsinə yeridilərək təmas xəttinə yerləşdirilir. Azərbaycanın 3 rayonu işğaldan azad edilir, Laçın dəhlizi yenidən açılır, buradakı bütün fəaliyyət sülhməramlıların nəzarəti altına keçir. Hazırda bu hərbi qüvvələr orada tam olaraq yerləşiblər və situasiyaya nəzarət edirlər”,-deyə R. Mirqədirov vurğulayıb. 

Sənədin ikinci hissəsinə gəlincə, təhlilçi qeyd edib ki, bu razılaşmalar daha uzaq perspektivə hesablanıb: “Bütün kommunikasiyaların açılması, münasibətlərin bərpa olunması və sairdən söhbət gedir. Hazırda bu istiqamətdə biz ciddi uğurun əldə olunmasını görmürük. Təəssüf ki, Rusiya sülhməramlıları tərəfindən həmin bəyanatda nəzərdə tutulmayan fəaliyyətlərin həyata keçirildiyini görürük. Ruslar Laçın dəhlizinin təhlükəsizliyini qorumalı, habelə təmas xəttində atəşkəsə nəzarəti həyata keçirməliydilər. Hazırda onlar ərazidə səhiyyədən humanitar fəaliyyətə qədər istənilən işlə məşğuldurlar. Orada Rusiya dövlət orqanlarının yerli strukturlarını yaradırlar. Qarabağda Rusiya Miqrasiya Xidməti və Təhlükəsizlik Xidmətinin yerli orqanları var. Eyni zamanda, əraziyə gətirilən hərbi qulluqçuların və onların malik olduğu hərbi texnikanın kəmiyyət etibarı ilə dəyişdiyini görürük. Bəzi məlumatlara görə, Qarabağda 10 min nəfərə qədər hərbçi yerləşdirilib. Əldə olunan görüntülərdən məlum olur ki, orada kifayət qədər hücum silahları, döyüş aviasiyası var”.

Rauf Mirqədirov deyir ki, sülhməramlıların fəaliyyəti konkret müəyyən olunmadığına görə, onlar istənilən fəaliyyətlə məşğul olurlar, biz isə onun qarşısını ala bilmirik, göz yummağa məcburuq. Ekspertin sözlərinə görə, Laçın dəhlizinin fəaliyyəti reqlamentləşdirilmədiyinə görə, oradan istənilən sayda texnika buraxılır, habelə insan axınına nəzarət yoxdur. 

Perspektivə gəlincə, R. Mirqədirov hesab edir ki, sülhün əldə olunmasında həmin bəyanatın heç bir rolu  və perspektivi yoxdur: “Çünki sazişin məqsədi regionda sülhün bərqərar olunması deyil, Rusiya qoşunlarının yerləşdirilməsi idi. Rusiya bu məqsədinə çatdı, bundan sonrakı məqsədi isə regionda özünün hərbi-siyasi mövcudluğunu daha da genişləndirməkdir. Bununla həm İrəvanı, həm də Bakını öz nəzarəti altına salmaq, onların daxili və xarici siyasətlərinə korrektlər etməyə çalışır. Bu məqsədlərə çatmaq isə regionda sülhüm tam bərqərar edilməsi ilə mümkün deyil. Həmişə müəyyən bir gərginlik olmalı və idarə olunmalıdır. Düşünürəm ki, Rusiyanın əlində bunun üçün kifayət qədər vasitələr var”. 

Siyasi təhlilçi əmindir ki, 10 noyabr bəyanatı sülh gətirməyəcək, amma bu o demək deyil ki, Azərbaycanla Ermənistan arasında sazişlər, hətta sülh sazişi imzalanmayacaq: “Məsələn, kommunikasiyaların açılması razılaşdırıla bilər. Regionda sülhün tam bərqərar edilməsi üçün başqa geosiyasi reallıqlar lazımdır”.(pressklub)

Turqut 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam