Yenixeber.org: 2020-ci ilin iyulun 3-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirilən əməliyyat zamanı həbs olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesləri davam edir. Xatırladaq ki, həmin gün XİN-in İşlər idarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə”, Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev isə “rüşvət alma faktlarına” görə saxlanılıb.
DTX bildirib ki, Fərhad Molla-zadə və Səlim Əlizadənin dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini müntəzəm olaraq mənimsəməsi barədə əsaslı şübhələr müəyyən edilib.
Onlara Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.
Bu hadisədən 1 ay 10 gün sonra – avqustun 13-də Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri, keçmiş Baş prokuror Eldar Həsənov Bakıda saxlanılıb. DTX bildirib ki, XİN-nin yüksək rütbəli məmurlarının cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı nazirliyin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib. Toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.
“Maliyyə yoxlamaları zamanı Eldar Həsənov tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən olunub. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub”-deyə məlumatda qeyd olunub.
Baş Prokurorluğun İstintaq İdarəsi Həsənova qarşı Cinayət Məcəlləsinin 179.3.2, 193-1.3.2, 308.2, 308-1.1 və 313-cü maddələri ilə ittiham irəli sürüb.
179.3.2-ci maddəyə görə, külli miqdarda mənimsəmə və ya israf etmə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
193-1.3.2-cü maddəyə əsasən, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına gətirir.
308.2-ci maddəyə görə, vəzifə səlahiyyətlərindən ağır nəticələrə səbəb olan sui-istifadəyə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
308-1.1-ci maddəyə əsasən, dövlət büdcəsinin xeyli miqdarda vəsaitindən təyinatı üzrə istifadə etməmə 9 min manatdan 13 min manatadək miqdarda cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə nəticələnir.
313-cü maddəyə görə, vəzifə saxtakarlığı 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya 1 ildən 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İttihama görə, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manatı israf etmə və mənimsəməsinə, 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr var.
Qeyd edək ki, XİN-nin keçmiş məmurları ayrı-ayrılıqda mühakimə olunurlar və onlara göstərilən münasibət də kəskin şəkildə fərqlənir. Məsələn, həbs olunduqdan cəmi 2 ay sonra, 2020-ci ilin sentyabr ayında “rüşvət alma” ittihamı ilə həbs olunmuş Nurupaşa Abdullayev ev dustaqlığına buraxılıb.
Həmin ilin dekabr ayının 26-da Səbail Rayon Məhkəməsi Fərhad Mollazadə və Səlim Əlizadənin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatəti təmin edib. Hər iki təqsirləndirilən şəxs ev dustaqlığına buraxılıblar.
Keçmiş məmurların məhkəməsində rüsvayçı faktlar üzə çıxıb. Məlum olub ki, Fərhad Mollazadə və Səlim Əlizadə sadə vətəndaşların adına açılan şirkətlər vasitəsi ilə 2.5 milyon manatdan çox dövlət vəsaitini talayaraq ələ keçiriblər. Məsələn, Bakıda taksi fəaliyyəti, eyni zamanda, su filtrlərinin satışı ilə məşğul olan Nicat Ələkbərov 5 şirkət sahibi imiş, amma bundan özünün də xəbəri olmayıb. “Mən nə Səlim Əlizadə, nə də Fərhad Mollazadə tanıyıram. Bir dəfə DTX-ya çağırdılar, getdim. Onda bildim ki, adıma şirkətlər açılıb. Kimin açdığını da bilmirəm. Şəxsiyyət vəsiqəmi kimsə götürüb, açıb. O şirkətlərin də hesabına pullar köçürülüb. Mənim bunların heç birindən xəbərim yoxdur. Sonra o pullar kimə verilib, necə verilib, bilmirəm…”, – deyə Nicat Ələkbərov məhkəmədə bildirib.
Təqsirləndirilən sabiq məmurlar istintaq zamanı 2 milyon 543 min manatlıq ziyandan 2 milyon 325 min manatını ödəyiblər. Bu vəsaitin 2 milyon 300 minini Mollazadə, 25 min manatını isə Əlizadə ödəyib.
XİN-in 3 yüksək vəzifəli keçmiş məmuruna göstərilən bu “humanist” münasibətin keçmiş səfir Eldar Həsənova tətbiq edilməməsi diqqət çəkir. Onlar təxminən eyni cinayət ittihamları ilə mühakimə edilirlər, amma E. Həsənovun və yaxınlarının davamlı müraciətlərinə baxmayaraq, keçmiş səfirə qarşı münasibət sərtdir. Bundan əlavə, onun səhhətində ciddi problemlərin olması da nəzərə alınmır. Xatırladaq ki, məhkəmədə bir neçə dəfə Eldar Həsənovun səhhəti kəskin pisləşib, o huşunu itirərək yıxılıb, təcli yardımdan sonra təcridxanaya aparılıb. O, istintaq dövründə DTX-nın hospitalında cərrahiyyə əməliyyatı keçirib, qısa fasilələrlə iki dəfə orada müalicə edilib.
Həsənov ittiham olunduğu cinayətlər üzrə özünü təqsirli bilmir, məhkəmə proseslərində çıxışları zamanı maliyyə maxinasiyalarına yol vermədiyini bildirib. Keçmiş səfir barəsindəki həbs qətimkan tədbirinin dəyişməsi, cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb:
“Mən həbs olunana qədər 7 dəfə əməliyyat olunmuşdum. Səhhətimdəki problemlərlə əlaqədar müayinə və müalicə olunmağım üçün özüm 9 dəfə, vəkillərim isə 11 dəfə vəsatət qaldırıb. “Əliheydər Qarayev” hamısını rədd elədi. DTX-nın vicdanlı, ləyaqətli əməkdaşlarının köməyi ilə mən hərəkət edirdim. Məhkəmə-tibb ekspertizası təyin olundu. Məni müayinə eləməyə gələn həkimlərdən soruşdum ki, xəstəliyim, heç olmasa, içdiyim dərmanlar haqda məlumatınız var? Məlum oldu ki, yoxdur. Dedilər ki, xəstəlik tarixçəsi ilə tanış olub, gələcəyik. Getdilər, amma gəlmədilər. Məni müayinə eləmədən rəy verdilər ki, həbsdə saxlanmağım həyatım üçün təhlükəli deyil. İstintaq təcridxanasında tibb otağı olduğu halda, mənimlə görüş otağında görüşmüşdülər. Məni Avropa Məhkəməsinə müraciət etmək məcburiyyətində qoydular”.
Beləliklə, XİN-də keçirilmiş əməliyyat zamanı həbs edilən məmurlara və eyni iş üzrə cinayət məsuliyyətinə cəlb edilən E.Həsənova qarşı münasibətdə ikili standartların səbəbi müəmmalıdır. Burada əsas məsələ keçmiş səfirin ev dustaqlığına buraxılmamasından daha çox, sözgedən 3 yüksək rütbəli məmurun hansı səbəblərdən həbsdən azad edilməsidir. Burada hansı məntiq işləyir?
Ortada ağılagəlməz üsullarla milyonlarla dövlət vəsaitlərinin mənimsənilməsi faktları var və onlar tam sübut olunub, dəyən zərərin bir hissəsi də ödənilib. XİN kimi mühüm dövlət qurumunu korrupsiya yuvasına çevirmiş məmur triosu nəyə görə ev dustaqlığı kimi komfortla təmin edilir, bu hümanizmin səbəbi nədir?
Bu barədə məhkəmə orqanları və istintaqa nəzarət edən Baş Prokuroluq ictimaiyyətə məlumat verməyə borcludur. Bu fakt, eyni zamanda Eldar Həsənova qarşı fərqli münasibət korrupsiyaya qarşı mübarizəni gözdən salır, əslində başqa mətləblərin olması barədə versiyaları gücləndirir.
Eldar Həsənov ölkənin Baş prokuroru olub, 20 ilə yaxın səfir kimi çalışıb. Ona qarşı məhkəmə açıq və şəffaf aparılmalıdır, onun özünün, vəkillərinin qaldırdığı vəsatətər ciddi şəkildə araşdırılmalıdır. Bu, hər şeydən əvvəl dövlət və onun məhkəmə sistemi üçün çox vacibdir.(pressklub)
Turqut