Paşinyan iki Türk lideri ilə anlaşacaq: O, Rusiyanı suçlayıb, Qərbə inteqrasiya planı qurur
Ermənistan üçtərəfli anlaşmaları icra edərək, Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmağa, etirazla qarşılana biləcək bütün addımların günahını isə məhz Rusiyanın üzərinə yükləməyə çalışacaq; Buna nail olarsa, Paşinyan hakimiyyəti Ermənistanı Qərbə yaxınlaşdırmaq şansı qazana bilər...
Yenixeber.org: Ermənistanın davranışlarında ciddi tərəddüdlər müşahidə edilir. Rəsmi İrəvan son vaxtlar Azərbaycan və Türkiyəyə qarşı açıqlamaların müəyyən yumşalmalara üstünlük verir. Və Paşinyan hakimiyyəti həm Azərbaycan, həm də Türkiyə ilə anlaşma mühiti yaratmağa çalışır.
Paşinyan hakimiyyətinin rəsmi Ankara ilə birbaşa təmas imkanları axtardığı artıq heç kimə sirr deyil. Türkiyə ilə diplomatik münasibətlərin mövcud olmamasının regionda sabitliyə mənfi təsir etdiyini vurğulayan Ermənistan baş naziri Nikol Paşinyan artıq bu barədə niyyətini dəfələrlə bəyanlayıb. Və bu təmasların mümkün qədər tez bir zaman intervalında reallığa çevrilməsində maraqlı olduğunu da qətiyyən gizlətməyib.
Onu da qeyd etmək lazımdır ki, Rusiya siyasi dairələri Paşinyan hakimiyyətinin bu niyyətindən o qədər də məmnun deyil. Hətta Rusiya mətbuatında rəsmi İrəvanın Türkiyə ilə birbaşa təmas cəhdlərinin yalnız Ermənistanın ciddi güzəştləri sayəsində baş tuta biləcəyi də iddia olunur. Və bu, müəyyən mənada, Ermənistana Kremlin üstüörtülü xəbərdarlığı kimi dəyərləndirilir.
Əslində, rəsmi Ankara da Ermənistan ilə birbaşa təmaslara qarşı deyil. Üstəlik, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Ermənistanla diplomatik münasibətlərin bərpasına və sərhədlərin açılmasına yönəlik danışıqlara hazır olduğunu bildirib. Ancaq rəsmi Ankara iki ölkə arasında təmasların baş tutması üçün əsasən bir şərt irəli sürür. Və Ermənistana Azərbaycanla mövcud olan problemləri həll etməyi məsləhət görür.
Ona görə də, son vaxtlar Paşinyan hakimiyyətinin Türkiyə münasibətlərin normallaşdırılması niyyətinə Azərbaycanla anlaşmaq cəhdlərini də əlavə etməyə başlayıb. Üstəlik, erməni baş nazir Azərbaycan Prezidenti İlham Əliyevlə də birbaşa təmaslara can atır. Yəni, rəsmi İrəvan bu prosesdə Rusiyanın vasitəlik fəaliyyətində elə də maraqlı görünmür. Hətta Kremlin vasitəçilik missiyasını arxa plana keçirtmək üçün Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesini Minsk Qrupu çərçivəsində reallaşdırmağı təklif edir.
Təbii ki, bu, Kremldə və digər Rusiya siyasi dairələrində ciddi narazılıq doğurur. İndi Rusiyada daha çox “Türkiyə ilə anlaşmaq, münasibətlər qurmaq Ermənistanın nəyinə lazımdır” sualına cavab tapmağa çalışırlar. Rusiya mətbuatı isə bu suala öz cavab variatını təklif edir. Yəni iddia olunur ki, Paşinyan hakimiyyəti Ermənistanı Qərb dünyasına inteqrasiya etdirmək şansı qazanmaq üçün Türkiyə ilə normal münasibətlərin qurulmasına can atır.
Ermənistan cəmiyyətində rəsmi İrəvanın Türkiyə siyasətinə müqavimət göstərən bəzi revanşist dairələr isə əmindirlər ki, Paşinyan hakimiyyəti Türkiyəni Avropaya açıqlan “pəncərə” statusunda görür. Həmin dairələr hesab edirlər ki, Paşinyan hakimiyyətinin Türkiyə və Azərbaycanla müzakirələrə Rusiyanın vasitəçiliyi olmadan başlaması Ermənistanı daha ağır şərtləri qəbul etmək məcburiyyətində qoya bilər.
Eyni zamanda, rəsmi İrəvanın Türkiyə siyasətinin arxasından Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın boylandığı da iddia olunur. Çünki L.Ter-Petrosyan da baş nazir N.Paşinyan kimi, Azərbaycan və Türkiyə ilə olan bütün problemlərin həllini, qarşılıqlı münasibətlərin qurulmasını Ermənistan dövlətçiliyinin gələcəyi üçün taleyüklü məsələ hesab edir. Keçmiş erməni prezidentin əsas arqumenti ondan ibarətdir ki, əgər, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurularsa, Ermənistana qarşı xarici hərbi təhlükə tamamilə aradan qaldırılmış olar.
Digər tərəfdən, Ermənistan mətbuatı məlumatlı mənbələrə istinadən iddia edir ki, baş nazir N.Paşinyan öz siyasi müəllimi L.Ter-Petrosyanın bu arqumentinə müəyyən əlavələr qatmaqla, reallaşdırmaq niyyətindədir. Erməni baş nazir tam əmindir ki, Azərbaycan və Türkiyədən hərbi təhdidlər davam etdiksə, Ermənistanın Rusiyadan asılılığı da qaçılmaz olacaq. Və ona görə də, bu iki qonşu dövlətlə münasibətləri normallaşdırıb, Ermənistanın Rusiya asılılığından xilas olmasına, Qərbə inteqrasiyasına çalışmaq lazımdır.
Ermənistanda baş verən son hadisələr də onu göstərir ki, rəsmi İrəvan xaotik davranışlarla da olsa, bu niyyətini reallaşdırmağa çalışır. Ermənistanın öz dövlət statusunu itirmək üzrə olduğu barədə açıq etiraflarla cəmiyyətə mesajlar ötürülür. Üstəlik, bu mesajlarda Ermənistanın bütün problemlərinin əsas səbəbkarı kimi məhz Rusiya göstərilir. Və Ermənistanın Kremlin nəzarətindən çıxıb, Qərbə inteqrasiya olunmayacağı təqdirdə, bu dövlətin xəritədən silinəcəyi iddia edilir.
Əslində, bu arqumentləri müəyyən mənada, məntiqli yanaşma da hesab etmək olar. Sadəcə, Kremlə yaxın siyasi dairələr Paşinyan hakimiyyətinin bu ikibaşlı davranışlarını Ermənistanın Rusiyaya xəyanəti kimi dəyərləndirirlər. Əsas qənaət ondan ibarətdir ki, rəsmi İrəvan Ermənistanı Rusiyadan qoparıb, Azərbaycan və Türkiyə üzərindən Qərbə “qaçırtmaq” istəyir.
Ona görə də, son günlər Ermənistanda baş verən hadisələrin Rusiya siyasi dairələri tərəfindən xüsusi həssaslıqla izləndiyi qətiyyən şübhə doğurmur. Paytaxt İrəvanda Rusiya və Putin əleyhinə sərt ittihamların, hətta təhqirlərin səsləndirildiyi yürüşün Kremldə narahatlıq doğurduğu da bildirilir. Üstəlik, Ermənistanın revanşist müxailifətə yaxın mərbuat orqanları Rusiyanın və prezident V.Putinin əleyhinə yürüşün məhz Paşinyan hakimiyyəti tərəfindən təşkil olunduğu iddia edirlər. Və əsas məqsədin Ermənistan cəmiyyətini Rusiyadan uzaqlaşma siyasətinə hazırlamaq olduğu vurğulanır.
Əgər, bu, doğrudursa, onda Paşinyan hakimiyyətinin olduqca qəliz siyasi oyuna başladığını düşünmək olar. Çünki belə anlaşılır ki, rəsmi İrəvan üçtərəfli anlaşmaları icra etməyə çalışacaq. Hər halda, erməni baş nazir Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün başqa çıxış yolu olmadığını artıq bilir.
Ancaq üçtərəfli anlaşmalar icra olunarkən, Ermənistan cəmiyyətində etirazla qarşılana biləcək bütün addımların günahı məhz Rusiyanın üzərinə yüklənəcək. Nəticədə Paşinyan hakimiyyəti üçtərəfli anlaşmaların icrası ilə yanaşı, həm də cəmiyyətin qəzəbini özündən uzaqlaşdırıb, Rusiyanın üzərində cəmləşdirməyə nail olacaq. Eyni zamanda, bütün bunlar Azərbaycan və Türkiyə ilə əsas problemlərin həllinə imkanlar açacağından, Paşinyan hakimiyyəti Ermənistanı Qərbə yaxınlaşdırmaq şansı da qazanacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert