Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qarabağda növbəti gərginliyin pərdəarxası –TƏHLİL

                Rusiya  tərəfləri hər dəfə "sıfırdan" başlamağa vadar edəcək... 

Yenixeber.org: Mediada və siyasi kuluarlarda Azərbaycanla Ermənistan arasında böyük sülh sazişindən, Minsk Qrupunun yenidən prosesə qoşulmasından, Türkiyə-Ermənistan sərhədlərinin açılmasından danışıldığı günlərdə Qarabağda vəziyyət qəflətən pisləşdi. Ötən həftə erməni tərəfi iddia etdi ki, guya snayper atəşi nəticəsində Qarabağda yaşayan erməni həlak olub. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı rədd etsə də, Rusiya Müdafiə Nazirliyi erməni versiyasını təsdiq etdi. 

Üç gün əvvəl Qarabağdakı erməni silahlılar Suqovuşandan Kəlbəcər istiqamətində hərəkət edən hərbi nəqliyyat vasitələrini atəşə tutublar. Sragagün isə snayper atəşi ilə bir hərbçimiz qətlə yetirildi. Bu hadisədən az keçməmiş separatçıların postlarından birində itki qeydə alındı. Erməni mediası Azərbaycan tərəfinin açdığı atəşlə 6 nəfərin yaralandığını, onlardan iksinin durumunun ağır olduğunu yazıb. Müdafiə Nazirliyi hadisənin Azərbaycan Ordusuna heç bir aidiyyətinin olmadğını bəyan edib. Dünən Ermənistan Müdafiə Nazirliyi də analoji açılama yayaraq, Azərbaycan hərbçisinin öldürülməsində əli olmadığını iddia edib. 

Gərgin atmosferin nisbətən yumşaldığı, kompromis meyillərinin hiss olunduğu vaxtda bu gərginlik kimə lazım idi? Əlbəttə, sual ritorikdir:  kimə sərf edirsə, ona!… 

Xatırladaq ki, oktyabrın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işğüzar səfərdə olub. Bu səfər əvvəldən planlaşdırılmamışdı və Kreml rəhbərinin dəvəti ilə reallaşıb. 

Görüşün media üçün açıq hissəsində Putin Paşinyana bildirib: “Mən istərdim ki, biz saatlarımızı həm qarşıda gözlənilən MDB sammitinə (Bu gün reallaşdı – red.), həm də, əlbəttə, regionda bugün üçün və uzun perspektiv üçün tənzimləmə də daxil, əsas əməkdaşlıq məqsədlərimizə uyğun quraq”. Bir qədər sadələşdirsək, Kreml sahibi Paşinyana deyib ki, Ermənistanın regionda bütün fəaliyyəti Rusiya ilə razılaşdırılmalıdır, İrəvan bundan kənar təşəbbüslərə, cəhdlərə baş vurmamalıdır. Regionda cərəyan edən hadisələrə, xüsusən Ermənistan hakimiyyətinin addımlarına, siyasilərin ritorikasına diqqət etsək, Putinin bir qədər hədə tonunda səsləndirdiyi xəbərdarlığın səbəbini anlamaq olar. Rusiyanı qəzəbləndirən bir neçə məqam var:

– Azərbaycanın Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsinə nəzarəti bərpa etməsindən sonra Ermənistanın İranla birgə fəaliyyəti Moskvanın xoşuna gəlmir. Məlumdur ki, Tehran və İrəvan alternativ marşrutun çəkilməsinə çalışırlar, bu məqsədlə xarici işlər naziri Ararat Mirzoyan İranda səfərdə olub. Rusiya isətmir ki, İranın Ermənistan üzərində əlavə təsir imkanları yaransın, eyni zamanda regionda Rusiyadan asılı olmadan sərbəst fəaliyyət göstərsin.

– Rusiya və Azərbaycan Zəngəzur dəhlizinin açılmasını istəyir, amma İran və Ermənistan buna qarşıdır. Çünki bu zaman Rusiyanın Türkiyəyə, Azərbaycanın isə Naxçıvana, Türkiyəyə birbaşa yolu açılır. Hər iki ölkənin İrandan asılılığı aradan qalxır. 10 noyabr bəyanatına görə bu kommunikasiya açılmalıdır və ona Rusiya xüsusi xidmət orqanları nəzarət etməlidir. 

– Ermənistan rəhbərliyi çalışır ki, Türkiyə ilə sərhədləri açsın, Paşinyan bu məsələdə Gürcüstanın Baş naziri Qaribaşvilinin vasitəçi olmasını rica edib. Ərdoğanın bu barədə açıqlamasından sonra Rusiya XİN dərhal bəyanat verdi ki, sərhədlərin açılmasında vasitəçilik edə bilər. Yəni Ermənistan Moskvadan kənar vasitəçi axtarmasın, lazım olarsa, bu məsələ ilə özü məşğul ola bilər. 

– Nəhayət, ABŞ və Fransanın səyləri ilə Minsk Qrupunun fəaliyyətini bərpa etməsi və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində bəzi cəhdlər Kremli narahat edir. Həmsədrlərin prosesə yenidən qoşulması İrəvanın maraqlarına tam uyğundur, Paşinyan iqtidarı bununla bağlı Paris və Vaşinqtonla ciddi iş aparıb. Rusiya buna etiraz etmir, amma Paşinyanın bu çərçivədə “özfəaliyyətindən” narahatdır. Pitin Moskvada ona “saatlarımızı birgə quraq” mesajı bu narazılıqdan irəli gəlir. Paşinyana xəbərdarlıq edilir ki, Qərb vasitəçilərinə çox da böyük ümidlər bəsləməsin, bütün məsələlər, mövqelər əvvəlcə Kremllə razılaşdırılmalıdır.  

Ermənistanın Azərbaycana Naxçıvanla hava əlaqəsini bərpa etməsi, qarşılıqlı optimist mesajlar verilməsi də Moskvada xoş qaşılanmır. Məlumdur ki, bu günlərdə Fransanın İrəvandakı səfiri həmsədrlərin böyük sülh razılaşması üzərində işlədiyini bəyan edib. Amma bu barədə Rusiya XİN-dən hər hansı açıqlama verilməyib.  

Yəqin ki, sadalanan bu məsələlərin hamısı Moskvada Paşinyan qarşısında qaldırılıb. Baş nazir İrəvana qayıtdıqdan sonra Putinlə görüşü səmərəli və məhsuldar adlandırsa da əlavə şərh verməyib. Səfərdən bir gün sonra Qarabağda vəziyyətin gərginləşməsi, Azərbaycan hərbi karvanının atəşə tutulması, hərbçimizin snayperlə öldürülməsi heç də təsadüfi görünmür. Ehtimal etmək olar ki, Paşinyanın qaldırılan məsələlərlə bağlı mövqeyi Putini qane etməyib. 

Azərbaycan XİN hadisə ilə bağlı yaydığı bəyanatda İrəvanı təxribatda ittiham edib. “Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat İrəvanın 10 noyabr üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi bir vaxtda erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir”,-deyə sənəddə deyilir. 

Qeyd edək ki, oktyabrın 14-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Minskdə rusiyalı həmkarları ilə ayrı-ayrılıqda da görüşüblər.  Lavrov erməni həmkarı Mirzoyana “Moskvada geniş danışdıq, bu gün isə həm ikitərəfli, həm də regiona aid əlavə məsələlərə baxa bilərik. Qarabağa daim diqqət ayırmalıyıq”, deyib.

Ceyhun Bayramovla görüşündə isə Lavrov “həlli vacib məsələlərdən” danışıb. Bu məsələlər haqda detallı informasiya verilmir.

Rusiya XİN-in məlumatına görə, üçtərəfli görüşdə nazirlər ötən il noyabrın 10-da imzalanmış, Qarabağ müharibəsinin dayanmasıyla sonuclanmış razılaşmanın icrasını nəzərdən keçiriblər. “Onlar razılaşmanın əsas maddələrinin uğurla həyata keçirilməsi qənaətinə gəliblər. Qalan məsələlər üzərində işi gücləndirməyə razılaşıblar”, – məlumatda deyilir.

Şübhəsiz ki, bu bəyanatın yerinə yetirilməmiş maddələrinin icrası Moskvanın istəyindən asılıdr. Onlardan Zəngəzur yolunun açılması Kreml üçün daha aktualdır, ehtimal etmək olar ki, bu məsələ Putin-Paşinyan görüşündə müzakirə olunub. Bu gün MDB dövlət başçılarının sammitində Paşinyanın “Zəngəzura quru və dəmir yolunu bərpa etməyə hazırıq” bəyanatını bu müzakirələrin nəticəsi hesab etmək olar. 

Yekun olaraq onu qeyd edək ki, Rusiya Qarabağ mövzsunun qapanmasını, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəmir. Hər iki ölkədən belə cəhdlər gördükdə ağrılı reaksiya verir. Bu gün Qarabağda bir hakim qüvvə var, o da Rusiyadır, onun nəzarətindən, maraqlarından kənar hadisələrin baş verməsi inandrıcı deyil. Moskva münqaişəni yarım qaynar şəkildə saxlamaq üçün zaman-zaman əlindəki rıçaqlardan istifadə edəcək və hər dəfə tərəfləri “sıfır vəziyyəti”ndən başlamağa məcbur edəcək.(pressklub)

Turqut 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam