“Qafqazda fırtına”nın Moskvada çıxan sədası
Yenixeber.org: Qarabağda 44 günlük müharibə ilə bağlı Moskvada Ruslan Puxovun redaktəsi altında “Qafqazda fırtına” (Буря на Кавказе) adlı kitab Rusiyanın Strategiya və Texnologiya Təhlilləri Mərkəzində nəşr olunub. Kitaba Rusiya Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, Rusiya Federasiyası müdafiə nazirinin keçmiş müavini, ordu generalı Yuri Balyevski ön söz yazıb. Kitab əksəriyyəti rus və ermənilərdən ibarət olan “beynəlxalq” müəllif heyəti tərəfindən hazırlansa da, nədənsə onun yazılışına azərbaycanlı alim və ya hərbi mütəxəssislərdən kimsə dəvət edilməyib. Məqalələr toplusunun ayrı-ayrı fəsillərin hazırlanmasında London Beynəlxalq Starateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Douglas Barrie, Abu-Dabidəki Nyu York Universitetinin sosiologiya professoru Afrikanist Georgi Derluqyan, Yerevandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan, Böyük Britaniya Janes Tədqiqat Mərkəzinin baş təhlilçisi Mark Kazalet, “İzvesiya” qəzetinin müxbiri Anton Lavrov, Moskva Strateji və Texnoloji Təhlil Mərkəzinin direktor müavini Konstantin Makienko, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov, Armenia Research & Development İnstitutunun direktoru Leonid Bersisyan, həmin institutun hərbi təhlilçisi Leonid Nersisyan, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Strateji və Texnoloji Təhlil Mərkəzinin direktoru Ruslan Puxov, Moskva Karneqi Mərkəzinin direktoru Dmitri Trenin, rus-türk münasibətləri üzrə müstəqil ekspert Kerim Xaç, Moskva Strateji və Texnoloji Təhlil Mərkəzinin direktor müavini Maksim Şepovalenko iştirak ediblər.
Ordu generalı Yuri Balyevski məqalələr toplusuna yazdığı ön sözdə qeyd edir ki, hər bir hərbçini düşündürən başlıca məsələ “hücumda, döyüşdə və müharibədə necə qələbə çalmaqdır”.(s. 6) General Balyevski bunu nəzəri baxımdan “hərb elmi”nin və “hərb sənəti”nin incəliklərindən istifadə bacarığı ilə izah etsə də, fikrimizcə, 44 günlük müharibədə Azərbaycan ordusu bunun praktiki olaraq tarixi örnəyini verdi.
Kitabın birinci bölməsi “Yerli əhəmiyyətli dünya müharibəsi” adlanır. Bu fəsli professor Derluqyan yazıb və özünəməxsus formada tarixi bölgü aparıb. O, hadisə və proseslərə Qarabağa o qədər də dəxli olmayan “Modernizmin iki böyük dövrü, 1500-1945, 1945-2000-ci illər”in tarixi prizmasından baxmağa cəhd göstərir və əlbəttə ki, həmin tarixi çərçivədə Qarabağı da “unutmur”. Burada o, antik dövrdən başlayaraq erməni tarixçilərin uydurduğu “miflər”i yenidən təkrar edir və bütün vasitələrlə Qafqazın tarixini ermənilərin maraqlarına uyğunlaşdırmağa “kreativ” cəhdlər göstərir. Derluqyan etiraf edir ki, “Rusiyanın müharibənin son mərhələsində - 2020-ci ilin noyabrında sərt müdaxiləsi Azərbaycan – Türkiyə alyansının tam qələbəsinə imkan vermədi” (s.8). Maraqlıdır, müəllif Rusiyanın qəfil müdaxiləsinin “yeni müharibə yeni ərazilər deməkdir” iddiasında olan Ermənistanın tam darmadağın olmasına imkan vermədi ifadəsinə deyil, məhz “Azərbaycan – Türkiyə alyansının tam qələbəsinə imkan vermədi” ifadəsinə üstünlük verir. Burada yalnız Türkiyəni deyil, ABŞ-ın ən yaxın müttəfiqləri olan İsrail və Pakistanı da günahlanırır. Hətta Derluqyan bir az da qabağa gedərək XX əsrdə formalaşmış Türkiyəni Rusiya mühacirlərinin - xüsusilə Krım və Volqaboyu tatarlarının qurduğunu iddia edir, bu genetik yaddaşın “gənc türklərin törətdiyi 1915-ci il soyqırımından” (s.9) daha aktual olduğunu dolayı yolla ruslara xatırladır. 1500-cü ildən başlayaraq modern dövlət qrupçuluğunun uzun bir tarixinə səyahət edib, 1945-ci ildən sonra bu modernizmin yeni dövrünə keçidi əsaslandırmaqda, demə, bir məqsəd varmış. Müəllifin fikrincə, bütün bu tarixi prosesin məntiqi yekunu kimi etnik konfliktlər ABŞ-da irqi həyəcanlarda, SSRİ də isə Qarabağdan başlayaraq milli respublikalarda separatizmin ayaqlanmasında özünü göstərmişdi. (s.9) Görünür, Derluqyanın keçmiş SSRİ-dəki etnik millətçilik və separatizm meylləri barədə məlumatları o qədər də geniş deyil.
Derluqyan 1988-ci ildə Dağlıq Qarabağda genişlənən separatizmi “Qorbaçovun əleyhdarı” kimi təqdim etdiyi Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılması ilə izah edir. Onun fikrincə, məhz bundan sonra erməni ziyalılar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsindən ibarət olan köhnə işə start verdilər. Lakin o, Əliyevin “antiqorbaçovçuluğunun” nədən ibarət olduğunu izah etmir (s.14-15).
Tiflis və Bakı kimi Güney Qafqaz mərkəzlərində erməni əhalinin artmasının səbəblərini də Derluqyan özünəməxsus formada izah edir. Sən demə, bu, əyalətlərdən aztorpaqlı ermənilərin həmin mərkəzi şəhərlərə miqrasiyası ilə bağlı imiş (s.17). Bu səbəbdən də o, hələ 1915-ci ilə qədər qonşu İran və Türkiyədən çoxsaylı erməni əhalinin və əli silahlı erməni birliklərinin Cənubi Qafqaza axışmasının üzərindən sükutla keçir. Hələ 1900-cü il iyun ayının 14-də çar II Nikolayın əmri əsasında yaradılmış qapalı müşavirədə geniş hesabatla çıxış edən Qafqazın baş komandanı knyaz Qolitsin qeyd edirdi ki, biz ruslar XIX əsrin əvvəllərində Qafqazı fəth edəndə burada toplam 45 min erməni var idi, indi isə onların sayı milyon yarımdan çoxdur (Документы заседания Особого совещания, созданного по приказу Его Высочества.14.06.1900//Российский государственный военно-исторический архив , ф.2000, оп.1, д.6593, л.14). Hətta Birinci Dünya Müharibəsinin sonunda – 1918-ci ilin iyulun 17-də (avqustun 3-də) erməni kotalikosu V Gevorq Almaniya imperatoru II Vilhelmə yazırdı ki, Osmanlı dövlətindən “yeni yaradılmış erməni dövlətinin ərazisinə yarım milyona qədər adam gəlmişdi. Bundan əlavə, Gürcüstan, Azərbaycan, eləcə də Şimali Qafqazda 300 min əhali (erməni) yaşayır. Qida imkanından məhrum olan bu adamlar açıq səma altında dolaşır, görünməmiş istiyə dözür, saysız-hesabsız qurbanlar verirlər (Brief von Katholikos Gevorg V. an Kaiser Wilhelm II. 17. Juli (3. August) 1918.// Politisches Archiv des Auswärtigen Amts, Berlin, R 10025/ K699/ KI83245/K183233). Katolikos onları çörək və digər qida məhsulları ilə təmin etməyi Alman imperatorundan xahiş edirdi.
Doğrudur müəllif qeyd edir ki, Azərbaycan millətçiliyinin ilkin dövrü Qərbə yönəlik olub mütərəqqi məzmuna malik idi və nümunə kimi 1905-ci ildə (?) nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının cəsarətlə islam adətləri və ruhaniləri tənqid etməsini, “indiyə qədər islam aləmində öz aktuallığını saxlayan “Arşın mal alan” operettasının 1912-ci ildə səhnəyə qoyulmasını gətirir (s.18). Əlbəttə, “Molla Nəsrəddin” jurnalı 1905-ci ildə yox, 1906-cı ilin aprelində nəşr edilib, “Arşın mal alan” operettası isə 1913-cü ilin oktyabr ayında səhnəyə qoyulub. Hərçənd ki, bunlar elə mühüm deyil, texniki səhvlər də sayıla bilər. Amma əlbəttə ki, 1921-ci ildə guya Stalinin Dağlıq Qarabağı Ermənistandan alıb Azərbaycana verməsini bir dolayı yolla “əsaslandırmaq” texniki məsələ deyil. Derluqyan yazır ki, 1921-ci ildə Kislovodskda müalicə olunan Stalini Orconikidze ilə Kirov dilə tutub Tbilisiyə - Zaqafqaziya Bürosunun mühüm (Qarabağ məsələsinin müzakirə olunduğu) toplantısına gətirmişdilər (s.19). Əvvəla, Stalin həmin vaxt Derluqyanın yazdığı kimi Kislovodskidə deyil, Nalçikdə istirahət edirdi. İkincisi, Stalini “dilə tutub” gətirən Orconikidze və Kirov hər ikisi qeyd edilən iclasda Qarabağın Dağlıq hissəsinin Ermənistana ötürülməsinə səs vermişdilər. Üçüncüsü, 1921-ci ilin iyulunda Stalinin Tiflisə qəfil gəlişi Dağlıq Qarabağ məsələsi ilə bağlı deyildi, bir qədər müstəqillik nümayiş etdirən Gütcüstan İnqilab Komitəsinin sədri vəzifəsindən kənarlaşdırıb Moskvaya daha sıx bağlı olan Budu Mdivanini onun yerinə gətirməklə bağlı idi (Bax: Протокол заседания Пленума ЦК КП КП (б) Грузии. 07.07.1921// Российский государственный архив социально-политической истории, ф.64, оп.1, д.1, л.133). Eynilə müəllifin 1945-ci il hadisələri ilə bağlı, xüsusilə erməni repatriasiyası ilə bağlı Ermənistandakı azərbaycanlıların Naxçıvana köçürülməsi fikri də həqiqətə uyğun deyil (s.20). Məqalənin son hissəsi müəllifin Qarabağ müharibəsi haqqında dolaşıq fikirlərindən və regionun taleyində sonrakı proseslərin Moskava, Bakı və Ankarada hakimiyyət dəyişikliyindən asılı olması barədə mücərrəd mülahizələrdən ibarətdir.
Topluda növbəti məqalə Sergey Markedonovundur. “Payız müharibəsi”nin region üçün birmənalı qəbul olunmayan nəticələri” adlı bölmədə ötən əsrin 90-cı illərində Dağlıq Qarabağ hüdudlarına daxil olmayan Azərbaycan rayonlarının işğalı faktı bir az dolaşıq formada olsa da etiraf edilir. Onun fikrincə, 2020-ci il 10 noyabr birgə bəyanatı (Rusiya, Azərbaycan, Ermənistan) hərbi əməliyyatları dayandırsa da, tərəflər arasında konfliktin yekun həllinə gətirib çıxarmadı, lakin onun həllini əsaslı şəkildə yaxınlaşdırdı. Regionda köhnə status-kvonu radikal şəkildə dağıtsa da, əvvəlki problemləri yeniləri ilə əvəz etdi (s.25-26). Markedonova görə, Ankaranın 2020-ci ilin sentyabr – noyabr hadisələrinə görünməmiş hərbi-siyasi müdaxiləsi onun Zaqafqaziyadakı proseslərdə əhəmiyyətini kəskin şəkildə yüksəltdi. Moskvanın regionda geosiyasi liderliyinə qəti bir meydan oxundu. Müəllif Dağlıq Qarabağdakı separatist prosesi Rusiya Federasiyasındakı Çeçen hərəkatı ilə müqayisə edir, onların fərqli və oxşar daxili və xarici faktorlarını göstərir. Onun fikrincə, Moskvanın regiona öz sülhməramlılarını göndərməsi “Serb Krayinası” ssenarisinin təkrarlanmasının qarşısını aldı (s.28). Müəllif həm də vurğulayır ki, 2020-ci ilin noyabrından sonrakı status-kvo Dağlıq Qarabağın statusu məsələsinin artıq Yerevandan deyil, prosesin “xarici oyunçular”dan asılı olduğunu ortaya qoydu. Onun fikrincə, regiondakı son hadisələrin nəticələri kimi Türkiyənin Xəzər hövzəsində mövcudluğu Ankaranın Mərkəzi Asiyaya ekspansiyası üçün yeni imkanlar açır və türk Bayraktarların son hərbi əməliyyatlardakı uğurları digər postsovet ölkələri (məsələn Ukrayna) üçün cazibədar görünür (s.33). Markedonovun digər maraqlı bir mülahizəsi Qərbin Qafqazla vidalaşmaq istəməməsi və regionu tərk etmək fikrində olmaması ilə bağlıdır (s.35-38).
Ruslan Puxovun yazdığı üçüncü bölmənin adı daha maraqlıdır: “Rusiya İkinci Qarabağ Müharibəsində uduzan tərəfdirmi?” Məqalənin girişində Puxov qeyd edir ki, “hərbi mübarizənin nəticəsi kimi Ermənistan hakimiyyəti Rusiya Federasiyasının təminatı altında Azərbaycanın qarşısında faktiki olaraq təslim olmağa məcbur oldu” (s.39). Müəllif belə bir ritorik sual qoyur: İkinci Qarabağ Müharibəsinin geopolitik nəticələrinin yalnız Ermənistan üçün deyil, Rusiya üçün də fəalakətli olması fikri ilə razılaşmaq olarmı? Bu sualın cavabı kimi Puxov Rusiyanın böyük dövlətçilik hegemonluğu haqqında imperatiriça II Yekaterinadan belə bir misal gətirir: “Bizim icazəmiz olmadan Avropada bir top belə atəş aça bilməz”. Puxovun ifadəsincə, İkinci Qarabağ Müharibəsində toplar atəş açdı, həm də tamamilə Rusiyanın razılığı olmadan (s.40). O əlavə edir ki, bu hadisə Kollektiv Müqavilə Təşkilatında Moskvanın qüdrətinə inamı şübhə altına aldı. Eyni zamanda müəllif belə bir qənaətə gəlir ki, Azərbaycanın bu müharibəyə Türkiyə ilə ittifaqda getməsi və Türkiyə pilotsuz uçuş aparatlarının (PUA) Azərbaycan ərazisində hərbi əməliyyatlarda fəal iştirakı SSRİ-nin çöküşündən sonra postsovet hüdudlarına birbaşa nadir hərbi müdaxilə cəhdi idi. Hətta Puxov ehtiyat edir ki, Moskvanın Zaqafqaziyada təsirinin azalması keçmiş SSRİ-nin antirus qüvvələrini canlandıra bilər və Qərbin postsovet (keçmiş SSRİ/MDB) hüdudlarına fəal müdaxiləsi üçün dönüş məqamına çevrilə bilər (s.41). Eyni zamanda o, qeyd edir ki, keçmiş Dağlıq Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsi Dnestryanı, Abxaziya və Cənubi Osetiya, Donbasda olduğu kimi faktiki olaraq Rusiyanın protektoratlığına keçib. Puxovun fikrincə, son müharibə Rusiyanın Ermənistanda mənəvi-siyasi təsirini zəiflətdi və bu da gec və ya tez öz siyasi ifadəsini büruzə verəcək. Yəni, onun təbirincə, Rusiyanın Zaqafqaziyada ciddi hərbi qüvvə kimi bundan sonra ermənilərə güvənməsi inandırıcı görünmür (s.42-44). Puxova görə, Zaqafqaziyadakı son hadisələrin hərbi aspektləri Rusiya üçün uğursuz başlanğıcdır. Erməni ordusu yüksək hərbi keyfiyyəti haqqında miflər və ermənilərin döyüşkənliyi haqqında əfsanələr dağılmış, “hərbi münasibətlər baxımından Ermənistandan ikinci İsrail düzəltmək mümkün olmamışdı” (s.44). Puxov öz təhlillərində belə nəticəyə gəlir ki, Rusiyanın hərbi siyasi maraqlarına ciddi zərbə vurmuş 2020-ci ilin payızındakı hərbi əməliyyatlardan Moskvanın çıxarmalı olduğu ən mühüm dərs “düşmən”in postsovet hüdudlarına buraxılması olub (s.47).
Kitabda yer alan Anton Lavrovun yazısı “İkinci Qarabağın qırx dörd günü” adlanır. Məqalədə daha çox məsələnin hərbi döyüş aspektləri təhlil edilir. Onun fikrincə, 44 günlük müharibənin taleyini İsrail Haropları və Türkiyə Bayraktarları həll etdi. Lavrova görə, Azərbaycan ordusunun ilk dəfə içərisində pilotlar müşahidə edilməyən AN-2 döyüş təyyarələrindən istifadə etməsi bu döyüşlərin əsl sürprizi olub (s.49). Lavrov yazır ki, bütün hərbi əməliyyatlar müddətində Ermənistan Silahlı Qüvvələri özünün arsenalında olan ballistik raketlər və uzaqvuran toplarla Dağlıq Qarabağ hərbi qüvvələrinə dəstək verib. Lakin onlar bunu Ermənistan ərazisində deyil, Xaçınçay vadisi boyunca Əliağalı kəndi ərazisindən həyata keçiriblər. (s.53). Yəni, yazıda belə təəssürat yaradılır ki, Azərbaycan ordusuna qarşı döyüşən yalnız Qarabağ özünümüdafiə qüvvələri olub, Ermənistan Silahlı Qüvvələri, sadəcə, onlara kömək edib. Şübhəsiz ki, bu yanaşma kökündən səhvdər. Bütün müharibə boyu Azərbaycan ordusu bütün cəbhələrdə Ermənistan ordusuna qarşı döyüşüb və 27 il boyunca Azərbaycan torpaqlarını da işğalda saxlayan Dağlıq Qarabağ özünümüdafiə qüvvələri deyil, Rusiyanın himayə etdiyi Ermənistan ordusu olub. Lavrov qeyd edir ki, Azərbaycan xüsusi təyinatlılarının Cəhənnəm dərəsindən keçərək Şuşanı tutması Xankəndinin (Stepanakertin) müdafiəsini mümkünsüz etmişdi. O etiraf edir ki, Azərbaycan ordusu Şuşanı tutanda Xankəndində nə hərbi sursat qalmışdı, nə də adam, əlavə olaraq 25 min erməni ordusu da mühasirə təhlükəsinə düşmüşdü. (s.58-59). Lavrov rəsmi məlumatlara istinad edərək döyüşlər zamanı Ermənistanın 3965 nəfər əsgər və zabit itirdiyini bildirir, lakin əlavə edir ki, döyüşlər zamanı xarici diaspor “könüllüləri”nin itkiləri bu saya daxil deyil. Onun fikrincə, xarici diaspor dəstələrinin “müstəqil” döyüşçülərinin də itkiləri rəsmi rəqəmlərə daxil edilsə Ermənistanın itkilərinin sayı arta bilər (s.61).
Armenia Research & Development İnstitutunun hərbi təhlilçisi Leonid Nersisyanın məqaləsi obrazlı formada “Yerdəki sonuclar havadan müəyyən edilirdi” adlanır. Bu yazı bir növ özündən əvvəlki Anton Lavrovun təhlillərinin davamı kimi görünür. Onun fikrincə, 2020-ci il müharibəsinin ən mühüm dərslərindən biri düşmənin havada əli bağlanıbsa ən hazırlıqlı quru qoşunlarının belə müdafiə prosesində uğura ümid bağlamasıdır (s.63). O bunu İkinci Qarabağ Müharibəsində PUA-ların rolu ilə izah edir. Nersisyan belə hesab edir ki, ermənilərin Azərbaycan tərəfini ciddiyə almaması və öz hərbi texnikasını hava hücumundan etibarlı şəkildə yayındıra bilməməsi onlara baha başa gəldi və müharibənin birinci həftəsində Azərbaycan “Dağlıq Qarabağ Respublikası”nın hava hücumundan müdafiə sisteminin 60 faizini, artilleriyanın 40 faizini sıradan çıxara bildi (s.70). Lakin əlavə etmək istərdik ki, bu 60 faizi sıradan çıxarılan hava hücumundan müdafiə sistemi və 40 faizi məhv edilən artilleriya Dağlıq Qarabağ separatçı rejiminə deyil, Ermənistan Respublikasına məxsus idi. Nəhayət, müəllif yekun olaraq ermənilərin məğlubiyyətinin əsas səbəbini onların yekəxanalığında və özündən razılığında görür və köhnə bir aforizmi nümunə gətirir ki, “Sən müharibə ilə maraqlanmaya bilərsən, amma müharibə hökmən səninlə maraqlanır” (s.73).
Kitabda yer alan Britaniya tədqiqatçısı Douglas Barrie-nin məqaləsi “İkinci Qarabağ müharibəsində hava və hava” adlanır və bəzi maraqlı məqamları ilə diqqəti cəlb edir. O haqlı olaraq İkinci Qarabağ Müharibəsində Azərbaycanın qısamüddətli qələbəsini PUA-ları ilə bağlamağı doğru hesab etmir (s.74). Onun fikrincə, bu müharibədə Azərbaycanın qələbəsi təkcə onun PUA-lardan uğurlu istifadə etməsi ilə bağlı deyil, ermənilərin bu hücumdan müdafiə sisteminə hazır olmamaları ilə bağlı idi. Eyni zamanda Barrie Azərbaycanın üstünlüyünü Azərbaycan ordusunun hərbi qulluqçularının PUA-nı bu ölkəyə verən İsrail və Türkiyə hərbi mütəxəssisləri tərəfindən yaxşı təlim görməsi ilə izah edir. 2020-ci ilin iyul hərbi təlimlərindən sonra Türkiyə F-16-ların bir hissəsinin Azərbaycanda qalması, sputnik çəkilişləri zamanı Bakı və Gəncə hava limanlarında onların müəyyən edilməsi onun fikrincə, təsirli məqamlardan biri idi. Müəllif öz yazısında PUA-lar daxil olmaqla, tərəflər arasında döyüş texnikasının müqayisəli təhlilini aparır və Azərbaycanın daha üstün vəziyyətdə olduğunu vurğulayır. Məsələn, qeyd edir ki, müharibədən əvvəl və hərbi əməliyyatlar dövründə Türkiyənin Azərbaycana hərbi yardımı müzakirə mövzusu deyil, yalnız həmin yardımın həcmi bəlli deyil (s.81).
Moskva Strateji və Texnoloji Təhlil Mərkəzinin direktor müavini Maksim Şepovalenko onun öz dili ilə desək “Əsrin bir rübü revanşa doğru” gedən yolu təhlil etməyə çalışıb. Şepovalenkoya görə, 1998-ci ilin fevralından Dağlıq Qarabağ ətrafında Ermənistan – Azərbaycan münaqişəsinin dinc yolla həll imkanları qapanmışdı, müharibə isə zaman məsələsi idi. Azərbaycan rəhbərliyi hərbi əməliyyat başlayana qədər tələsmədən məqsədyönlü şəkildə 3 mühüm məsələni həll etmişdi: hərbi quruculuq, onun xarici siyasət və iqtisadi təminatı (s.84). Hərbi quruculuqla bağlı müəllif 2018-2020 ci illər arasında Azərbaycan Silahlı Qüvvələrinin qoşun növləri üzrə sayı, silah – sursat təchizatı, hərbi texnikası və texniki yenilənməsi, hərbi büdcənin artım dinamikası və hərbi təlimlərlə (iyun 2016, aprel, iyun, noyabr 2017, mart və iyul 2018, mart, may və sentyabr 2019, mart və may 2020-ci illər) bağlı maraqlı rəqəmlər verir. Onun tərtib etdiyi cədvəldən aydın olur ki, həmin illərdə Azəərbaycanın ən çox silah və hərbi texnika idxal etdiyi ölkələrdən biri Belarus olub. (s.85-87). Şepovalenko qeyd edir ki, hərbi əməliyyatlara başlamaq üçün Bakı doğru məqam seçmişdi. Onun fikrincə, 2018-ci ilin yazında Nikol Paşinyanın hakimiyyətə gəlməsi Ermənistan cəmiyyətində parçalanma yaratmış və Yeravanın Moskva ilə münasibətlərində gərginlik yaratmışdı.
Kitabda növbəti məqalənin müəllifi rus-türk münasibətləri üzrə müstəqil ekspert Kerim Xaç İkinci Qarabağ Müharibəsinin Türkiyənin xarici siyasət strategiyasında necə ifadə olunmasını təhlil edir. 44 günlük müharibədə və ondan əvvəlki dövrdə Azərbaycan – Türkiyə və Türkiyə - Rusiya münasibətlərindəki dəyişikliklər müəllif tərəfindən izlənilmiş və postsovet məkanında Türkiyə xarici siyasətinin fəallaşma istiqamətləri göstərilmişdi. 2020-ci ildə Dağlıq Qarabağ hadisələrinə Ankaranın yaxından cəlb edilməsini Kerim Xaç Türkiyənin xarici siyasət strategiyasında baş verən dəyişikliklərlə izah edir (s.95). O qeyd edir ki, Azərbaycan və Türkiyə Rusiya - Ermənistan münasibətlərinin perspektivi baxımından Nikol Paşinyanın Moskvanın maraqlarına uyğun gəlməyən lider olduğunu gördülər. Bu, Qərb institutları ilə əməkdaşlığın genişləndirilməsinə meyllənməkdə, Rusiya televiziyalarının verilişlərinin məhdudlaşdırılmasında, Rusiyaya münasibətdə ümumi ab-havanın dəyişməsi və digar məsələlərdə özünü ifadə edirdi. Müəllifin fikrincə, Bakı və Ankara bu prosesi tutdu və bunu Qarabağda hərəkətə keçmək məqamı kimi qiymətləndirdi. Müəllif Yaxın Şərqdə Rusiya – Türkiyə münasibətlərinə, Ankaranın S–400 raketlərini alması məsələsinə toxunur, uzlaşan və uzlaşmayan maraqları təhlil edir və Qəbələ RLS-in bağlanmasından 8 il sonra Rusiyanın məhdud (2 min nəfər) sayda olsa da yenidən Azərbaycana qayıtmasını hadisələrin sonucu kimi təqdim edir. Kerim Xaçın bir fikri kitabdakı digər təhlilçilərin fikirləri ilə ziddiyyət təşkil edir: ona görə 44 günlük müharibənin nəticələri Ermənistan və Azərbaycanı Moskvadan daha da asılı vəziyyətə saldı (s. 97-98). Şübhəsiz ki, müəllifin bu fikri ilə razılaşmaq olar. Lakin Kerim Xaçın belə bir fikri ilə razılaşmaq olmaz ki, guya Türkiyənin müdafiə etdiyi Suriya və Liviya cihadçılarının Qarabağ münaqişə zonasına gətrilməsi ilə bağlı məlumatlar səbəbsiz deyildi və Ankara bu qüvvələrdən müxtəlif əməliyyatlarda istifadə edir. Hətta müxtəlif yoxlanmamış məlumatlara əsasən o, guya 2020-ci ilin oktyabr ayının birinci həftəsində Türkiyənin 1300 suriyalı, 150 liviyalı muzdlunu İkinci Qarabağ Müharibəsi cəbhəsinə atmasını təkzibedilməz fakt kimi təqdim edir. Lakin bunu təsdiq edən bircə sənəd, fakt, nümunə belə ortaya qoya bilmir (s.104). Həmin dövrdə Rusiya da daxil bir sıra böyük dövlətlərin xüsusi xidmət orqanları Qarabağda “döyüşən” Suriya muzdluları ilə bağlı açıq və gizlə araşdırmalar aparmasına baxmayaraq, heç bir təsdiqləyici fakt ortaya çıxara bilmədilər. Ermənistan təbliğat orqanları onların nə ölüsünü, nə də dirisini heç yerdə nümayiş etdirə bilmədi. Xüsusilə bu saxtakarlığın ifşasından bir il keçdikdən sonra Kerim Xaçın öz təhlillərində yenidən ona istinad etməsi, sadəcə, təəccüb doğurur.
Kitabın son bölmələrindən biri “Qarabağ müharibəsinin mental coğrafiyası” adlanır və bu bölməni Yerevandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan hazırlayıb. Onun fikrincə, İkinci Qarabağ Müharibəsinin nəticələri erməni cəmiyyətini şoka salıb, 18-20 yaş arası minlərlə gənc həlak olub, on minlərlə adam evsiz- eşiksiz qalıb, tanınmamış Dağlıq Qarabağ Respublikasının nəzarət etdiyi ərazilər dörd dəfə azalıb, bütün bunları erməni cəmiyyəti faciə (katastrofa) kimi qəbul edir və burada qeyri-adi bir şey yoxdur, dünyanın hər hansı ölkəsi ağır məğlubiyyətdən sonra özünü məhz belə hiss edir. O əlavə edir ki, bu müharibədə məğlubiyyət Ermənistanda və Qarabağın özündə yalnız hərbi məğlubiyyət kimi qəbul edilmir, yeni erməni dövlətçiliyinin əsaslarının, ideologiyasının məhvi kimi qəbul edilir, belə ki, Qarabağ məsələsi yalnız Dağlıq Qarabağ Respublikasının deyil, Ermənistan Respublikası quruculuğunun məhək daşı idi. (s.106). İskandaryan daha dərinə gedərək qeyd edir ki, İkinci Qarabağ Müharibəsindəki məğlubiyyət məğlubiyyətdən də ağır bir şeyə çevrildi, bu, Ermənistan Respublikasının əsaslarının çöküşü, az əvvəl əldə edilmiş siyasi identikliyin fundamentinə ağır zərbə kimi qəbul edilir. Ermənistanda (ola bilsin ki, daha böyük anlamda geniş erməni diasporunda) bu məğlubiyyət erməni tarixinin növbəti məhvinin dönüş məqamı, tarixi məğlubiyyəti kimi duyulur. Sonra müəllif bu müharibənin və məğlubiyyətin erməni cəmiyyəti üçün gözlənilməz olmadığı ilə bağlı bir neçə ritorik sual qoyur və əsaslandırmağa çalışır ki, erməni ekspertlər, siyasətçilər və geniş publikanın “gözlənilməz” kimi təqdim etdiyi nəticələr əslində gözlənilən idi (s.107). Müəllif erməni cəmiyyətində bu məğlubiyyətin səbəbini axtaranları 3 qrupa bölür: birinci qrupa konspiroloji nəzəriyyə əsasında ölkə içərisində və xaricində olan satqınlıq, məğlubiyyət tərəfdarı olan qrupların mövcudluğu, Dağlıq Qarabağ Respublikasının bir subyekt kimi yox olmasının gizli tərəfdarları aid edilir; ikinci qrupa əsasən müxalifətin tərəfdarı olanların siyasi ittihamları aiddir. Onlar yeni hakimiyyətin təcrübəsizliyi və xüsusilə hərbi işlərdə yetərli idarəçilik imkanlarına malik olmaması, hakimiyyət isə məğlubiyyətin günahını əvvəlki rejimlərin səhvləri ilə izah edir; üçüncü qrup isə məsələləri daha çox iqtisadi və hərbi texniki amillərlə, Türkiyənin müdaxiləsi və sairlə izah etməyə çalışır. Lakin İskandaryanın fikrincə, bütün bunlar məğlubiyyətin səbəblərinin tam mənzərəsini ortaya qoymur və həmin səbəblər daha dərindir (s.109). 1991-1994-cü illərdəki müharibədə İskandaryan ermənilərin qələbəsini şərtləndirən bütün amilləri sadalayır, erməni cəmiyyətinin (Ermənistan və Dağlıq Qarabağda) kifayət qədər mobil və təşkilatlanmış olması, patriotizmin güclü olması, hərbi peşəkarlığın və hərbi vətənpərvərliyin yüksəlməsi, qarabağlıların qəhrəman mübarizəsi və sair (s.111-112). Lakin İskandaryan daha vacib olan bir məqamın üzərindən sükutla keçir: bu da Rusiyanın açıq və gizli formada Ermənistan tərəfindən hərbi əməliyyatlarda iştirakı, ermənilərin “qələbəsi”nə hərbi, siyasi, iqtisadi və diplomatik yollarla dəstək verməsi idi. 1991-1994-cü illərdəki qələbəni ermənilərin qədim döyüşkən ruhu, sərkərdəlik bacarığı və sairlə izah edən ermənilər İskandaryan da daxil olmaqla, 2020-ci ilin ağır məğlubiyyətinə qədər anlamadılar ki, bu qələbə Rusiyanın idi, onların deyildi. Rusiya əlini onların arxasından çəkən kimi qələbənin deyil, məğlubiyyətin səbəblərini axtarmağa başladılar.
Kitabın nəticə hissəsində xəbərdarlıq edilir ki, əgər yaxın perspektivdə ermənilərin revanşı üçün imkanlar olmayacaqsa, Azərbaycan bütün Dağlıq Qarabağ ərazisi üzərində tam və qəti nəzarətə nail olacaq (s.114). Müəllif heyəti xəbərdarlıq edir ki, rus sülhməramlılarının beşillik mandatı, yəni faktiki olaraq Rusiya protektoratı kimi bu ərazilərə nəzarət müvəqqəti statusla hələ ki Qarabağ ermənilərin əlində qalırsa, həmin mandatın uzadılmasının, xüsusilə avtomatik baş verməyəcəyini nəzərə almaq lazımdır. Bakı öz müttəfiqi olan Ankara ilə birlikdə regionun bütövlükdə Azərbaycanın nəzarətinə keçməsinin xeyrinə artıq Moskvaya təzyiq etməyə cəhdlər göstərirlər (s.115). Əslində İkinci Qarabağ Müharibəsinin başlanmasının birinci ildönümü münasibətilə Moskvada nəşr olunmuş bu kitabın əsas hədəfi və azərbaycanlı müəlliflərin bu layihədən kənar saxlanmasının mənası və mahiyyəti də bundan, Ermənistanı yeni revanşa hazırlamaqdan ibarətdir.
Cəmil Həsənli