Beriyaya görə güllələnən general –Qoqlidze məhkəmədə cinayət əməllərini bu cür etiraf edib
20-ci əsrin ortalarında sovet xüsusi xidmət orqanlarının tanınmış simalarından biri olan Sergey Qoqlidze dövrün ən mükəmməl və peşəkar əməliyyatçılarından biri sayılıb. Ona həvalə olunan məxfi, yaxud da qeyri-məxfi əməliyyatlar həmişə dəqiqliklə icra olunub. İosif Stalin son dərəcə məxfi sayılan əməliyyatların bir çoxunun həyata keçirilməsini məhz Sergey Qoqlidzeyə həvalə edib.
Yenixeber.org: Maraqlı məqamlardan biri isə odur ki, general polkovnik Qoqlidzenin həbs olunması üçün keçirilən əməliyyat da özünün keçirdiyi əməliyyatlar kimi yüksək peşəkarlıqla icra olunub.
Sergey Qoqlidze 1901-ci ildə Kutaisidə anadan olub. Natamam orta təhsil aldıqdan sonra 1918-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Orta Asiyada və Orenburqda keçib.
Qoqlidze ordudan tərxis olunduqdan sonra dövlət təhlükəsizlik orqanlarında xidmətə qəbul olunub. Eyni zamanda Frunze adına Hərbi Akademiyada kurslar keçib. Orta Asiyanın ayrı-ayrı bölgələrində “ÇK”-da xidmət edən Qoqlidze 1923-cü ildən xidmətini Qafqazda sərhəd qoşunlarında davam etdirib. Elə bu ərəfədə də Lavrenti Beriya ilə tanış olub.
1934-cü ildə Sergey Qoqlidze Zaqafqaziya daxili işlər komissarlığına komissar (nazir) təyin olunub. O, eyni zamanda Gürcüstan “NKVD”-sinə də başçılıq edib.
Qoqlidze Beriyanın ən yaxın silahdaşlarından biri sayılıb. Qafqazda onu Beriyanın vuran əli kimi tanıyıblar. Sözsüz ki, bu cür yaxınlıq Qoqlidzenin gələcək vəzifə karyerasında da mühüm rol oynayıb.
1941-ci ildə Qoqlidze “NKVD”-nin Uzaq Şərq idarəsinə rəis vəzifəsinə təyinat alıb. Daha sonra Özbəkistanda “NKVD”-yə rəhbərlik edən general SSRİ dövlət təhlükəsizliyi nazirinin birinci müavini vəzifəsinə gətirilib.
Sergey Qoqlidze öz vəzifə funksiyalarını yerinə yetirməklə yanaşı, həm də Beriyanın məxfi tapşırıqlarını yerinə yetirib. Bu tapşırıqların bir qismi isə Stalin tərəfindən sifariş edilib.
“Böyük təmizlik” illərində Qoqlidze “fəallığı” ilə fərqlənib. SSRİ-nin ən əyilməz antisovet təbəqəsini Qoqlidze çox asanlıqla “sındıra” bilib. Sorğu-suallarda şəxsən iştirak edən generalın özünəməxsus işgəncə metodları olub. Onların tətbiqindən sonra “antisovet” fəaliyyətdə ittiham olunanlar “könüllü” olaraq lazımi sənədlərə imza atıblar. Beləliklə, Qoqlidze “vətən xainlərini” üzə çıxarmaqda ən yüksək göstəricilərə nail olub.
1950-ci illərin əvvəllərində Sergey Qoqlidzenin adı bir çox qalmaqallı hadisələrdə hallanıb. Xüsusilə Lavrenti Beriyanın şəxsi düşmənlərinin aradan götürülməsində Qoqlidze fəal iştirak edib. Beriya himayədarlıq etdiyi generalın nəyə, hansı gücə qadir olduğunu yaxşı bilib. O cümlədən Qoqlidze də Beriyaya arxayın olaraq istər siyasi, istərsə də hərbi elita arasında söz demək hüququna malik olub. Qoqlidze eyni zamanda vəzifəcə özündən böyük olan məmurlar üçün əsl təhlükə mənbəyinə çevrilib. Bu “təhlükə” haqqında Stalinə bir neçə dəfə müraciət olunsa da, o, hələ ki, generala qarşı lazımi tədbirlərin həyata keçirilməsini məqsədəuyğun saymayıb. Çünki Qoqlidze elə Stalinin də bəzi “qaranlıq” tapşırıqlarını layiqincə yerinə yetirib.
Qoqlidze həm də zəngin həyat tərzi sürməyi ilə yadda qalıb. Dəbdəbəli iqamətgahlarda yaşayan generalın evləri kənardan həmişə diqqəti cəlb edib. O, bir neçə dəfə təmtəraqlı həyat tərzinə görə yuxarılardan xəbərdarlıq alsa da, öz məişətində heç bir dəyişiklik etməyib.
Stalinin hakimiyyətində törətdiyi əməllərə görə cəzalardan yayına bilsə də, Xruşşov hakimiyyəti dövründə Qoqlidze özünü qoruya bilməyib. Beriyanın həbsindən sonra ilk hədəfə düşənlərdən biri də Qoqlidze olub. “Beriyanın bandası”nın siyahısı hazırlananda ilk sıralarda Sergey Qoqlidzenin adı da əks olunub.
Beriyanın həbs olunduğu gün Qoqlidze Almaniyada (ADR) xidməti ezamiyyətdə olub. Elə həmin gün SSRİ-nin Almaniyadakı səfiri Vladimir Semyonov Moskvadan xüsusi tapşırıq alıb.
Səfir sonralar öz xatirələrində həmin günü belə xatırlayıb:
“Həmin gün mən Moskvadan məxfi telefonoqrama almışdım. Mətndə Qoqlidzenin və Kobulovun həbs edilməsi ilə bağlı göstəriş yazılmışdı. Mən Qoqlidzeni yaxşı tanıyırdım, onun nə qədər təhlükəli, həm də hiyləgər bir şəxs olduğunu yaxşı bilirdim. Generalın həbs edilməsi əməliyyatına Baş Qərargahın rəisi, marşal Vasili Sokolovski başçılıq edirdi. Mən Qoqlidzeyə zəng vurdum, xidməti işimizlə bağlı vacib bir məsələnin müzakirəsində iştirak etməyini xahiş etdim. Çox keçməmiş Qoqlidze səfirliyə gəldi, kabinetə keçəndə arxasınca əli silahlı iki hərbçi də kabinetimə girdi. Marşal Sokolovski istirahət otağından çıxıb onun qarşısında dayandı:
-Müvafiq orderlə siz həbs olunursunuz.
Onun qollarını qandallayıb səfirliyin ehtiyat girişindən həyətə çıxartdılar. Həmin anda Qoqlidzenin hədəqədən çıxan gözlərini seyr etmək olduqca dəhşətli idi. Sonradan bizə məlum oldu ki, Beriyanın həbsini eşidən Qoqlidze Almaniyadan başqa bir ölkəyə keçməyi planlaşdırırmış...”
Beləliklə, Sergey Qoqlidze Moskvaya gətirilib. 23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin hökmü ilə 52 yaşlı general polkovnik əmlakı müsadirə olunmaqla ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Hökm həmin gün icra olunub. Onu da qeyd edək ki, general Qoqlidze məhkəmə prosesində bütün cinayət əməllərini etiraf edib.
İlham Cəmiloğlu