Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Əfqanıstana keçən ilk general – Tuxarinov sovet qoşunlarının bu ölkəyə yeridilməsinin əleyhinə olub

 

 


1979-cu ilin sentyabr ayında Ulan-Udedə 29-cu ordunun komandiri vəzifəsində xidmət edən general-leytenant Yuri Tuxarinov SSRİ müdafiə nazirinin əmri ilə yeni təyinat alanda, o, bu əmri növbəti yerdəyişmə kimi qəbul edib. General onu qarşıda hansı çətin bir vəzifə gözlədiyini ağlına belə gətirməyib...

Yenixeber.org: Əmrə əsasən Yuri Tuxarinov Türkmənistan Hərbi Dairəsi komandanının birinci müavini vəzifəsinə təyin edilib. Əmr ona təqdim edildikdən sonra generalla müdafiə naziri Dmitri Ustinovun qısa telefon danışığı da olub. Nazir Tuxarinova üç gün ərzində xidməti yerində olmağı göstəriş verib.

Yeni xidməti yerində Yuri Tuxarinov komandanın birinci müavini kimi vəzifəsinin icrasına başlayıb. Plana uyğun keçirilən təlimlərə nəzarət edib, mütəmadi olaraq şəxsi heyətin dislokasiya olunduğu hərbi hissələrdə olub və artıq bir-iki ay ərzində hərbi dairədə ciddiliyi və peşəkarlığı ilə fərqlənib.

12 dekabr 1979-cu ildə Yuri Tuxarinova SSRİ müdafiə nazirinin növbəti bir əmrini təqdim ediblər. Amma bu dəfə əmr “məxfi” möhürlə ona verilib. General Türkmənistan Hərbi Dairəsinin bazasında yaradılan 40-cı ordunun komandiri vəzifəsinə təyin edilib.

Bu təyinatdan sonra Tuxarinova məxfi təlimat da verilib. Əfqanıstana yeridiləcək sovet hərbi kontingenti məhz 40-cı ordudan ibarət olub.

Sayılı günlər ərzində general Tuxarinov ordunu formalaşdırıb, marşrut xətlərini müəyyənləşdirib və digər təşkilati işləri yekunlaşdırıb. Moskvadan gələn növbəti əmrlə 1979-cu ilin dekabrın 24-də Tuxarinovun komandiri olduğu 40-cı ordu Əfqanıstana istiqamət alıb.

Əfqanıstanda sovet hərbi kontingentinin dislokasiya olunması, ilk hərbi əməliyyatların keçirilməsi, şəxsi heyətin psixoloji və döyüş hazırlığının lazımi səviyyədə olması, hərbi texnikaların təyinatına uyğun ərazilərdə yerləşdirilməsi və istifadəsi məhz general-leytenant Yuri Tuxarinovun adı ilə bağlıdır.

40-cı ordu 3 motoatıcı və 1 hava-desant diviziyasından, desant-hücum, zenit-raket və iki xüsusi təyinatlı briqadadan, 4 alaydan, aviasiya korpusundan ibarət olub. General Əfqanıstanda olduğu ilk günlərdən ordunun döyüş hazırlığını yüksək səviyyədə saxlamağı bacarıb. Elə bu xidmətinin sayəsində də 1980-ci ildə ona general-polkovnik rütbəsi verilib. Tuxarinov sonralar yazdığı memuarlarında həmin çətin günləri belə xatırlayıb:

“Əlbəttə, dağ şəraitində, yaxud da səhrada istər hərbi əməliyyatlar, istərsə də təlimlər ikiqat çətin olurdu. Digər tərəfdən gözlənilməz hücumları dəf etmək, ərazini nəzarət altında saxlamaq da bir o qədər asan deyildi. Bütün bu çətinliklərə baxmayaraq, şəxsi heyət maksimum qarşıya qoyulan tapşırığı yerinə yetirməyə çalışırdı. Əslində, mən qoşunların Əfqanıstana yeridilməsinin tərəfdarı deyildim. Amma bunu məndən heç soruşan da yox idi. Qərarları siyasətçilər qəbul edirdi, biz hərbçilər isə yalnız onları icra edirdik. Ən narahatedici məsələlərdən biri əmrlərin şifahi gəlməsi idi. Bu o demək idi ki, biz gələcəkdə kimlərəsə Əfqanıstandakı xidmətimiz dövründə özfəaliyyətlə məşğul olduğumuzu söyləməyə zəmin yaradırdıq. Mən dəfələrlə bu məsələni qaldırdım. Bildirdim ki, hərbi əməliyyatların keçirilməsi üçün xüsusi əmr olmalıdır. Sonralar məxfilik təmin edilərək bu məsələ qaydasına düşdü. Əfqanıstandakı xidmət haqqında rahatlıqla danışmaq mümkün deyil. Həmin günləri xatırlamaq belə dəhşətlidir. Amma nə etməli, bu müharibə bizim qismətimizə düşmüşdü və biz Kremlin əmrlərini icra etməyə məhkum idik...”

Yuri Tuxarinov 1980-ci ilin sentyabr ayında 40-cı ordunun komandiri vəzifəsindən azad edilib və əvvəlki işinə, Türkmənistan Hərbi Dairəsi komandanının birinci müavini vəzifəsinə qayıdıb. Bununla yanaşı o, hərbi dairədə Əfqanıstandakı sovet hərbi kontingentinin döyüş əməliyyatlarını bütün sahələr üzrə təmin edən əməliyyat qərargahına rəhbərlik edib.

Qeyd edək ki, Yuri Tuxarinov 1927-ci ildə Kirovda anadan olub. 1930-cu illərdə onun atası “xalq düşməni” kimi sürgünə göndərilib və yalnız 1942-ci ildə bəraət alıb. Yeniyetməlik illərindən zavodlarda fəhlə işləyən Yuri Tuxarinov sonrakı həyatını hərb sahəsinə bağlayıb. O, əvvəlcə Saratov Hərbi Məktəbində, daha sonra isə Frunze adına Hərbi Akademiyada təhsil alıb.

Zabit kimi Almaniyada, Ukrayna Hərbi Dairəsində, Çitada və nəhayət Türkmənistan Hərbi Dairəsində xidmət edən Tuxarinov SSRİ-nin hərb tarixinə Əfqanıstana ilk ayaq basan general kimi düşüb.

1990-cı ildə səhhəti ilə bağlı istefaya çıxan Yuri Tuxarinov ömrünün son illərini memuarlar yazmağa sərf edib. Onun müəllifi olduğu “Məxfi ordu komandiri” adlı kitabı SSRİ-nin süqutundan sonra Əfqanıstan hadisələri ilə bağlı uzun illər gizli saxlanılan faktlarla zəngin olub və böyük oxucu auditoriyası qazanıb.

General-polkovnik Yuri Tuxarinov uzun sürən xəstəlikdən sonra 1998-ci ildə, 71 yaşında vəfat edib. O, doğulduğu Kirov şəhərində, Makarevski qəbiristanlığında dəfn olunub.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam