Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şeyx iqtidar mediasının hədəfində    

Allahşükür Paşazadənin sözləri Azərbaycanın xarici siyasətindəki həssaslıqları bir qədər zədələsə də, onun ciddi siyasi mövzularda özbaşına bəyanatlar verməsi inandırıcı deyil  

Yenixeber.org: Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, şeyxülislam Hacı Allahşükür Paşazadənin İranın dini lideri Ayətullah Xameneyinin Azərbaycan torpaqlarının işğaldan azad olunmasına verdiyi töhfə barədə dedikləri qalmaqala səbəb olub. Şeyxin ünvanına səslənən tənqidlər, hətta bəzən təhqirlər təkcə sosial şəbəkələrlə məhdudlaşsaydı, mövzuya bəlkə də əhəmiyyət verməmək olardı. Amma maraqlısı budur ki, hakimiyyətə yaxın bəzi media qurumlarında da o, kəskin tənqid hədəfinə çevrilib. Türkiyədə yayımlanan, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) bağlı “Haber Global”ın bu barədə hazırladığı süjet isə qalmaqalın Azərbaycan sərhədlərindən kənara çıxaraq Türkiyə informasiya məkanında da özünə yer tapdığını göstərir. 

Azərbaycan iqtidarına, xüsusən SOCAR-a yaxın medianın şeyxülislama qarşı sistemli, eyni tezislərə əsaslanan sərt, hətta təhqiramiz yazılarından aydın görünür ki, bu məsələdə müəyyən niyyətlər var. Məsələn, “Report” informasiya agentliyinin “Ya Şeyx, getmək vaxtıdır!” sərlövhəli məqaləsində deyilir: 

“…Allahşükür Paşazadə ifadələrində guya Azərbaycandakı müsəlmanlar adından danışır, “ömür boyu həm sunnilərin, həm də şiələrin rəhbəri olmuşam” deyir. Lakin müsəlman cameəsinin etimadını doğrultmur, hətta əksinə gedir. Bəlkə də özünün dediyi kimi, “vicdanın nə olduğunu bilməməsi” ilə əladədardır. Ya Şeyx, ya otur nəzirini yığ, Türkiyəyə, ordumuza, milli maraqlarımıza dəymə, ya da QMİ sədrliyindən get! Qoy, orda Azərbaycan dövlətini və xalqını sevən bir şəxs otursun!”

Əlbəttə, QMİ sədri İranın Azərbaycan torpaqlarının azad olunmasında Türkiyə qədər rol oynadığına işarə etməklə, bu iki dövlətin rolunu bərabərləşdirməklə siyasi xətaya yol verib. Hər halda, Azərbaycan prezidentinin məhz bu cür düşündüyünü söyləməyə əsas yoxdur. Amma Paşazadə ümumi dövlət siyasəti kontekstindən çox da kənara çıxmayıb. O, çox təcrübəli adamdır və heç vaxt özbaşına, dövlət siyasətinə zidd siyasi bəyanatlar verməz. Görünür, seçilən bəzi ifadələr, vurğular düzgün olmayıb. Tirajlanan materiallarda QMİ rəhbərinin fikirləri kontekstdən çıxarılır və onun yalnız Xameneyi barədə sözləri qabardılır. Ona görə də, şeyxin fikirlərini tam şəkildə nəzərdən keçirməyə ehtiyac var.

A. Paşazadə Qurban Bayramı münasibətilə Təzəpir məscidində qılınan bayram namazından sonra dindarlar qarşısında çıxışında bildirib:

“…Təzəpirdəki bayram namazında İran İslam Respublikası səfirinin və nümayəndələrinin burada olması bizi çox sevindirir, onlara təşəkkür edirik. Onlar bu bayramı bizimlə paylaşırlar və bərabər ibadət edirlər… Biz torpaqlarımızın azad edilməsinə sərkərdəlik etmiş, müdriklik göstərmiş müzəffər Ali Baş Komandanımız İlham Əliyevi, onu silahdaşı Mehriban xanımı, onlarla bərabər bütün Azərbaycan xalqını, müsəlmanları təbrik edirik… Qələbə əlbəttə, xalqındır, onun uşaqlarınındır, onlar öz canlarından keçib bu qələbəni əldə ediblər… Allah Təla mənə qismət elədi ki, öz millətimin, dövlətimin qələbəsini görüm… Biz həm Türkiyədəki, həm İrandakı qardaşlarımıza minnətdarlıq edirik. Onların bizim bu qələbəyə çatmağımız üçün böyük zəhməti var. Həm Türkiyənin, həm də İranın. Mən bunları bilirəm, hamısını açmaq istəmirəm. Bu gün bəzi adamlar bilmirlər, danışırlar. Əgər bizim qonşularımız bizə kömək etməsəydilər, bəlkə də qələbəmiz ola bilməzdi. Ona görə biz həm Türkiyə dövlətinin rəhbərliyinə, şəxsən Ərdoğan cənablarına, həm də Ayətullah Xameneyi həzrətlərinə təşəkkür edirəm. Mən müsəlmanlar, dindarlar adından təşəkkürümü bildirirəm ki, onun fətvası qəlbənin carçısı idi. O demişdi ki, Qarabağ islam torpağıdır, dünyasını dəyişənlər isə şəhiddir. Bu, demək olar ki, bizim qəlbəmizi sübut elədi, gətirdi o qələbəyə çıxardı…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşavirlərindən biri Mücahit Küçükyılmazın bu çıxışa ironik reaksiya verməsi qalmaqalın miqyasını böyütdü və onun xarakterini dəyişdi. Küçükyılmaz öz tvitində yazıb: “Demək ki, Xamenei Ermənistana silah göndərəndə Azərbaycana da fətva göndərirmiş. Amma Xameneinin fətvası Xameneinin silahına qalib gəlib”. 

Amma o, sonradan ifadələrini bir qədər redaktə edərək gərginliyi yumşaltmağa çalışıb: “Ədalət naminə vurğulayım ki, şeyxülislam Allahşükür Paşazadə bizim prezidentə Qarabağda qələbəyə görə təşəkkür edib. Bizlər, fərdlər gəldi-gedərik. Əbədi olan Türkiyə-Azərbaycan dostluğudur”.

A.Paşazadə ona və ümumiyyətlə, barəsində səsləndirilən iddialara yerli saytların birinə müsahibəsində cavab verib: 

“Mən təəssüf edirəm ki, çıxışımı yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim ediblər. Mən hər şeydən əvvəl din xadimi kimi danışmalıyam. Din xadimi olmayan istənilən müsəlman belə bu cür ifadələrdən istifadə edir. Ordumuzun, Ali Baş Komandanımızın uğurlarını necə deməmək olar? Məni ittiham edənlər o çıxışıma tam baxsınlar”.

Şeyx Ərdoğanın müşavirinin dediklərinə isə sərt reaksiya verib: 

“O adamın dindən xəbəri yoxdur. Bu adam öz çıxışı ilə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinə kölgə salır. Deyir ki, İran Ermənistana raket göndərir. Mən raketdən danışmamışam, Allahdan danışmışam, duadan danışdım. Onun cümləsində belə bir fikir var idi ki, İran Ermənistana silah göndərir. Axı, sənin sübutun varmı? Prezident deyir ki, yox. Azərbaycan prezidentinin, onun köməkçisi  Hikmət Hacıyevin çıxışında deyilib ki, belə bir şey olmayıb. Nə Gürcüstandan, nə də İrandan Ermənistana silah yardımı olmayıb”.

A.Paşazadə adınının “İranın adamı” kimi hallandırılmasına da toxunub və əslində Azərbaycanın İranla bağlı rəsmi siyasətinə də aydınlıq gətirib: 

“Mən heç vaxt, heç kimin qucağında olmamışam. Məni ittiham edənlər çalışır ki, ölkədə sünni-şiə qarşıdurması yaratsın. Bu, başqa maraqlardan doğur. Hər şeyin fərqindəyik. Mən din adamıyam, nə İranın, nə də Türkiyənin adamı deyiləm. Azərbaycanın vətəndaşıyam. İran da bizim qonşumuzdur, Türkiyə də eyni qaydada qonşumuzdur. Türkiyə həm də qardaşımız, həmişə bizim yanımızda olan dövlətdir. İran da bizə dost dövlətdir, bunu deyən mən deyiləm, bunu deyən dövlətimin başçısıdır. Orada 30 milyona yaxın bizim soydaşlarımız var, biz onlarla əlaqə saxlamalıyıq və onlarla münasibətimiz olmalıdır. İranın lap belə səhvi olsa belə, onunla düşmənçilik etməməliyik. Elə adamlar var, maraqlıdırlar ki, İranı Ermənistana tərəf itələyək. Bizim siyasətimizdə İranı özümüzə yaxın eləmək var. Onu yaxın etmək də o demək deyil ki, Azərbaycanı onların qucağına veririk. Siyasi baxımdan biz dost olmalıyıq, münasibətdə olmalıyıq”. 

Əlbəttə, A.Paşazadənin rəhbərliyi ilə İranın dini liderinin Azərbaycandakı nümayəndəsi Seyid Ocaqnejatın Şuşaya gedib, Gövhərağa məscidində namaz qılması, minbərə çıxıb xütbə oxuması və şeyxin Təzəpirdə səsləndirdiyi fikirlər heç bir halda təsadüf deyil. Burada dövlət siyasəti ilə səsləşmə var və Hacı Allahşükür çıxışlarında bir neçə dəfə ona işarə edib ki, “mən prezidentdən və Hikmət Hacıyevin dediklərindən fərqli bir şey deməmişəm”.

QMİ sədri Azərbaycan hakimiyyətinin İran da daxil olmaqla, islam aləmi ilə bağlı siyasətində mühüm rol oynayır. Onun xarici təsir altında olması, dövlətə qarşı fəaliyyət göstərməsi kimi fikirlər inandırıcı deyil. Belə bir məsələ olsa, onu çoxdan kənarlaşdırardılar. Məlumdur ki, bu tip qurumlar təhlükəsizlik xidmətlərinin ciddi nəzarəti altında olur. Yəni şeyxülislamın Azərbaycan dövləti və hakimiyyətinin maraqlarına qarşı fəaliyyət göstərməsi mümkün deyil. Bu bir reallıqdır ki, Azərbaycan rəhbərliyi özünün xarici siyasətində, regional əhəmiyyətli qərarlarında İran amilini də müəyyən qədər nəzərə alır, ən azından çalışır ki, bu dövləti özünə qarşı çevirməsin. Məsələn, Azərbaycan indiyə qədər strateji tərəfdaşlarından biri olan İsraildə səfirlik açmayıb, bunun həm də İranın bu məsələdə neqativ mövqeyi ilə bağlı olduğu sirr deyil. İşğaldan azad edilən bölgələrin yenidən qurulmasına İran şirkətləri də cəlb edilib.  

QMİ-nin statusu nədir?

Qafqaz Müsəlmanları İdarəsi 1959-cu ildə qeydiyyata alınmış Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin bazasında yaradılıb, onun öhdəliklərinin daşıyıcısı və hüquqi varisidir. Qurumun nizamnaməsində yazılıb ki, idarə Azərbaycanda, Gürcüstanda, Ermənistanda, Rusiyanın Şimali Qafqaz hissəsində yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi islam dini mərkəzidir. Azərbaycandakı islam dini icmaları təşkilati məsələlərdə idarəyə tabedirlər və ona hesabat verirlər. İdarə qeydiyyata alındığı tarixdən qeyri-kommersiya hüquqi şəxsdir. Ali orqan 5 ildən bir keçirilən qurultay və aralıq dövrdə Qazilər Şurasıdır. Sədr, Qazilər Şurası, nəzarət-təftiş orqanları qurultayda üçdə iki səs çoxluğu ilə seçilir. QMİ sonuncu dəfə 2017-ci il iyul ayının 17-də Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınıb.

Allahşükür Paşazadə 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik edir. O, Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü ildə Bakıda keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr – şeyxülislam seçilib. A.Paşazadə bir neçə il əvvəl mətbuata bildirib ki, daha Qafqaz Müsəlmanları İdarəsinin qurultaya ehtiyacı yoxdur: “Qurultay artıq olub və məni ömürlük seçiblər. Nə qədər həyatım var yaşayıram, sədr olaraq qalacağam…”(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam