Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Qarabağda atəşkəs pozuntularının yaratdığı suallar-ANALİZ

Rusiyanın bu məsələdə rolu varmı və atəşkəsə nəzarət üzrə Mərkəzin susqunluğu, Paşinyanın sərtləşən ritorikası nədən xəbər verir?   

Yenixeber.org: Son günlər Qarabağda – Şuşa istiqamətində atəşkəs pozuntuları qeydə alınmağa başlayıb. Bu faktların ərazidəki Rusiya sülhməramlı qüvvələrinin artilleriya və minaatanlardan istifadə etməklə hərbi təlimlər keçirməsi və Ermənistan hökumətinin Qarabağla bağlı öz mövqeyini sərtləşdirməsi ilə eyni vaxta təsadüf etməsi Azərbaycan ictimaiyyətində narahatlıq yaradıb.   

Hamını düşündürən əsas sual budur: ermənilər tərəfindən yol verilən atəşkəs pozuntuları ərazidəki Rusiya komandanlığının bilgisi və iradəsi daxilində baş verir, ya yox? Əgər Rusiyanın burada rolu varsa, onda 2 əsas ehtimal ağıla gəlir:

1. Bölgədə mövcud olan qanunsuz silahlı dəstələrin və Ermənistan ordusunun sülhməramlı əməliyyata, ümumən sülh quruculuğuna mane olması rəyini yaradıb, bu problemi aktuallaşdıraraq birincilərin tərksilahına, Ermənistan hərbçilərinin isə ölkələrinə göndərilmələrinə zəmin hazırlanır, bu barədə Azərbaycan və Rusiya arasında razılaşma var; 

2. Birinci ehtimalın əksinə, Rusiyanın Azərbaycandan hansısa gözləntiləri var və Moskva Azərbaycan dövlətinin və xalqının ən həssas olduğu Şuşa istiqamətində təzyiq yaradaraq Bakıya xəbərdarlıq siqnalı göndərir. 

Amma bu ehtimalı da tam istisna etmək olmaz ki, atəşlər Rusiya sülhməramlılarının bilgisi, iradəsi xaricində baş verir və məqsədyönlü provokasiya deyil, siyasi mahiyyət daşımayan sıradan hadisələrdir. 

Maraqlı məqamlardan biri budur ki, atəşkəsə nəzarət üzrə Sülhməramlı Mərkəz hər hansı açıqlama ilə çıxış etmir. Ümumiyyətlə, bu strukturun fəaliyyəti barədə mediaya yalnız həmin Mərkəzin açılış mərasimi keçirilərkən məlumat verildi, o vaxtdan bəri hər hansı rəsmi informasiya yoxdur. Mərkəz atəşkəs pozuntularını, bu pozuntulara hansı tərəfin yol verdiyini qeydə alırmı? Yəqin ki, alır. Çünki müvafiq texniki imkanları var. Bəs, pozuntulara qarşı hansısa tədbir görülürmü? Bilmirik. Məlumat yoxdur. Açıqlama verilməməsi yəqin ki, orada təmsil olunan Rusiya və Türkiyə hərbçiləri arasında bu barədə konsensus olmaması ilə əlaqədardır. Çünki Türkiyə tərəfinin açıqlama mətnində pozucu tərəfin adını qeyd etməyə tərəfdar olacağı sirr deyil. Rusiya Müdafiə Nazirliyinin açıqlamasında isə pozucunun ünvanı göstərilmir, “Şuşa şəhərindən şimal-qərbdə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan nizamsız atəş” qeydə alındığı deyilir. Bu, Türkiyə tərəfinin qəbul edəcəyi bir qiymətləndirmə deyil.  

Yeri gəlmişkən, bu açıqlama ilə Rusiya Qarabağda Ermənistan ordu birliklərinin mövcud olduğunu rəsmən qeyd etmiş olur. Əgər yuxarıda yazdığım 1-ci versiya reallaşırsa, yəni Ermənistan ordusunun ərazidən çıxarılmasına hazırlıq gedirsə, onda problem yoxdur. Yox, əgər 2-ci və bizim ehtimal etmədiyimiz başqa xoşagəlməz mətləblər varsa, onda narahat olmağa dəyər. Aydındır ki, Ermənistan ordusunun Azərbaycan ərazisində mövcudluğu tam qanunsuzdur, bunu heç söyləməyə, əsaslandırmağa ehtiyac yoxdur. Amma digər tərəfdən, 10 noyabr Bəyanatının 1-ci maddəsində yazılıb: 

“10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.”

Bu maddə açıq şəkildə deyir ki, Ermənistan (ordusu) Dağlıq Qarabağda tutduğu mövqelərdə qalacaq. 4-cü maddədə isə yazılıb: 

“Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.”

İndi bunun hansı əsas götürülməlidir? Rus dövlət ağlı bu sənədə hər ehtimala qarşı həm gec partlayan minalar, həm də hər tərəfə yozmağın mümkün olduğu ziddiyyətli, ikimənalı cümlələr yerləşdirib. Rusiya prosesin gedişində bu mübahisəli məqamları öz maraqlarına uyğun şəkildə şərh və tətbiq edəcək.

                                     Paşinyan niyə mövqeyini sərtləşdirdi? 

Ermənistandakı seçkilərdən zəfərlə ayrılaraq ölkəsində siyasi böhrana son qoyan Nikol Paşinyanın öz mövqeyini sərtləşdirməsinə gəldiksə isə, bu da əslində gözlənilməz deyil. Xatırladaq ki, Paşinyan yalnız Qarabağın statusunun müəyyən olunması şərti ilə Azərbaycanla sülh müqaviləsi imzalaya biləcəyini söyləyib. Status dedikdə isə erməni tərəfi Qarabağın müstəqilliyini nəzərdə tutur. Bu cür mövqe ona görə gözlənilməz deyil ki, əvvəlaiki tərəf arasında əsrlik düşmənçiliyin bir anda sona yetəcəyini və barışığın tez bir müddətdə əldə olunacağını gözləmək gerçəkçi olmaz, bunun üçün zaman lazımdır, iki ölkə siyasətçiləri arasında birbaşa təmaslar başlamalıdır, xalqlar arasında müəyyən etimad yaranmalıdır. 

İkincisi, diplomatik praktikada bilinən, adi bir qayda var ki, münaqişə tərəfləri masaya oturmadan öncə “ən yüksək nöqtə”dən, ən radikal mövqedən çıxış edirlər ki, masada güzəştləri mümkün qədər az olsun. Yəni qumarda olduğu kimi, əl yüksəldirlər, blef edirlər. Ermənistanda yeni hökumətin formalaşdırılmasından sonra Azərbaycanla 10 noyabr 2020-ci il Bəyanatı və 11 yanvar 2021-ci il razılaşmasının yerinə yetirilməsi üzrə danışıqlar yenidən başlayacaq. Sərhəd ixtilafının həllinə dair müzakirələr də başlamalıdır. Ona görə də Paşinyan bu mərhələdə sərt və Azərbaycan üçün qəbulolunmaz görünən mövqe sərgiləyir. 

Üçüncüsü, Paşinyan güzəşt mövqeyindən çıxış edərsə, daxildə müxalifətin etirazlarına yenidən zəmin yaratmış olar və ictimai rəydə “kapitulyant” imici güclənər. Parlamentdə təmsilçilik qazanan Robert Koçaryan və onun bloku isə bu fürsəti əldən verməz. Bu baxımdan Paşinyan üçün Azərbaycanla münasibətlər hazırda minalanmış sahə kimidir, çox ehtiyatla addımlamalıdır ki, hakimiyyətinə təhlükə yaranmasın. 

Dördüncüsü, Paşinyan bütün mübahisəli məsələlərin üçtərəfli (Azərbaycan-Rusiya-Ermənistan) formatda müzakirə və həll olunmasını istəmir, ATƏT-in Minsk Qrupu həmsədrliyinin öz missiyasını bərpa etməsinə çalışır. 

Şahin Cəfərli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam