Ərdoğanın Bayden qarşısında qoyduğu 3 şərt:Asiyanın ürəyi Türkiyənin əlinə keçir
ABŞ-ın Əfqanıstandan çəkilməsindən sonra Kabilin Həmid Karzai hava limanının qorunması məsələsi Türkiyəyə həvalə olunacaq.
Yenixeber.org: Məlumata görə, ötən ayın 14-də NATO-nun liderlər zirvəsində Türkiyə Prezidenti tərəfindən dilə gətirilən bu məsələ tədricən öz həllini tapır.
Bildirilir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla onun ABŞ-lı həmkarı Lloyd Austin arasında baş tutan görüşdən sonra hava limanının təhlükəsizlik tədbirləri üzərində işlərin aparılması sürətləndirib.
Bu gün gündəlik mətbuat konfransında çıxış edən ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi də sözügedən məsələyə toxunub. O, Kabul hava limanında hələ də Amerika əsgərlərinin olduğunu, ancaq geri çəkilmə başa çatdıqdan sonra oradakı əsgərlərin vəziyyətinin qiymətləndiriləcəyini bildirib.
"Hələ də hava limanında təhlükəsizliyin necə olacağına dair Türklərlə danışıqlar aparırıq və bu səylərə rəhbərlik etmək niyyətlərinə görə onlara minnətdarıq",- Kirbi belə deyib.
Kirbi mövzu ilə əlaqədar sualları cavablandırarkən bildirib: "Türklərlə bir sıra məhsuldar görüşlər keçirdik, Müdafiə nazirimizin Türk həmkarı ilə keçirdiyi görüş barədə açıqlamaları ilə tanış oldunuz. Aramızda sizi narahat edən hər hansı tıxanma nöqtəsi yoxdur. Türklərlə bəzi modellər və tələblər üzərində işləyirik".
Türkiyənin Qətiyyətli Dəstək Missiyası çərçivəsində Həmid Karzai Hava Limanının təhlükəsizliyini bu gün də təmin etdiyini vurğulayan Kirbi iki NATO müttəfiqinin hazırda əsasən hansı məsələlər üzərində söhbətləşdiyinə də aydınlıq gətirib: "Bütün qüvvələr Əfqanıstandan geri çəkildikdən sonra türklərə daha kimlərin kömək edəcəyi və bu köməyin necə veriləcəyi ilə bağlı məsləhətləşmələr aparılır. Hal-hazırda davam edən danışıqlarımız bundan ibarətdir".
ABŞ Dövlət Departamentinin bugünkü mətbuat konfransında da əsas gündəm maddəsi Əfqanistanın taleyinin Türkiyəyə həvalə olunması məsələsi olub. Dövlət Departamentinin sözçüsü Ned Prays mövzu ilə bağlı çıxış edərək deyib: “Əlbəttə ki, biz Türkiyənin konstruktiv rolunu və diplomatik prosesə verdiyi dəstəyi alqışlayırıq”.
Qeyd edək ki, bir neçə dün əvvəl Diyarbəkirdə jurnalistlərin qarşısına çıxan Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan ABŞ-ın Əfqanıstandan çəkilmə prosesindən sonra Ankaranın bu ölkədə üzərinə götürəcəyi missiya ilə bağlı suallara cavab verərək demişdi ki, Milli Müdafiə naziri Hulusi Akar cümə axşamı günü amerikalı həmkarı ilə görüşüb və tərəflər Kabildəki Həmid Karzai hava limanının necə qorunmasını müzakirə ediblər: “Hava limanının necə işlədilməsi ilə əlaqədar ABŞ və NATO ilə görüşərək, Türkiyənin “Həmid Karzai”dəki mandatının nə olacağına, burada nəyi qəbul etdiyimizi və nəyi qəbul etmədiyimiz qərarlaşdırdıq. Həm təkbətək, həm də heyətlərarası görüşlərdə bunlar haqqında danışdıq və inşallah, Əfqanıstanda bu addımları ən ideal şəkildə atacağıq”.
Türkiyə Prezidenti Ankaranın Əfqanıstanda qalmaq qərarını hələ NATO-nun 14 iyunda keçirilən liderlər zirvəsindəki çıxışı zamanı bəyan etmiş və bu məsələdə bəzi şərtlərinin olduğunu bildirmişdi. Şərtlərdən biri Türkiyənin bu təşəbbüsünün ABŞ tərəfindən diplomatik, logistik və maliyyə cəhətindən dəstəklənməsi idi. Başqa sözlə, Türkiyə NATO-nun ümumi maraqlarına xidmət edən bu missiyanın özəlliklə maliyyə yükünü öz çiyinlərinə götürmək istəməmişdi. Ankaranın bu məsələdə haqlı gərəkçələri də var. Çünki istər ötən əsrin sonlarında sovet ordusu, istərsə də bu əsrin əvvəllərində ABŞ əsgərləri bütün səylərinə baxmayaraq, Əfqanıstanı əldə saxlaya bilməmişdilər. Nəticədə Əfqanistanın ilk işğalı zamanı 1979-1989-ci illərdə SSRİ apardığı 10 illik müharibə nəticəsində məğlub olaraq Əfqanistandan çəkilmək məcburiyyətində qalmışdı. Sirr deyil ki, bu 10 illik müharibə SSRİ-nin böyük maliyyə itkisinə səbəb olmuş, bu da onun dağılma prosesini sürətləndirmişdi. Üzərindən 22 il keçəndən sonra 2001-ci ilin sentyabr ayında Əfqanıstana girən ABŞ da eyni problemlə qarşı-qarşı qalmış və onun 20 illik işğal macərası da fiasko ilə nəticələnmişdi. ABŞ-ın “Balance” saytının iddiasına inansaq, supergücün bu savaşda itkiləri isə olduqca böyük olmuşdu. Hələ 2019-cu ilə qədər 18 illik mübarizə nəticəsində 2 min 400-dən çox əsgərini itirən ABŞ bu savaşa 975 milyard dollar xərc çəkmişdi. Bu iddianın üzərindən 2 il ötdüyünü nəzərə alsaq, xərclərin böyük ehtimalla 1 milyard dolları keçdiyini, itkilərin də öz növbəsində artdığını anlaya bilərik.
Türkiyənin ikinci şərti Əfqanıstanda qaldığı müddət ərzində Talibana qarşı yox, onunla birgə fəaliyyətini davam etdirməkdir. Rəcəb Tayib Ərdoğan NATO zirvəsində bunu açıq şəkildə dilə gətirərək demişdi: “Ayrıca, burada Taliban gərçəyini bir kənara qoymağımız mümkün deyil. Onlarla da bir çox görüşmələri atacağımız fərqli addımlarla sürdürə bilərik”. Başqa sözlə, Türkiyə Əfqanistan reallıqlarını nəzərə alıb Talibanla birgə fəaliyyətini davam etdirəcəyini açıq-aşkar ortaya qoymuşdur. Baxmayaraq ki, Ərdoğanın bu təkliflərinə “Taliban”dan heç də arzu edilməyən cavab gəlmişdir. Örgütün sözçüsü Süheyl Şahin BBC-yə verdiyi verdiyi açıqlamasında ABŞ-la əldə etdikləri razılaşmaya uyğun olaraq, sentyabr ayından sonra ölkədə qalan bütün xarici əsgərləri işğalçı qüvvə kimi qəbul edəcəkləri vurğulamışdı: "Bütün xarici qüvvələr, onların podratçıları, məsləhətçiləri, təlimçiləri işğalın bir hissəsi olduqları üçün ölkədən çəkilməlidirlər”.
Sentyabrdan sonra Əfqanıstanda yalnız Türk ordusunun qalacağını nəzərə alsaq, bu mesajı Ankaraya yönəlik təhdid kimi qiymətləndirmək olar. Bununla belə, Şahin “ancaq bizim işğalçı qüvvələrə verəcəyimiz reaksiyalar rəhbərliyimizin qərarlarına əsaslanacaq", - deyərək, sövdələşməyə əl yeri də qoymuşdu.
Ərdoğanın 3-cü şərti də məhz “Taliban” rəhbərliyi ilə sövdələşmək imkanlarını nəzərə alırdı. Bildiyimiz kimi, “Taliban” Pakistan tərəfindən yaradılıb. Onun idarə olunmasında bu gün belə İslamabadın güclü təsiri var. Türkiyə prezidenti də, görünür, bu reallığı nəzərə alaraq, Əfqanıstanda yürüdəcəyi fəaliyyətdə Pakistanı və Macarıstanı yanına alacağını vurğulamışdı.
Sual oluna bilər: Pakistanı anladıq, bəs, Macarıstan hardan çıxdı?
Məlum olduğu kimi, Macarıstan Avropada Çinin ən yaxın müttəfiqi sayılır. Hətta dəfələrlə Avropa Birliyinin Çinə qarşı sanksiyaları məhz Macarıstanın vetosu səbəbindən baş tutmayıb. Bu ölkə Şərqi və Avropanın tam qovşağında yerləşdiyindən Pekin ona “qoca qitə” ilə əlaqələrinin “mərkəzi ofisi” kimi baxır. Türkiyənin Əfqanıstanda Macarıstanla əməkdaşlıq etmək niyyətini gizlətməməsi onun Çinlə də davakar yox, konstruktiv əlaqə quracağından xəbər verir. Zənnimizcə, Türkiyə-ABŞ arasında Əfqanıstan məsələsi üzərində hələ də ortaq məxrəcə gəlinə bilinməməsinin başlıca səbəbi elə bu məqamda gizlidir. Çünki ABŞ Çini özünün ən böyük düşməni sayır və yeri gələndə “Taliban”ın fəaliyyətindən ona qarşı istifadə etməyi düşünür. Xüsusilə Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin qarşısında ən böyük əngəl “Taliban”ın Mərkəzi Asiyaya sızması və regionun din-sekulyarizm savaşından keçilməz hala gəlməsi ola bilər.
Yeri gəlmişkən, Pakistan da Hindistana qarşı mübarizədə Çinlə təbii müttəfiq kimi çıxış edir. ABŞ-ın Çinə qarşı Hindistanı dəstəkləməsi regionun bu iki ölkəsini istər-istəməz eyni məxrəcdə birləşdirir. Odur ki, Əfqanıstandakı vəziyyətin nizamlanmasında Türkiyə-Pakistan-Macarıstan birlikdəliyi ABŞ-ın cari məqsədlərinə cavab vermir. Perspektiv planda isə hər şey büsbütün dəyişilə bilər. Bu da ABŞ-ın Cənubi Asiya siyasətində bəzi korrektələrə getməsindən, Pakistanı yanına almağa çalışmasından və Hindistana dəstəyini azaltmasından asılıdır. Daha konkret təbirlə desək, ABŞ Çinə qarşı regional güc mərkəzi kimi Hindistanı deyil, Pakistanı çıxarmaq istəsə, təbii ki, İslamabad da buna “yox” deməz. Nəzərə alsaq ki, Türkiyə-Pakistan-Macarıstan ittifaqının himayəsi altında “Taliban” gücünün Mərkəzi Asiyanın strateji keçid nöqtələrində vəziyyəti tamamilə dəyişdirmək və Çinlə Rusiya arasında kommunikasiya əlaqələrini kəsmək imkanı var, Vaşinqtonun bu fürsəti əldən qaçırmayacağını təxmin etmək mümkündür. ABŞ perspektiv planda Türkiyə ilə ortaq məxrəcə gəlsə, o zaman Macarıstanın tənlikdəki yeri sual altına düşər, Budapeşt də geosiyasi seçiminə yenidən baxa bilər: ya Turk Birliyi, ya da Çinlə perspektivi olmayan flört.
Məsələyə bu aspektdən yanaşanda ifrat radikal “Taliban” gerçəyi perspektiv planda Türkiyənin o qədər işinə gəlmir. Çünki Türkiyənin hədəfindəki Türkistan “Taliban” qədər islamçı olmayan, milli dəyərlərə üstünlük verən və Mərkəzi Asiyadan Anadoluya qədər uzanan böyük coğrafiyada iqtisadi, siyasi, hərbi birlikdir. Prinsip etibarilə Pakistan da bu cizgidən uzaq deyil. Radikal “Taliban”çılıq düşüncəsi ona Rusiya-Hindistan-Çin üçbucağında özünü qorumaq və üstünlük əldə etmək üçün aralıq mərhələ üçün lazımdır. Perspektivdə isə əsasən etnik peştunlardan təşəkkül tapan “Taliban”ın güclənməsi İslamabadın da işinə yaramır. Çünki 51 milyon əhalisi olan peştunların cəmi 13.3 milyonu Əfqanıstanda, 37.8 milyonu isə Pakistanda yaşayır. Pakistan əhalisinin 50%-ni isə pencablılar təşkil edir. Bundan əlavə, ölkədə əhalinin 20%-ni təşkil edən Sindilər, 10%-ni təşkil edən urdular, 5%-ni təşkil edən beluclar yaşayır. Pakistanın isə 2 rəsmi dili var: ingiliscə və urduca. 10%-lik əhalinin bu mədəni üstünlüyü istər-istəməz sabah ciddi problemə çevrilə bilər.
Bu gün Pakistan dini kimliyini ortaya çıxararaq, bu ayrışmanın qarşısını ala bilsə də, həddindən artıq radikallıq da İslamabad baxımından perspektiv təhlükə deməkdir. Zira Pakistan həm də dini mənsubiyyət baxımından da çoxdinli mozikanı xatırladır. Əhalisinin 77%-i sünni müsəlmanlardan təşəkkül tapsa da, Pakistanda azınsanmayacaq qədər şiə və digər məzhəb-din daşıyıcıları yaşayır. Ölkə əhalisinin 20%-ni şiələr, 3%-ni isə hindi, buddist, bəhai və s. inanclar təşkil edir. Bu baxımdan radikal sünniçiliyin Pakistana sıçraması onun etnik və məzhəbi mozaikasının daşlarını yerindən oynada bilər.
İslamabad üçün ən təhlükəlisi isə odur ki, “Taliban”ın son zamanlar verdiyi bəyanatlardan müstəqillik və İslamabadın cizgisindən uzaqlaşmaq qoxusu gəlir. Örgüt sözçüsü Süheyl Şahinin bir neçə gün əvvəl Pakistanın “Geo News” kanalına müsahibəsındə səsləndirdiyi bəzi fikirlər bu cür düşünməyə əsas verir. Beynəlxalq birliyin İslamabaddan “Taliban”ı radikal fəaliyyətlərdən yayındırmaq çağırışına Şahin müsahibəsində bu cür cavab vermişdi: "Pakistan bizim qonşumuzdur, müsəlman ölkəsidir və ortaq tarixi, dini, mədəni dəyərlərimiz var. Sülh prosesində bizə kömək edə bilərlər, ancaq fikirlərini bizə diktə və ya təlqin edə bilməzlər. Bu beynəlxalq prinsiplərin də pozulması deməkdir”.
Əlbəttə ki, Şahinin bu sözləri nəzarət altındakı müstəqillik də ola bilər. Yəni İslamabadın razılığı ilə “Taliban”ın məsuliyyəti öz üzərinə götürmək üçün bu cür bəyanat verməsi mümkündür. Amma zamanla bu kontrollu müstəqilliyin nəzarətdən çıxma ehtimalı da yox deyil.
Zənnimizcə, Türkiyə və Pakistanın bu ortaq təhdid alqılamaları zamanla “Taliban”ın normal dindarlığa dönüşdürülməsini tələb edir. Əslində Əfqanıstanda bu dönüşüm üçün güclü zəmin də mövcuddur və Türkiyə bu sahədə Pakistanın ən yaxın müttəfiqi ola bilər.
Məsələ burasındadır ki, Pakistanın “Taliban” üzərində təsir gücü heç də bütün ölkə vətəndaşları tərəfindən dəstəklənmir. Xüsusilə etnik və əşirət mənsubiyyətinə görə bir araya gələn əfqanların böyük qismi Pakistana özlərinin dostu kimi baxmırlar. Əksinə “Taliban” kimi bir dəhşətli rejimi Əfqanıstanın başına müsəllət etdiyi üçün ona düşmən kimi baxanların da sayı az deyil. Yuxarıda qeyd etdiyimiz kimi, 32 milyon əhalisi olan Əfqanıstan vətəndaşlarının 40%-ni təşkil edən peştunlar arasında “Taliban”a rəğbətlə yanaşanların sayı çoxdur. Ölkənin digər xalqları arasında isə bu nisbət “Taliban”ların əleyhinə dəyişilir. Görünür, bu səbəbdən də digər siyasi təşkilatların “Taliban”ları hakimiyyətə gəlmək üçün seçkilərə qatılmasını tələb etməsi təşkilat tərəfindən süngü ilə qarşılanır. Çünki seçkidən qalib çıxacaqlarından o qədər də əmin deyillər. Bu fakt Əfqanlıstan xalqının “Taliban”a və onun yaradıcısı olan Pakistana birmənalı baxmadığını göstərir. Türkiyənin İslamabad üçün əhəmiyyəti də bu reallıqdan doğur. NATO-nun tərkibində Əfqanıstana girməsinə baxmayaraq, Türkiyə sülhməramlıları xalqa qarşı heç bir əməliyyatda iştirak etməyib və əsasən xeyriyyəçiliklə məşğul olub. Məlumata görə, son 20 ildə Türkiyə Əfqan xalqının dərdinə məlhəm olmaq üçün 1 milyard dollardan artıq pul xərcləyib. Bu da əfqanlar arasında onun rəğbətlə qarşılanmasına zəmin hazırlayıb. Türkiyə Prezidentinin ABŞ qarşısında qoyduğu ilk şərtin maliyyə, logistik və diplomatik yardım olması bu siyasəti davam etdirmək niyyətini göstərir. Beləcə, əfqanlar arasında hörmətini artıracaq olan Türkiyənin Pakistanla birlikdə konstruktiv fəaliyyəti “Taliban”ın dönüşümünü təmin edə bilər. Pakistan isə istəsə belə, bunu təkbaşına bacara bilməz.
Onu da unutmayaq ki, Pakistan əhalisinin 9%-ni özbək, 2%-ni türkmən, 1%-ni aymaq kimi türkdilli xalqlar təşkil edir. Əhalinin 27%-ni təşkil edən taciklər də fars dilli olmalarına baxmayaraq, hər halda Türküstan xalqı sayılırlar və minillər boyu Mərkəzi Asiya türklərinin himayəsi altında yaşayıb, qaynayıb qarışıblar. “Taliban”ın əsas hədəfləri arasında Tacikistanı ələ keçirmək və xüsusilə bu ölkənin torpağının yarısını təşkil edən Bədəxşan Muxtar Vilayətinə sahiblənmək olduğunu hesaba qatsaq, bu faktorlar “Taliban”ın nəzarətdən çıxacağı təqdirdə ipə-sapa yatırılmasında Türkiyə və Pakistanın əlini gücləndirir.
Qısası, Türkiyənin ABŞ qarşısında qoyduğu 3 mühüm şərt səbəbsiz deyil, Mərkəzi Asiyanın ürəyi sayılan Əfqanıstanı nəzarət altında tutmağın ən qısa yolu kimi görünür.(ovqat.com)
Heydər Oğuz