Zərərli vərdişlər -Həyatın göz yaşları ilə yazılmış kitabı.
Allah insanı təmiz, təzə istehsal olunmuş, okeana buraxılan gəmi kimi ömür deyilən səfərə çıxmaq üçün yaradır. İnsan bu zaman heç bir mənfi emosiya daşımır. İnsan dünyaya gələndə genetik kodla doğulur, bunu qəbul edirik. Əlbəttə, irsiyyəti də inkar etmirik. İrsiyyəti və mühiti bir-birindən ayırmaq olmaz, bunu da qəbul edirik. Amma, insan oğlunun şüur deyilən bir xəzinəsi var ki, o zamanla təcrübə toplayır. Məhz bu təcrübə insanın yaxşını pisdən ayırmasına xidmət edir. İnsanın həyatda qazandığı təcrübə düzgün şərtlərə əsaslansa, deməli biz "insan öz gerçəkliyini öz şüuru ilə yaradır" versiyasına uyğun yaşayırıq. Bu bir növ qanun kimi qəbul olunur və insanla dünya arasında, yəni ətraf mühit arasında baş verənlərin dərk olunmasını təmin edir.
Yenixeber.org: Hər birimiz adi müşahidələrdə zərərli vərdişlərin məhv etdiyi insanları görürük. Bu vərdişlər müxtəlifdir, eyni zamanda onların verdiyi zərərin nəticələri də müxtəlifdir. Son illərdə bu vərdişlərin sayı sürətlə artmaqdadır. Bu vərdişlərin vərdiş halını almasının səbəbləri də çox müxtəlifdir. Bu yazıda biz səbəbləri qeyd edəcəyik, amma onların dərindən araşdırılması başqa bir mövzudur. Bir hərəkətin vərdiş halına keçməsi üçün müəyyən vaxt lazımdır, bu vaxtın uzanması geriyə dönüşü olmayan ağır nəticələrlə tamamlanır. Vərdişlər müxtəlif hərəkətlərin təkrarlanması prosesində ortaya çıxan insan davranışı formalarıdır. Zərərli vərdişlər insanların sağlamlığına mənfi təsir göstərən, öz məqsədlərinə çatmaq üçün bütün həyatı boyu öz imkanlarından istifadə etmək yolunda əngəl törədən vərdişlər hesab olunur. Zərərli vərdişlərin məhv etdiyi insanların həyat kitabının ilk fəsilləri ətraf mühitdə mövcud olan müxtəlif səbəblər və müxtəlif məqsədli insanlar tərəfindən yazılır. Qeyd etmək lazımdır ki, zərərli vərdişlərin qurbanı olanların heç də hamısı zəif insanlar olmur. Bu insanları belə çıxılmaz vəziyyətlərə salanlar onlardan daha güclü olurlar.
Dünya səviyyəsində ən uğurlu şəxsiyyətlərin narkomaniya qurbanı olub, sonradan məhv olması ilə bağlı məlumatlar çoxdur. Hər kəs bu məlumatları tapıb oxuya bilir, bu mövzuda çəkilmiş filmlərə baxa bilir. Elvis Presli, Uitni Hyuston kimi dünya şöhrətli müğənnilərin sonuna aid məlumatları da hamı bilir. Bizim ölkəmizdə də narkomaniya qurbanı olan məşhurların adları və sonu da hamımıza məlumdur. Biz bu yazıda həmin narkomaniya qurbanlarının adlarını çəkmirik, çünki, onların faciəli taleyini bir daha oyatmaq istəmirik. Amma, bu yola düşməmək üçün heç olmasa sağlam həyat tərzi və bu həyat tərzindən imtina edib zərərli vərdişlərə qurşanmaqla öz həyatını məhv edənlərin nəzərinə sağlamlıq və xəstəliyin nə olduğunu çatdırmaq istəyirik. Əlbəttə, nəzərə alırıq ki, bu yola düşmüş adamlar belə yazıları heç oxumur. Amma onların zərər verdiyi ailə üzvləri belə yazıları oxuyub uyğun tədbirlər görə bilər. Zərərli vərdişlərin qurbanları da ciddi xəstələrdir.
Sağlamlıq insanın fiziki, psixoloji və sosial həyatda normal fəaliyyətini təmin edən vəziyyətdir. Sağlamlıq fiziki, psixoloji və ruhi vəziyyətin harmonik birləşməsidir. Sağlam həyat tərzi yaşamaq istəyən hər bir insan bir çox qaydalara əməl etməlidir. Bu qaydalar düzgün qidalanma, orqanizmi daim möhkəmləndirmə, gigiyena qaydalarına riayət etmək, əmək və istirahəti düzgün tənzimləmək, zərərli vərdişlərdən çəkinməkdən ibarətdir. Sağlam insan ətraf mühitin reaksiyalarına müvafiq cavablar verə bilir. Digər canlılardan fərqli olaraq, insan onu əhatə edən mühiti dəyişdirmək qabiliyyətinə malikdir.
Xəstəlik orqanizmin morfoloji və ya funksional dəyişiklik nəticəsində həyat fəaliyyətinin pozulması ilə müşaiyət olunur. Zərərli vərdişlərin təsirindən baş verən xəstəliklər orqanizmin daxili mühitini pozur və müxtəlif xarakterli xəstəliklərin inkişaf etməsinə şərait yaradır. Bu zaman orqanizmin müqavimət qabiliyyəti azalır, xəstəliyin gedişinə psixogen amillərin təsiri güclənir. Sağlam həyat tərzinin tam əksinə olan və qeyri-sağlam həyat tərzinin əsasını təşkil edən zərərli vərdişlər nəinki insanın özünə, onun ailəsinə, ətrafına və yaşadığı cəmiyyətə ciddi ziyan vurur. Bu vərdişlərin forması və sayı getdikcə artır və insan cəmiyyətinə öz mənfi təsirlərini göstərir. Spirtli içkilərin və narkotik vasitələrin qəbulu, siqaret çəkmək zərərli vərdişlərin təhlükəli və geniş yayılmış formalarındandır. Bu vərdişlər insanın bütün fəaliyyətini özündən asılı vəziyyətə salır. Zərərli vərdşlərin təhlükəli xüsusiyyəti insanda bu vasitələrdən asılılıq yaratması, insanın bu vasitələrsiz keçinə bilməməsidir. Bu vasitələrdən xilas olmaq, normal həyata qayıtmaq çox çətindir. Daha təhlükəli asılılıq yaradan spirtli içkilər, narkotik vasitələr, insan orqanizminə öldürücü təsir göstərən toksiki və psixotrop maddələrdir. Bu vasitələri əyləncə məqsədilə qəbul edən insan sonda öz həyatını məhv etdiyinin fərqinə varmır. Narkotik vasitələrdən istifadə nəinki insanın sağlamlığını, onun sosial və maliyyə həyatını da məhv edir. Psixotrop dərman vasitələri orqanizmdə asılılıq yaratmaqla bərabər, ayrı-ayrı orqanları zədələyir, sonra bu orqanları müalicə ilə bərpa etmək mümkün olmur.
Uzun müddət istifadədən sonra insan özündən asılı olmadan, bu vasitələrin alüdəçisinə çevrilir. Qeyd etmək lazımdır ki, zərərli vərdişlər dövri xarakter daşıyarsa, nəticədə alkoqolizm, norkomaniya, toksikomaniya kimi xəstəliklərə çevrilir. Son illərdə süni istehsal olunan narkotik vasitələr mövcuddur, bu vasitələr məlum narkotiklərdən dəfələrlə güclü təsirə malikdir və daha təklükəlidir.
Siqaret alüdəçiliyi də orqanizmdə ciddi asılılıq yaradır. Siqaretin tərkibində olan nikotin və bir sıra toksiki təsirə malik maddələr orqanizmə kompleks təsir edərək müxtəlif xəstəliklər əmələ gətirir. Tütün zəif stimulyator və antidepressant maddə kimi mərkəzi sinir sisteminə təsir göstərir. Gündə 2-3 paket siqaret insan orqanizminə dərman vasitələrindən çox psixotoksiki təsir göstərir. Bu təsir gənc yaşlarda daha təhlükəli xarakter daşıyır, beyni dumanlandırır, insanın davranışında dəyişiklik yaradır. Siqaret alüdəçiliyi bir çox xəstəliklərə – ağciyər xərçəngi, mədə xorası, miokard infarktı, hipertoniya və s. xəstəliklərinə yol açır.
Zərərli vərdişlər və onların məhvedici sonluğu barədə çoxsaylı sosial reklamlara baxmayaraq, bu vərdişlər cəmiyyətin qlobal xəstəliyinə çevrilməkdədir. Bu vərdişlərin xəstəyə çevirdiyi insanlarda şəxsiyyətin deqradasiyası baş verir. Zərərli vasitələrdən istifadə adətən, yeniyetməlik dövründən başlayır. Bu vasitələrdən istifadənin səbəbləri müxtəlifdir:
- məsuliyyət hissinin, daxili intizamın olmaması;
- insanın qarşısına qoyduğu bir məqsədin olmaması, motivasiya hissinin yox olması;
- özünəinam və gələcəyə inam hissinin itirilməsi;
- yeniyetmənin ailəsi, dostları, məktəb yoldaşları ilə müsbət əlaqələrinin olmaması;
- zərərli maddələrin problemləri “unutdurmaq” hissinə inanmaq;
Bu vasitələrin yeniyetmələrin həyatına daxil olmaması üçün ailə və məktəb birgə işləməlidir. Yaş xüsusiyyətlərini, fərdi xüsusiyyətlərini nəzərə alaraq sağlam həyat tərzinin nə qədər əhəmiyyətli olduğunu yeniyetmələrə başa salmaq lazımdır. Bunun üçün məktəblərdə maarifləndirici tədbirlər keçirilməli, şagirdlərin bu yola düşməməsi üçün narkomaniya qurbanlarının həyatına aid filmlər göstərilməlidir. Zərərli vasitələrdən istifadəyə başlamaq nə qədər asandırsa, bu maddələrdən asılılığı müalicə etmək çox çətindir. Bu vasitələrin istifadə edildiyi mühitdən uzaqlaşmaq, lazım gəldikdə mütəxəssisə müraciət etmək lazımdır. Proses dərinləşməmiş, alüdəçilik başlamadan bu öldürücü vasitələrin insan həyatını məhv etməsinə yol verməmək lazımdır. Alüdəçilik başlayandan sonra artıq xilas olmaq üçün çox ciddi mübarizələr aparılmalıdır. “Xilasetmə” məsələsi isə çox ağır bir müharibədir. İnsanın psixikasına dağıdıcı, pozucu təsir göstərən norkotik maddələrin qəbulu güclü qısqanclıq, seksual patologiya doğurur. Bu vəziyyətdə olan narkoman öz ailəsini belə öldürə bilər.
Spirtli içkilər uzun müddət qəbul edildikdə alkoqolizm xəstəliyi yaranır. Tərkibində alkoqol olan vasitələr neyrodepressant xarakterli olduğu üçün mərkəzi sinir sisteminə oksigenin daxil olmasını ləngidir. Bu isə öz növbəsində beynin fəaliyyətini tormozlayır, hərəkət və nitq koordinasiyası pozulur. Beyin məntiqi fəaliyyətdən qalır, diqqət dağılır, insan etdiyi hərəkətə cavabdeh ola bilmir. Alkoqolizm ürək-damar, mədə-bağırsaq xəstəliklərinə, xüsusən də qaraciyər serrozu xəstəliyinə səbəb olur. Alkoqol cinsi hüceyrələrə toksiki təsir göstərir, daxili sekresiya vəzilərinin funksiyasını pozur. Böyrəküstü vəzin funksiyasının pozulması orqanizmdə maddələr mübadiləsinin zəifləməsinə, orqanizmin vaxtından əvvəl qocalmasına səbəb olur.
Tərkibində az miqdarda alkoqol olan içkilərin qəbulunun da insanın əmək qabiliyyətini 5-10% aşağı saldığı elmi surətdə sübut olunmuşdur. İstirahət günlərində müntəzəm spirtli işki qəbul edən insanların əmək qabiliyyəti 24-30% aşağı olur. Zehni əməklə məşğul olan, dəqiq əməliyyatlar aparmalı olan insanlar spirtli içki qəbul etməklə öz işlərinə ciddi ziyan vururlar. Alkoqoliklərin ömrünün normal insanların ömründən 15-20 il az olması məlumdur.
Antik təbabətin banisi Hippokrat epilepsiyanın, bir çox sinir-psixi xəstəliklərin, şizofreniyanın mayalanma dövründə sriptli işki qəbul edən valideynlərin günahı üzündən baş verdiyini qeyd etmişdir. Bu məlumatlar müasir tibb elmi tərəfindən dəfələrlə sübut olunmuşdur. Alkoqoliklərin dünyaya gətirdikləri uşaqların ciddi sağlamlıq problemlərinə aid çoxlu elmi-psixoloji filmlər vardır.
Valideynlərin klassik davranışı “mənim uşağım belə şey etməz” ifadəsi çox vaxt əsas səbəbi görməyə mane olur. Valideyn övladının qarşılaşdığı hər hansı bir vəziyyətin öhdəsindən gələcəyinə əmin olsa belə, yenə nəzarəti itirməməlidir. Yeniyetmə oğlanların hərəkətlərinə ciddi nəzarət olunmalı, bu yaşda uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşılmalıdır. Valideyn övladının ən yaxın dostu olmasa, bu yaşda uşaqlar özlərinə kənarda dost tapırlar. Kənardakı dostun nələr edə biləciyini əvvəlcədən nəzərə almaq bir növ gələcək təhlükələrdən qorunma vasitəsidir. Təcrübəsiz, təmiz, insanlara inanan, maraqlı vəziyyətlər və dəyişikliklərə hazır olanlar belə məqsədli adamların tələsinə düşür. Burada birmənalı daxili razılığın olması da əsas şərtdir. Əgər tələyə düşən daxilən bu vəziyyətlərdən qorunarsa, tələyə düşməz.
Bir məsələni də qeyd etmək lazımdır ki, qadın narkomanlar daha ciddi problemlərlə qarşılaşır, onların cəmiyyətdə normal insan kimi qəbul olunması kişi narkomanlardan daha çətindir. Qadın narkomanlar seksual manyakların, digər cinayətkarların əlində bir vasitəyə çevrilirlər və onların bu yoldan xilas olunması demək olar ki, mümkün olmur. Qadın orqanizmində narkotik vasitələrin təsirindən iradə və şüurun zəifləməsi daha tez baş verir, onlarda rəzil, alçaq instinktlər yaradır. Narkotik vasitə əldə etmək məqsədi olan belə qadınlar təcavüzkarların qurbanına çevrilir. Ümumiyyətlə, narkomaniya və alkoqolizm yoluxucu xəstəliklərə yol açan, insanın insanlıqdan çıxıb lazımsız bir məxluqa çevrilməsi yolunda əsas amildir.
Hər bir insan cəmiyyətdə belə halların qarşısının alınması üçün imkan qədər çalışmalıdır, narkomaniya və alkoqolizmə qarşı mübarizə insanlığın mənəvi tənəzzül etməsininin qarşısının alınmasına xidmət edir. Unutmayaq ki, narkotik maddələrin və spirtli içkilərin hər damlasına min damla göz yaşı qarışır.
Amaliya Murad
İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının araşdırmaçısı.