Putindən Baydenə müəmmalı mesaj: Rusiya prezidenti niyə ABŞ-ın dağılacağını dedi
Prezident Vladimir Putin qarşı tərəfə ABŞ-ın mövcud "qüdrət"ini də, gələcək "perspektivlər"ini də təxminən bildiklərini çatdırmağa çalışır; O, Co Baydenin Rusiyanı təhdid etmək cəsarətinin təhlükəli nəticələr verə biləcəyinə eyham vurur...
Yenixeber.org: Dünya nəhəngləri arasında hər hansı qarşıdurma istər-istəməz beynəlxalq siyasi məkanda gərginliyə yol açır. Çünki belə qarşıdurmalarda yalnız superdövlətlər deyil, onların müttəfiqləri də iştirak edirlər. Və nəticədə gərginlik zəncirvari prosesə çevrilərək, öz əhatə dairəsini daha da genişləndirir.
Onu da qeyd edək ki, hazırda beynəlxalq məkanda ABŞ-Risiya qarşıdurması xüsusi yer tutur. Hətta bir müddət öncəyə qədər bu iki nəhəng dövlət az qala hərbi toqquşma təhlükəsi ilə də üzləşmişdi. Sadəcə, son anda hər iki qarşıdurma tərəf tam sürətlə geri çəkilməyə üstünlük verdi.
Hələlik belə anlaşılır ki, həm ABŞ, həm də Rusiya qətiyyətli davranmağa hazır deyil. Əksinə, müəyyən mənada, bir-birindən ehtiyat etmək məcburiyyəti də nəzərə çarpır. Bu isə hər iki superdövlətin öz hərbi-siyasi gücünə tam arxayın olmadığını təsdiqləyir.
Ona görə də hər iki tərəfin hazırda yenidən Ukrayna böhranından öncəki mərhələyə dönməsi tamamilə anlaşılandır. Ukrayna böhranının hərbi toqquşma həddinə çatmasına qədər ABŞ və Rusiya arasında qarşıdurma daha çox İttihamlar və təhdidlərlə diqqəti çəkirdi. Elə indi də təxminən analoji şituasiya hökm sürür.
Ancaq onu da qeyd etmək lazımdır ki, adətən, ilk "atəş" həmişə okeanın o tayından açılmış olur. Ağ Ev Rusiyanı təhdid və ya ittiham etmək üçün həmişə nəsə bir səbəb, bəhanə tapa bilir. Kreml sadəcə, cavab reaksiyası məcburiyyətində qalır.
Məsələn, sonuncu dəfə gərginliyə ABŞ-ın patronajlığı altında olan NATO-nun Rusiyanı təhdid etməsiylə start verilmişdi. NATO baş katibi Yens Stoltenberq "Rusiya durmalı olduğu yeri göstərməyin vaxtı çatıb" deməklə, Kremli açıq mətnlə hədələmişdi. Kremldə bu açıqlama panik durum yaratsa da, NATO-nun təhdidlərinin Rusiya üçün real təhlükə olduğunu və özünümüdafiə məqsədilə bütün addımların atılacağını vurğulamaqla, kifayətləndilər.
Ancaq Ağ Evdə sadəcə, Rusiyanı təhdid etməklə, kifayətlənmək niyyətində deyildilər. Hansısa səbəbdən, bəlkə də elə prezident Co Baydenin ABŞ-ın itirilmiş mövqelərinin geri qaytarılması ilə bağlı vədlərinə yol açmaq üçün Rusiyanın qarşıdurmaya çəkilməsi vacib idi. Və bu dəfə artıq birbaşa prezident Co Bayden şəxsən hərəkətə keçmişdi.
Ağ Ev sahibi Rusiya prezidenti Vladimir Putini "qatil" adlandırmaqla, dünyanı şoka salmışdı. Böyük ehtimalla onun "qatil" avantürası yəqin ki, hələ uzun müddət beynəlxalq siyasət məkanında "temperaturu" müəyyən edəcək. Və Kremlin cavabının sadəcə, prezident Vladimir Putin tərəfindən Ağ Ev sahibinin səhhət problemlərinin qabardılması ilə məhdudlaşacağı o qədər də inandırıcı görünmür.
Böyük ehtimalla bir müddət öncəyə qədər hücum taktikasına üstünlük verən ABŞ-ın tam sürətlə geri çəkilməsindən sonra Rusiya təşəbbüsü ələ almağa çalışacaq. Kreml hazırda sahib olduğu siyasi-psixoloji üstünlüyün müvəqqəti xarakter daşıdığını anlamamış deyil. Ona görə də, daha fundamental mövqelərə sahiblənmək üçün qətiyyətli addımlar atmalı olacaq.
Maraqlıdır ki, 16 iyuna planlaşdırılan Bayden-Putin görüşünün ABŞ-Rusiya münasibətlərində dönüş nöqtəsi ola biləcəyi də qətiyyən istisna edilmir. Bu görüşün nəticələri iki superdövlətdən biri üçün sonun başlanğıcı da ola bilər. Vaxtilə qarşılıqlı münasibətlərin ən gərgin dövründə Qorbaçov-Reyqan görüşü keçirilmişdi və keçmiş SSRİ dünya xəritəsindən birdəfəlik silinmişdi.
Hər iki ölkənin dünya hegemonluğuna can atması, imperialist dövlət quruluşuna və xarici siyasət kursuna üstünlük verməsi bu ehtimalı gündəmə bağlayır. Düzdür, Kremlə yaxın siyasi avantürist Vladimir Jirinovski ABŞ və Rusiya prezidentlərinin dünyanı yenidən bölüşdürmək üçün görüşəcəklərini iddia edir. Onun iddiasına görə, bu görüşdən sonra Belarus tam, Ukrayna, Moldova, hətta Baltikyanı ölkələr parçalanaraq, ərazilərinin əhəmiyyətli hissəsi Rusiyanın nəzarətinə keçə bilər.
Təbii ki, V.Jirinovski avantürist siyasi persona olduğundan ona elə də ciddi əhəmiyyət verilmir. Halbuki, Kremlin bəzi dolaşıq iddialarını da elə məhz bu avantürist siyasətçi üzərindən ictimailəşdirdiyi heç kəsə sirr deyil. Və bu baxımdan, Kremlin müəyyən planlara malik olduğu qətiyyən şübhə doğurmur.
Əlbəttə, hələlik Kremlin yaxın gələcəyə yönəlik strateji hədəfləri barədə danışmaq bir qədər tezdir. Ancaq qarşıya hansı hədəflərin qoyulmasından asılı olmayaraq, uğursuzluq halında, imperiya dövlət quruluşlu Rusiyanın parçalanma ehtimalı qətiyyən istisna deyil. Və Kremldə ən çox narahatlıq doğuran məqam da yəqin ki, elə budur.
Digər tərəfdən, Kremldə ötən əsrin 80-cı illərində olduğu kimi, ABŞ-ın Rusiyanı növbəti dəfə parçalamağa can atdığını da anlayırlar. Hətta bunun üçün müxtəlif mexanizmlərin və ssenarilərin hazırlandığından da əmindirlər. Və bu baxımdan, avantürist siyasətçi V.Jirinovskinin xəyallarından fərqli olaraq, Bayden-Putin görüşü elə Rusiyanın bölüşdürülməsinin də başlanğıcına çevrilə bilər.
Məsələ ondadır ki, prezident Co Bayden Kreml sahibi V.Putin ilə görüşdə Rusiyada insanların və xalqların azadlıqlarının boğulduğuna diqqət çəkəcəyini vurğulayıb. Belə anlaşılır ki, prezident Co Bayden Rusiyanı ən zəif yerindən vurmağa hazırlaşır. Hər halda, Rusiyada insanların, xüsusilə də, xalqların hüquqlarının pozulması ilə bağlı mövzunun beynəlxalq səviyyədə aktuallaşacağı təqdirdə, Kreml üçün daha "qaranlıq dövr"ün başlaya biləcəyi istisna deyil.
Təbii ki, Kremldə də belə bir təhlükənin mövcudluğuna ciddi yanaşırlar. Rusiya vətəndaşları və xalqlarının hüquqları ilə bağlı mövzunun kütləvi müzakirəsinə hazır deyillər. Üstəlik, Kremlə yaxın siyasi dairələrin reaksiyasına əsasən, belə müzakirələrin Rusiyanın parçalanma prosesini başlada biləcəyindən də narahat olduqlarını düşünmək olar.
Bütün bunları nəzərə aldıqda, Ağ Ev sahibi Co Bayden ilə görüş ərəfəsində Rusiya prezidenti Vladimir Putinin açıqlamaları ciddi maraq doğurur: "Mən keçmiş SSRI-nin keçmiş vətəndaşı kimi, imperiyaların əsas problemini söyləyə bilərəm. Onlar özlərini o qədər qüdrətli hesab edirlər ki, hətta bəzi xırda səhvləri özlərinə rəva bilirlər".
Prezident Vladimir Putinin fikrincə, imperiyaların sonu da məhz həmin xirda səhvlərin sayı çoxalaraq, onların həllini mümkünsüz etdiyi andan başlanır: "İndi ABŞ da məhz möhkəm və əmin addımlar ilə birbaşa SSRİ-nin yolu ilə gedir".
Göründüyü kimi, Kreml sahibi Ağ Evə açıq xəbərdarlıq edir. ABŞ-ın buraxdığı xırda səhvlərin artıq həlledilməz həddə çatdığına eyham vurur. Və imperiya hesab etdiyi ABŞ-ın tezliklə parçalanıb, dağılacağını proqnozlaşdırır.
Əlbəttə ki, Co Bayden ilə görüşə bir neçə gün qalmış prezident Vladimir Putinin ABŞ-la bağlı belə qorxunc proqnoz irəli sürməsi müəyyən mənada, gözlənilməz xarakter daşıyır. Hər halda, prezident Vladimir Putin belə qalmaqallı açıqlamalara meyilli dövlət başçısı deyil. Ona görə də, hesab etmək olar ki, Kreml sahibi ABŞ-la bağlı reallaşma ehtimalı qətiyyən xəyal təsiri bağışlamayan belə qorxunc və müəmmalı proqnozu verməklə, prezident Co Baydenə yerini göstərmək niyyəti də güdmüş ola bilər.
Ola bilsin ki, prezident V.Putin Ağ Ev sahibinin qarşıdakı görüşdə Rusiyaya qarşı təzyiq taktikasından istifadə edəcəyindən əmindir. Ona görə də, prezident V.Putin qarşı tərəfə ABŞ-ın mövcud "qüdrət"ini və gələcək "perspektivlər"ini təxminən bildiklərini çatdırmağa çalışır. Bununla da, yaxın gələcəkdə dağılma ehtimalı olan bir superdövlətin təhdidlərini ciddiyə almağa hazırlaşmadıqlarını qabardır. Yəni, dolayısı ilə prezident Co Baydenə təhlükəli nəticələrdən uzaq olmaq üçün siyasi-diplomatik qaydaları pozmağa cəsarət etməmək tövsiyyə olunur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert