Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Təklik və tənhalıq -Səbəbləri və çıxış yolları  

 

Deyirlər göyün yeddinci qatında bir daş var, götürəndə peşmandır, götürməyəndə. Dünya yaranandan bu günə qədər hər bir insan övladı xoşbəxtlik  axtarışındadır. Buna baxmayaraq hələ də məhəbbət və xoşbəxtlik qədər insana aydın olmayan bir hiss yəqin ki, yoxdur. İnsanların mənəvi tələbatlarından biri, bəlkə də ən əsası məhəbbətdir. Məhəbbət insan övladına su, çörək və hava kimi lazımdırsa bəs niyə su, çörək və hava barədə dastanlar yazılmır, filmlər çəkilmir?  

Yenixeber.org:  Öz taleyini axtaran, sevmək, sevilmək, xoşbəxt olmaq istəyən  insanlar psixoloqlara, falçı və cadugərlərə müraciət edirlər. Amma  çox az insan öz xoşbəxtliyini aktiv surətdə axtarıb tapmaq yollarını bilir. Dünyada elə bir insan övladı ola bilməz ki,  insan sevgisinə, insan məhəbbətinə ehtiyacı olmasın. Bunu bilmədiyim vaxtlarda kiminsə övladlığa uşaq götürməsinə təəccüb edirdim: başqasının uşağını böyütmək nəyə lazımdır? İnsan bilə-bilə ki, bu uşaq onun öz övladı deyil necə belə bir işə razı ola bilər? Amma həyat zamanla öyrədir ki, bu çox normal bir şeydir, tənha qalmaq qorxusu insanı belə bir addım atmağa məcbur edir.  

 

            Təklik barədə çox düşünmüşəm. Əgər siz də bir az düşünsəniz, mənə haqq verərsiniz. Bir ətrafınıza nəzər salın. Görün nə qədər savadlı, gözəl, bacarıqlı insanlar var. Bu insanların hər birinin problemlərini araşdırmağa çalışsanız çaşıb qalarsınız. Hər kəsin özü ağırlığında problemi var. Belə bir məsəl də var ki: ”Allah dərdi çəkənə verir.” Dərdi çəkə bilən adamların həmişə dərdi var. Mənim qadın olmağımı nəzərə alsaq, onda məhz qadınların həyatı ilə daha  çox maraqlanmağım da təbii görünər. Tanıdığım və tanımadığım gözəl, savadlı, ağıllı və yüksək intellektə malik olan qadınların çoxu ailəlidir. Bu qadınlar cəmiyyətdə müvəffəq mövqe tutmaqla bərabər yaxşı anadırlar. Həyat yoldaşlarına ailəni dolandırmaqda kömək edir və uşaqların tərbiyəsi ilə şəxsən özləri məşğul olurlar. Bununla bərabər valideynlərinə və qohum-qardaşlarına da  vaxt ayırırlar. Bu qadınlar təklik problemi yaşamırlar.

 

            Eyni ilə bu səviyyəli qadınların bir hissəsi isə tək qalır, özlərinə zamanında ailə qura bilmirlər. Tək qalmalarının səbəbini valideynlərində, cəmiyyətdə, təhsil müddətini başa vurmamalarında və s. görürlər. Belə çıxır ki, onların həyatında hamı günahkardır yalnız bu qadınların özlərindən başqa. Lakin birdəfəlik və həmişəlik yadda saxlayın ki, problem insanın özündədir, insanın düşüncə tərzindədir. Gənc qızların zamanında ailə qurmamasının əsas səbəblərindən biri və başlıcası valideynlərin, xüsusən ananın övladının daxili dünyasına maraq göstərməməsidir.  Bəzən qızının ailə qurmaq yaşı keçsə də ana qızına təlqin edir: “oğlanların minnəti olsun ki, sən onları bəyənəsən”, “evi, maşını, pulu olmayan oğlan sənin nəyinə lazımdır”, “həmişə çalış ki, öz dediyini elətdirəsən“  və s. Ancaq düşünmək lazımdır ki, həyat nə nağıldır, nə film, nə teatr. Həyatın öz qanunları var və kimsəyə bu qanunları pozmağa icazə verməz.

            Mənim uzaq qohumlarımdan birinin qızı bu səhv düşüncələrin qurbanı olaraq 32  yaşda hələ anasının dediyi kimi “qoy oğlanlar sənə yalvarsın, qız qaldıqca qızıla dönər” fikri ilə yaşayır. Mən bu qızın anasına “niyə qızı yaxşı bir oğlan tapıb ərə vermirsən“ dedikdə ana mənə “mən niyə oğlan tapıram, qoy oğlanlar mənə yalvarsın ki, qızımı verim“ deyə cavab verdi. Belə analara demək istəyirəm ki, insan gərək özündən bu qədər razı olmasın. Əgər qızın dünya gözəli olsa, yüksək intellektli, yaxşı iş və maaşla təmin olunmuş olsa, əlbəttə sən bir qədər haqlısan. Ancaq bir qədər. Hətta bu keyfiyyətləri olan qızlar belə bəzən zamanında ailə qura bilmir. Bəs allah ağılı bizə nəyə görə verib? Biz həyatımıza ancaq kənardan bir seyrçi kimi baxmalıyıq? Bizim arzularımız, istəklərimiz uğrunda kim mübarizə aparacaq? Bizim həyatımızı kim quracaq? Artıq XXI əsr olduğunu bizə kimsə başa salmalıdırmı? Bəlkə yaxşı, ancaq yaşı bir qədər keçmiş qızların qapısını kimsə döyüb soruşacaq:burda mənə uyğun, mənim istədiyim kimi bir qız yaşayırmı? Belə şeylər ancaq filmlərdə olur, həyarda öz xoşbəxtliyin uğrunda mübarizə aparmalısan. Əgər bir qədər gecikmisənsə, deməli günah sənin özündədir, daha ayıq olmalısan. Bu o demək deyil ki, hər tanımadığın, bilmədiyin adama həyatını bağlayasan ki, mən artıq evdə qalmışam, kim gəldi ailə quracağam. Bu qətiyyən yol verilməzdir! Axtarın, inandığınız dostlara qohumlara müraciət edin, burda utanmalı bir şey yoxdur, siz kiminsə həyatına müdaxilə etmirsiniz, sadəcə öz xoşbəxtliyinizi axtarırsınız və sizin buna tam haqqınız var. Siz də hamı kimi xoşbəxt olmağa layiqsiniz. Sadəcə bunu qəbul etmək lazımdır ki, hər kəsin həyatı bir yolla qurulur. Həyat belədir. Bəzilərinin həyatı çox asan yolla, bəzilərininki isə çətinliklə qurulur, təki axırı xeyir olsun. Bəzən tanışlıqla (yəni vasitəçiliklə) qurulan ailə daha xoşbəxt olur, sevgi nəticəsində qurulan ailə isə... Bilmirəm mənimlə nə dərəcədə razılaşarsınız, bəlkə mən səhv edirəm, insan həyat qurub dünyaya uşaq gətirsə və sonra ayrılsa (nə qədər istəməsək də bu həyatdır, hər şey ola bilər) daha yaxşıdır, nəinki ömrü boyu tək qalsa. Bu zaman insan öz övladına lazım olduğunu bilir və özünə dəyər verir. Əgər insan həyatda heç kimə lazım deyilsə bu çox ağırdır. (Burada xatırlamaya bilmirəm ki, övladlığa uşaq götürənlərə təəccüb etməyim nə dərəcədə səhv imiş). Nəhayət, bütün ölkələrdə tanışlıq saytları var, indi biz çox dəyişkən dünyada yaşayırıq, hamı məşğuldur, heç kimin boş vaxtı yoxdur ki, ancaq öz həyatını qurmaqla məşğul olsun. İnsanlar bu satylarda tanış olur, uyğun variant olduqda görüşür, daha sonra ailə də qura bilirlər. Biz nə qədər inkar etsək və “bu bizim mentalitetə uyğun deyil” desək də, buynumuza almalıyıq:bizdə də eyni yolla gedirlər, bunu gizlətsələr belə, bu belədir. Belə tanışlıqlar çoxdur, bu yolla qurulan ailələr vardır, getdikcə çoxalacaq.

 

Qadınlara nisbətən kişilərdə təklik daha ağır psixoloji fəsadlar törədir. Tək kişilər ya içməyə başlayır ya da müxtəlif xəstəliklərdən əziyyət çəkir. Bu xəstəliklər neqativ fikirlərdən, düzgün rejimlə yaşamamaqdan  yaranır. Uzun müddət tək yaşamağa alışmış kişilər psixoloji  cəhətdən normal olmur. İlk baxışdan normal təsir bağışlasa da, uzun müddət tək yaşayan kişilər heç kimə etibar etmirlər. Qeyd etmək lazımdır ki, bu xarakterli kişilər əksər hallarda çox xəsis olur. (Siz xarici filmilərdə göstərilən  orta yaşlı, subay, gözəl milyonçuları göz önünə gətirib mənə etiraz edə bilərsiniz, ancaq unutmayın bura Azərbaycandır, bizim mentalitetdə subay kişilər uzun müddət belə yaşaya bilməz). “Qabusnamə”də belə bir nəsihət var: “heç vaxt xəsis adamla ünsiyyət qurub ona inanma”. Mənim düşüncəmə görə də xəsis adamla dost olmağa dəyməz, çünki belə adamlar beş manata görə dostunu dar ayaqda qoyub qaçar. Belə kişilər evini, çörəyini, nəhayət sevincini belə heç kəslə bölüşə bilməz. Onlar tək qalmağa layiqdir.

 

Bir tanışım var. Bu kişi gənc vaxtlarında da varlı bir kişinin qızı ilə evlənib, onun evində, bağında, onun hesabına yaşayıb, onun hesabına yaxşı yerdə az zəhmətlə yüksək maaş alıb. Lakin, həyat yoldaşını erkən itirirb. Orta yaşlı, hələ uzun illər sağlam həyat tərzi ilə yaşamağa qabil bir kişidir. Lakin bədbəxtlikdən o qədər xəsisdir ki, onu tanıyan heç bir qadın öz həyatını onunla bağlamaz. Bu kişi yenə evi olan, maddi imkanlı qadın axtarışındadır. Yaşını  belə nəzərə almadan varlı qadın axtarır ki, qalan ömrünü də onun hesabına yaşasın. Bu axtarışlar üç ildir ki, heç bir nəticə vermir. İndi cavan olmadığını nəzərə almayan qoca və xəsis infantil ruhdan düşmədən axtarır. Tək qalmaq belələri ilə birlikdə yaşamaqdan çox-çox yaxşıdır. Belə insanlar qansoran həşərat kimi bir şeydir, qan qurtardı başqa mənbə axtaracaq. Biz bir az çətinliyə düşən kimi darda qoyub qaçacaq. Bunun  məhz belə olacağına əmin ola bilərsiniz.   

 

Həyatda tək qalmamaq, yaxşı və yaman gündə ətrafında qəlbinə yaxın insanları görmək böyük təsəllidir. Buna görə də insan öz psixologiyasına uyğun dostlar seçməli və bu dostları itirməməyə çalışmalıdır. Deyilənlərə inansaq dostluq yoxdur, dostluq həyatda özünü doğrultmur, heç kəsə etibar etmək mümkün deyil və s. Sizi bilmirəm, mən bunun tam belə olduğunu düşünmürəm. Etibarlı, vəfalı insanlar çoxdur, sadəcə onları görmək və seçə bilmək lazımdır. Dostluq nə deməkdir, biz dost deyəndə kimi nəzərdə tuturuq? Biz dosta nə veririk və əvəzində nə istəyirik, özümüz nə dərəcədə vəfalıyıq? Əgər dostumuzu borc istəməklə, bu və ya başqa tələblərlə bezdirsək bizimlə kim dost olar? Problem həmişə insanın özündədir. Bunu unutmayın. Təkliyin səbəbləri çox müxtəlifdir...

Köhnə evdə yaşayanda mənim bir qonşum vardı. Bu qadın həmyerlim olduğu üçün münasibətimiz bir qədər isti idi. Həyat yoldaşı ailəsinin yaxşı yaşaması üçün çox çalışır, evə yorğun gəlirdi. Qadın işləmirdi və “çox darıxıram, işləmək istəyirəm” deyə həmişə evdə qanqaraçılıq yaradırdı. Lakin heç bir təhsili və bacardığı bir iş olmadığı üçün yoldaşı: “mən səni harada işə düzəldim, gedib qabyuyanmı işləyəcəksən?” deyə ona evdə oturub ailəsi, uşaqların dərsləri ilə məşğul olmağı məsləhət görürdü. Qadın getdikcə daha səbirsiz və davakar olmağa başlayanda kişi evə gec gəlirdi və gələn kimi yatırdı. Məlum olduğu kimi qadınlar lazım olanda müxtəlif hiylələrdən istifadə edərək öz istəklərinə nail olmağa çalışır və çox təəssüf ki, bu zaman istifadə olunan yolların düzgün olmadığının fərqinə varmırlar. Ərinin icazəsi olmadan yaxında yerləşən bir kafedə xörəkpaylayan yerində işə düzəldi, boşanaram, ancaq işdən çıxmaram, deyə səhər tezdən gedib axşam qaranlıq düşəndən sonra evə gəlməyə başladı. Qadının əri ləyaqətli bir kişi idi və heç bir ehtiyacı olmadan prinsipal olaraq məhz ərinin istəmədiyi bir işə düzəlməsi çox acı nəticə verdi və o qadın tutduğu işin nə demək olduğunu ancaq uzun illər tək qalandan sonra başa düşdü, lakin sonrakı peşmanlıq nəyə yarar? Kişi sakit, səssiz-küysüz boşandı və özünün uzaq qohumu bir qadınla evləndi. İndi onun yeni ailəsi və iki övladı var, eşitdiyimə görə yaxşı yaşayır. Ailəsini öz əlləri ilə dağıtmış qadın artıq yaşlı bir qadındır, uşaqları ilə münasibətləri soyuqdur, uşaqlar atalarının onun səhvi ucbatından başqa bir qadınla ailə qurmasını ona bağışlaya bilmirlər.

 

            Ümumiyyətlə hər bir insanın tək qalmasının müxtəlif səbəbləri olur. Bəzən heç bir səbəb olmadan belə tək qalmaq mümkündür. Ömür vəfasızdır, cütlüyün biri ölərsə, o biri tək qalmağa məhkumdur. İnsan yüzlərlə adamın əhatəsində olsa da, daxilən tək ola bilər və bu artıq başqa bir mövzudur. Hər bir qadın və hər bir kişi özünə etibarlı, ağılı, layiqli yoldaş axtarır. Yeri gəlmişkən, xarici görünüşün mühüm və əsas faktor olduğunu unutmamalı. Gözəllik nə qədər soyuq olsa belə, yenə insanı əsir edir. Bunun niyə belə olduğunu heç kəs izah edə bilməsə də, bu inkar edilməz faktdır. Gözəl qadınların və ya gözəl kişilərin yaxşı həyat yoldaşı ola bilmələri barədə şəxsən mənim fikrim müsbətdir. Ancaq nədənsə çox zaman gözəl qadınlar orta dərəcədə xarici görünüşü olan kişilərə, gözəl kişilər isə  demək olar ki, çirkin qadınlara qismət olur. Bilmək olmur, bəlkə bu şüurlu seçimdir, bunun niyə belə olduğunu mən də bilmirəm. Bunun məhz belə olduğunu isə siz məndən daha yaxşı bilirsiniz. Bunu hər addımda müşahidə etmək mümkündür. Nə isə, yaxşı yaşayırlarsa bu daha məqsədəuyğundur. Mənə qalarsa insan özünə həyat yoldaşı axtararkən xarici görünüşə mütləq diqqət verməlidirlər, çünki, onların nəslinin davamçıları heç olmasa orta keyfiyyətli gözəlliyi itirməsinlər. Bununla belə insani keyfiyyətlər daha önəmlidir. Sonda tək qalmaqdansa çirkin, lakin yaxşı xarakterli insanla birlikdə olmaq daha  məqsədəuyğun deyilmi? 

 

Tənhalıq insan övladına dost deyil, onu sevən yoxdur, onunla mübarizə aparmaq lazımdır. Təkliyə üsyan edib onu həyatınızdan çıxarmaq üçün çalışmalısınız. Böyük Mövlananın sözünü unutmayın, təkcə susayanlar suyu axtarmaz, su da susuzları axtarar. Həyat bir günlük deyil ki, sonu tez başa çatsın, ömür yolunda bizi nələr gözləyir bilmirik, bu yolda yaxşı və yaman günü tək yaşamayın. Təkliyin psixoloji səbəbləri çoxdur. Bu səbəbləri zamanla qeyd edərik.

         P.S. Tənhalığın psixoloji əsaslarını axtararkən internetdə bir yazıya rast gəldim:”Bütün həyatı boyu insan tənhalıqdan qaçmağa çalışır. Bəzən isə buna adət edir. Razı olmayanlar pisləyirlər… Bu hal ilə barışanlar fikir vermirlər… Mənəvi cəhətdən yanaşanlar zövq alırlar. Amma, bu vacib deyil, vacib olan başqa şeydir. Vacib olan odur ki, o həmişə var. Olub və olacaq. Onsuz mümkün deyil. Sən fikirləşirsən ki, tənhalıq ətrafdakıların səni başa düşməməyidir? Yox, əsla. Sən özünü başadüşülməz etmə”.

 

 Amaliya Murad

İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının  araşdırmaçısı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam