Paşinyanın həlledici savaşı: Azərbaycan və Türkiyə ilə bağlı planlar qurur, Rusiyaya yenə "daş" atır
Ermənistan baş naziri Nikol Paşinyan Rusiya ilə bağlı mövqeyini dəyişməyib, hakimiyyətdə qalarsa, ölkəsini yenidən Qərbə doğru istiqamətləndirmək niyyətindədir; Bu hədəfə çatmaq üçün isə Azərbaycan və Türkiyədən səhnəarxası geopolitik dəstək ala biləcəyinə ümid bəsləyir...
Yenixeber.org: Ermənistanda hakimiyyət uğrunda mübarizə artıq son mərhələyə keçib. Bu mübarizənin necə nəticələnəcəyi növbədənkənar parlament seçkilərindən sonra məlum olacaq. Və bu, siyasi böhranın indi həlledici mərhələdə olduğunu göstərir.
Ermənistan baş naziri Nikol Paşinyan bu seçkilərə ciddi şəkildə hazırlaşır. Əslində, onun seçki hazırlığı hələ 10 noyabr anlaşmasından dərhal sonra başlamışdı. Və bu anlaşma müəyyən mənada, onun hakimiyyət uğrunda mübarizədə qələbə qazanmaq planında ilk addım da sayıla bilər.
Əlbəttə, 10 noyabr və 11 yanvar anlaşmaları siyasi-hüquqi baxımdan, Ermənistanın savaşda məğlubiyyətinin təsdiqini ifadə edir. Həm də, ölkədaxili ictimai rəyi məhz onu imzalayan erməni baş nazirə qarşı çevirir. Bununla belə, hər iki sənəd Ermənistanın məğlubiyyəti ilə yanaşı, onun baş nazirinin siyasi maraqlarına tamamilə cavab verir.
Məsələ ondadır ki, məğlub ölkənin baş naziri həmin sənədləri imzalamaqla, ilk növbədə öz hakimiyyətini qarşı xarici təhlükələrdən yayındırmış oldu. İndi Cənubi Qafqazda söz sahibi olan üç önəmli dövlət - Azərbaycan, Türkiyə və Rusiya üçün Paşinyan hakimiyyətinin devrilməsi qətiyyən prinsipial hədəf deyil. Əksinə, fərqli səbəblərdən olsa da, hər üç geopolitik oyunçunun regional maraqlarında Paşinyan hakimiyyətinin qorunması daha ön planda yer alır.
Baş nazir Nikol Paşinyanın hakimiyyət uğrunda mübarizədə növbəti addımları isə savaş məğlubiyyəti və üçtərəfli anlaşmalarla bağlı üzləşdiyi ölkədaxili kütləvi etiraz və amansız siyasi təzyiq dalğalarını dəf etməyə yönəlmişdi. Və o, son beş ay ərzində hərbi çevriliş cəhdi də daxil olmaqla, bu "siyasi xaos bataqlığı"ndan çıxa bildi.
İndi növbə son mərhələyə çatıb. Bu mərhələdə onun əsas hədəfi revanşist siyasi rəqibləri üzərində həlledici qələbə qazanaq, onları siyasi səhnədən tamamilə süpürüb, atmaqdır.
Bacaracaqmı? Əlbəttə, indidən bunu birmənalı şəkildə söyləmək mümkün deyil. Ancaq erməni baş nazirin son davranışları onun bu hədəfə çatmaq üçün hər şeyə hazır olduğunu göstərir. Üstəlik, atdığı addımlarda siyasi avantüra ilə yanaşı, ifrat hiyləgərlik əlamətləri də sezilir.
Erməni baş nazirin vətəndaşlarla görüşdə dilə gətirdiyi fikirlərdə belə hiyləgərlik əlamətləri kifayət qədərdir. Məsələn, əvvəlcə o, keçmiş prezident Serj Sarkisyanın dövründə Dağlıq Qarabağın və 7 rayonun mərhələli şəkildə Azərbaycana qaytarılmasına razılığa yaxınlaşıldığını iddia edir. Yəni, indi onu hədəfə alanların da vaxtilə işğal olunmuş əraziləri qaytarmağa razılaşdıqlarını qabardır.
Ardınca isə üçtərəfli anlaşmaların icrasından imtina edilməsindən imtina cəhdlərinin Ermənistan üçün faciəvi nəticələr vəd etdiyini vurğulayıb: “Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, hazırkı anda Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina etmək mümkün deyil".
Baş nazir Nikol Paşinyan demək istəyir ki, Ermənistanın qarşısında icrasından qaçılması mümkün olmayan iki önəmli sənəd var. Onu xəyanətdə suçlayanlar da hakimiyyətə gəlsə, həmin sənədləri istənilən halda, icra edəcəklər. Belə olan təqdirdə, hakimiyyətin dəyişdirilməsi mənasızdır. Üstəlik, seçkilərdə ona səs verilməyəcəyi halda, uzun illər Ermənistanı rüşvət və korrupsiya bataqlığına salanların yenidən hakimiyyətə gəlib, əhaliyə zülm edəcəklərini anlatmağa çalışır.
Erməni baş nazir hakimiyyətini qoruyacağı təqdirdə, yürüdəcəyi siyasətin istiqamətlərini də gizlətmir. O, çalışmağa davam etmək tövsiyəsi ilə yanaşı, problemlərin həllində çıxış yolu kimi, regional kommunikasiya xətlərinin və yolların açılmasının qaçılmazlığını qabardır: "Əgər kimsə desə ki, bu, yalnız Azərbaycana və ya Ermənistana sərfəlidir, inanmayın. Azərbaycan Naxçıvanla kommunikasiya, biz isə Rusiya və İranla dəmir yolu imkanını əldə etməliyik. Bu, o deməkdir ki, ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişəcək”.
Göründüyü kimi, erməni baş nazir ilk dəfədir ki, bu mövzuda bu qədər açıq danışmağa cəsarət edir. Görünür, o, Ermənistan vətəndaşlarına həqiqətləri olduğu kimi çatdırmağın vaxtının gəldiyi qənaətindədir. Ermənistanın Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurması ilə bağlı mövzunun siyasi rəqibləri tərəfindən əks təbliğat vasitəsinə çevrilməsinin qarşısını almağa qərar verib.
Əksinə, baş nazir Nikol Paşinyan qonşularla normallaşma prosesinin Ermənistanda sosial rifahın yükşəlişinin və iqtisadi inkişafın yeganə yolu olduğunu təbliğ edir. Yəni, erməni baş nazir artıq bütün siyasi hədəflərini tamamilə açmaq qərarına gəlib. Revanşist siyasi rəqiblərindən fərqli olaraq, ideoloji deyil, realist mövqeyə meyl edir. Və bu, olduqca önəmli siyasi manevrdir.
Əgər, baş nazir Nikol Paşinyan seçkilərə qədər bu siyasi hədəflərinin doğru olduğuna və ölkəni sosial-iqtisadi böhrandan çıxaracağına, Ermənistanı müasir inkişaf reallıqlarına yaxınlaşdıra biləcəyinə inandırsa, qələbə şansı artmış olacaq. Bu halda, onun siyasi rəqibləri yalnız məğlubiyyətə uğramış olmayacaqlar. Onlar həm də siyasət səhnəsindən uzaqlaşmaq məcburiyyətində qala bilərlər.
Böyük ehtimalla erməni baş nazirin əsas siyasi hədəfi də məhz budur. Seçkilər Ermənistanda hakimiyyət uğrunda mübarizənin son mərhələsi olacaq. Bu mərhələdə məğlub olan siyasi səhnəni həmişəlik tərk etmək məcburiyyətində qalacaq.
Erməni baş nazir özünü də belə təhlükənin gözlədiyini anlamış deyil. Keçmiş prezident Levon Ter-Petrosyanın vasitəsilə ona yönəlik "Nikol xarici ölkələrin birində özünə sığınacaq tapmalıdır" mesajı da bu mərhələnin həlledici olduğunu göstərir. Və N.Paşinyan özünə seçici rəğbəti qazandıran "Mən harasa qaçmaq fikrində deyiləm. Xalqın verəcəyi cəzaya hazıram" cavabı ilə siyasi rəqiblərini məyus etmək niyyətini gizlətmir.
Ancaq bununla yanaşı, erməni baş nazir ABŞ və Qərbin dəstəyinin də vacib olduğunu bilməmiş deyil. "İsgəndər partlamır" açıqlaması ona Qərb siyasi dairələrində müəyyən dividentlər qazandırıb. Halbuki bundan sonra belə açıq manevrlərin təhlükəli ola biləcəyi də qətiyyən şübhə doğurmur.
Ona görə də, baş nazir Nikol Paşinyan artıq üstüörtülü eyhamlara üstünlük verir. Düzdür, onun son açıqlamasında yer alan "Rusiya savaş dövründə müttəfiqlik öhdəliklərini yerinə yetirdi. Ancaq unutmaq olmaz ki, Rusiya Azərbaycanla düşmən deyil. Biz Rusiyaya həddindən artıq çox öhdəlik yükləyirik" ifadələri Rusiyaya müsbət mesaj kimi dəyərləndirilir. Ancaq bu açıqlamanın özündə də Kremlə yönəlik üstüörtülü ittihamın olduğu qətiyyən diqqətdən yayınmır.
Böyük ehtimalla erməni baş nazir Rusiyanın Ermənistanla müttəfiqlik öhdəliklərinə deyil, daha çox məhz öz milli maraqlarına uyğun addımlar atdığına dolayısı ilə eyham vurur. Ona görə də, Rusiyadan bu qədər böyük fədakarlıqlar gözləməyin yersiz olduğunu anlatmağa cəhd edir. Və ermənilərə Kremlə çox da ümid bəsləməməyi öyrənməyə çalışır.
Göründüyü kimi, ilk baxışdan, Rusiyaya etimad təsiri bağışlayan açıqlamanın arxasında Kremlin "bostanına hiyləgərcəsinə atılmış daş" da gizlənir. Belə anlaşılır ki, erməni baş nazirin Rusiya ilə bağlı mövqeyi o qədər də böyük dəyişikliklərə uğramayıb. O, seçkilərdə qalib gəlib, hakimiyyətdə qalacağı təqdirdə, ölkəsini yenidən Qərbə doğru istiqamətləndirmək niyyətindən əl çəkməyib.
Ancaq bu, yalnız Azərbaycan və Türkiyə ilə normal münasibətlər sayəsində mümkün ola bilər. Çünki Ermənistanın Qərbə çıxış yolu yalnız bu iki dövlətin üzərindən mümkündür. Əks halda, Ermənistan artıq ikrahla qarşılandığı Rusiyanın vassalı olmaqdan yayına bilməz.
Təbii ki, bu baxımdan, baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı xüsusi planlarının olduğunu da düşünmək olar. Və bu planların nə qədər effektiv olduğu isə yəqin ki, məhz seçkilərdən qalib çıxacağı təqdirdə, aydınlaşmağa başlayacaq.
Elçin XALİDBƏYLİ:
Siyasi ekspert