Berlinin ilk komendantı olan sovet generalı – müəmmalı qəzada ölən Berzarin hələ də Berlinin fəxri vətəndaşıdır
Yenixeber.org: II dünya müharibəsi sona çatanda Berlin şəhərinin hansı vəziyyətdə olması ilə bağlı ilkin təsəvvür əldə etmək üçün bir neçə faktı sadalamaq kifayət edər. Berlin uğrunda gedən döyüşlər zamanı şəhərdə olan 250 min binadan 30 mini tamam dağılıb, digərləri müxtəlif dərəcələrdə dağıntılara məruz qalıb, şəhər metrosu stansiyalarının üçdə bir hissəsi yararsız vəziyyətə düşüb, 225 körpü elə alman faşistlərinin özləri tərəfindən partladılıb, bütün kommunikasiyalar məhv edilib, xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları iflic vəziyyətinə düşüb, yerli sakinlər üçün ərzaq və digər gündəlik tələbat mallarının əldə edilməsi böyük problemə çevrilib. Belə bir vəziyyətdə şəhərin idarə edilməsi missiyası Berlindəki sovet hərbi komendaturasının üzərinə düşüb və sözsüz ki, şəhərə təyin olunacaq ilk komendantın kim olacağı, bu ağır yükü kimin daşıya biləcəyi Kremldə böyük müzakirələrə səbəb olub.
Dövlət Müdafiə Komitəsində Berlinə ilk komendant təyinatı bir neçə dəfə müzakirə olunduqdan sonra, sonda İosif Stalin marşal Georgi Jukovun təklifini qəbul edib. Beləliklə, general-polkovnik Nikolay Berzarin Berlinin birinci komendantı və Berlindəki sovet qarnizonunun rəisi təyin edilib.
Nikolay Berzarinin komendant kimi ilk əmrində Berlində bütün hakimiyyətin sovet hərbi komendaturasına keçdiyi, faşist partiyasının buraxıldığı, onun təşkilatlarının fəaliyyətinə qadağan qoyulduğu və sovet hərbi komendaturasının şəhərdə vəziyyətin stabilləşdirilməsi sahəsində fəaliyyəti əks olunub.
Komendatura və onun tabeliyində olan hərbi hissələr ilk olaraq yanğınların söndürülməsi, şəhərdən meyitlərin yığışdırılması və basdırılması, əsas yolların dağıntılardan təmizlənməsi ilə məşğul olublar. Daha sonra Berlin sakinlərinin ərzaq təminatı, tibb xidməti, sosial problemləri üçün tədbirlər həyata keçirilib. Məhz general Berzarinin gərgin fəaliyyəti nəticəsində Berlində qısa müddətdə minimum yaşayış şəraiti yardılıb.
20 may 1945-ci ildə Berlində yeni şəhər soveti yaradılması ilə bağlı keçirilən iclasda Berzarin çıxışında öz fəaliyyət istiqamətlərini belə açıqlayıb:
“Bu müharibədə bizim xalqımızın qanı tökülüb və müharibə ərəfəsində biz çox böyük çətinliklərlə üzləşmişik. Həyatımda ilk dəfə idi ki, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklərin şahidi olurdum. Bu vəhşilikləri törədənlər isə alman zəbitləri və əsgərləri idi. Amma biz sıravi almanlarla bu cür rəftar etməyəcəyik. Biz su kəmərlərini də bərpa edəcəyik, metro da işləyəcək, teatrlar da açılacaq, xəstəxanalar və məktəblər fəaliyyət göstərəcək, uşaqlar dərsə gedəcəklər, qəzetlər də işlq üzü görəcək...”
Nikolay Berzarin iki aydan az bir müddətdə Berlinin komendantı vəzifəsini daşıyıb. Bu qısa vaxt ərzində o, dağılmış Berlində həyatı bərpa edib. Onun xidmətləri daha çox ola bilərdi. Amma faciəli şəkildə həlak olması Berzarinin gələcək planlarını yarımçıq qoyub.
16 iyun 1945-ci ildə, 41 yaşında olanda Nikolay Berzarin Berlinin Fridrixsveld rayonunda avtoqəza nəticəsində həlak olub. Qəzanın baş vermə səbəbləri bu günə kimi də müəmmalı olaraq qalıb və qəza ilə bağlı bir çox versiyalar da səsləndirilib.
Rəsmi olaraq bildirilib ki, Berzarinin idarə etdiyi motosiklet tikinti materialları daşıyan sovet yük maşınları ilə toqquşub. Belə ki, general yol ayrıcında sol tərəfdən çıxan yük maşınlarından yayına bilməyərək onlardan birinə çırpılıb və qəza nəticəsində həlak olub.
Versiyaların birinə görə, Berzarin sərxoş vəziyyətdə olduğundan idarəetməni itirib və yol kənarındakı daş maneələrə çırpılaraq yoldan keçən yük maşınını qarşısına düşüb.
Digər bir versiyaya görə, avtoqəza qəsdən təşkil olunub. Berlini ərzaqla təmin edən şirkət rəhbərlərindən biri “biznesinin” daha yaxşı getməsi üçün Berzarini aradan götürməyi qərara alıb.
Bütün bu versiyalara baxmayaraq, generalın ölümünü “avtoqəza” kimi rəsmiləşdiriblər. Berzarinin nəşi Moskvaya gətirilib. Generalın dəfni təntənəli hərbi mərasimlə keçirilib. O, Novodeviçye qəbirstanlığında dəfn olunub.
Qeyd edək ki, Nikolay Berzarin 1904-cü ildə Sankt-Peterburqda anadan olub. Vətəndaş müharibəsində iştirak edib. Qırmızı ordunun nəzdindəki zabitlər kursunu və İrkutskda hərbi komandirlər məktəbini bitirib.
Berzarin vəzifə pillələrini sürətlə qalxıb. Rota komandiri, qərargah rəisi, alay komandiri, divizya komandiri vəzifələrində xidmət edən Berzarin müharibə başlananda 27-ci ordunun komandanı vəzifəsində olub. Müharibənin ən qızğın vaxtlarında isə o, qələbənin təmin edilməsində xüsusi rolu olan 39-cu və 5-ci orduya başçılıq edib.
Qələbənin 30-cu ildönümündə, 1975-ci ildə Almaniya (ADR) hakimiyyəti Nikolay Berzarini Berlinin fəxri vətəndaşı elan edib. Qərbi və Şərqi Almaniya birləşdikdən sonra Berzarinin adı fəxri vətəndaşlar siyahısından çıxarılıb. 2003-cü ildə isə Berlin senatında keçirilən müzakirələrdən sonra generalın fəxri vətəndaşlığı yenidən bərpa olunub.
Hazırda Berlinin rayonlarının birində Nikolay Berzarinin adını daşıyan meydan və körpü var.
İlham Cəmiloğlu