Stalin və Jukovun səhvlərinin qurbanı olan ordu generalı –onu güllələdikdən sonra etiraf ediblər ki, günahı yox imiş
Yenixeber.org: Ordu generalı rütbəsi sovet ordusunda marşaldan sonra ən yüksək ali hərbi rütbə sayılıb. Bu rütbə 7 may 1940-cı ildə təsis edilib. İlk olaraq ordu generalı rütbəsi Georgi Jukova, Kiril Meretskova və İvan Tyulenevə verilib. Elə həmin il, 1940-cı ildə bu siyahıya daha iki nəfər əlavə olunub: İosif Apanasenko və Dmitri Pavlov.
Sovet-alman müharibəsi zamanı 1943-cü ilə qədər heç kim bu rütbəyə təqdim olunmayıb. Yalnız 1943-cü ildən sonra yenidən ordu generalı rütbəsi verilməyə başlayıb. Ümumilikdə müharibə illərində bu rütbəni cəmi 18 nəfər daşıyıb. Qeyd edək ki, rəsmi olaraq ordu generalı rütbəsi SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə verilib. Qeyri-rəsmi isə rütbəyə təqdim olunacaq şəxslər İosif Stalinin təşəbbüsü ilə müəyyənləşib.
Yuxarıda qeyd etdiyimiz kimi, SSRİ Silahlı Qüvvələrində müharibəyə qədərki dövrdə ordu generalı rütbəsini daşıyanlardan biri Dmitri Pavlov olub. Dövrün ən perespektivli hərbçilərindən biri sayılan Pavlov bu rütbəyə şəxsən Stalinin təşəbbüsü layiq görülüb.
Dmitri Pavlov 1897-ci ildə Kostromada anadan olub. I dünya müharibəsində və vətəndaş müharibəsində iştirak edib. Omskda hərbi piyadalar məktəbində və Frunze adına Ali Hərbi Akademiyada təhsil alıb.
1936-1937-ci illərdə İspaniyada respublikaçılar tərəfindən sovet könüllüləri sırasında tank briqadasının komandiri kimi iştirak edib. Bir sıra uğurlu hərbi əməliyyatlara imza atıb. Məhz bu uğurlara görə Dmitri Pavlov SSRİ-yə qayıtdıqdan sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Pavlovun adı Kremldə həmişə yaxşı tərəfdən hallanıb, təkcə Stalin deyil, həm də Vyaçeslav Molotov onun xidmətlərini, peşəkarlığını yüksək qiymətləndirib. 1937-ci ildə yüksəkçinli hərbçilərin repressiyası getdiyi halda, Pavlovun bu ərəfədə hərbi karyerasında yüksəliş başlanıb. Təbii ki, bu da bir çox hərbi məmurlarda qısqanclığa səbəb olub.
1938-ci ildə Dmitri Pavlov baş hərbi şuranın üzvü seçilib. Silahlı qüvvələrlə bağlı qərarlar qəbul ediləndə onun təklifləri də nəzərə alınıb. Yaxın zamanlarda generalın ən yüksək vəzifələrdən birinə təyinatı da gözlənilib.
II dünya müharibəsi başlananda Pavlov ən böyük hərbi dairələrin birinə, Belarusiya xüsusi hərbi dairəsiniə komandan təyin edilib. Bir neçə aydan sonra Smolenskdəki hərbi birləşmələr də bu dairəyə daxil edilərək Qərb xüsusi hərbi dairəsi yaradılıb və Pavlov yenidən komandan vəzifəsini tutub.
Ordu generalı Dmitri Pavlov müharibəni Belarusiyada qarşılayıb. Dövlət Müdafiə Komitəsi onun səlahiyyətlərini daha da artıranda o, Stalindən bu vəzifədən azad olunmağını, Qərb cəbhəsində tank qoşunlarına komandan vəzifəsinə təyin edilməsini xahiş edib, bu vəzifədə cəbhəyə daha çox xeyir verəcəyini söyləyib. Stalin Pavlovun xahişini rədd edərək bir cümlə ilə cavab verib: “Siz cəbhə komandanı olaraq qalırsınız və vəzifənizin öhdəsindən gələcəyinizə mən inanıram...”
Pavlov peşəkar hərbçi kimi yaxşı anlayıb ki, komandanı olduğu dairənin ərazisində olan Belarusiyanı müdafiə etmək mümkün olmayacaq. İstər canlı qüvvələrin, istərsə də hərbi texnikanın qeyri-bərabər olduğu halda o, alman qoşunlarının geri oturdulmasını mümkünsüz sayıb. Komandanı olduğu hərbi dairədə vəziyyəti real qiymətləndirməyi bacaran general tam səfərbər olmaq üçün müvəqqəti geri çəkilmək təklifini Dövlət Müdafiə Komitəsinə təklif edəndə isə o, Baş Qərargahın rəhbərliyinin təpkisi ilə üzləşib.
Əslində Pavlov düzgün düşünüb, onun geri çəkilmək qərarının düzgün olduğu çox sonralar ali komandılıq tərəfindən etiraf da olunub.
Bu qarşılıqlı anlaşılmazlıq nəticəsində müharibənin başlandığı ilk 5 gündə sovet qoşunları Qərb cəbhəsində böyük itkilərə məruz qalıb. 5 gün ərzində alman qoşunları Pavlovun komandan olduğu hərbi dairənin ərazisində sutkada 60 kilometr irəliləyiblər. Bu 5 gün ərzində alman qoşunları Pavlovun ixtiyarında olan 1358 hərbi təyyarəni məhv ediblər. Bu təyyarələrdən 780-i elə aerodromlarda bambalanıb. 85 min döyüşçü ilk 5 gündə həlak olub. Belarusiya almanların tapdağı altında qalıb.
Hərbi araşdırmaçılar qərb cəbhəsindəki vəziyyətlə bağlı təhqiqat apararkən bölgədə yaranmış vəziyyətin əsl səbəbkarlırının Pavlov deyil, Stalin və Jukovun olduğunu vurğulayıblar. Araşdırma zamanı o da məlum olub ki, Pavlov dəfələrlə qərb cəbhəsindəki vəziyyətlə bağlı Jukova radioqramma göndərib. Jukov isə Stalinin bütün məsələlərdən xəbərdar olduğunu bildirib. Bəzi versiyalara görə, Jukov Pavlovu hərbi səhnədən uzaqlaşdırmaq üçün qəsdən lazımi tədbirlərə əl atmayıb.
Hərbi araşdırmaçılar daha bir statistikanı önə çəkiblər. Alman qoşunları Danimarkanı 1, Belçikanı 8, Yuqoslaviyanı 12, Yunanstanı 24, Polşanı 36, Fransanı 43, Norveçi 63 günə işğal ediblər. Bu statistika Dövlət Müdafiə Komitəsində yəqin ki, heç kimin diqqətini çəkməyib. Və heç kim nəzərə almayıb ki, müharibəyə hazır olmayan SSRİ-nin qərb cəbhəsində alman qoşunları öz uğurlu hərbi əməliyyatlarını davam etdirəcək.
Ordu generalı Dmitri Pavlov da qarşı tərəfin bu dərəcədə geniş miqyaslı hərbi əməliyyatlarını ağlına gətirməyib. Bir istiqamətdən bir alman diviziyasının hücumunu gözləyən Pavlov, bəlkə də onu dəf edə bilərmiş. Amma təkcə Brest tərəfdən 4 alman diviziyasının hücumu generalı çarəsiz vəziyyətə salıb.
Qərb cəbhəsində vəziyyətin gərginliyi ilə bağlı Stalin, Molotov və Jukovun üçlükdə müzakirəsi keçirilib. Jukov Pavlovun dairə komandanı vəzifəsindən geri çağrılması təklifini verib. Bu təkliflə Stalin və Molotov da razılaşıblar.
30 iyun 1941-ci ildə Pavlov Moskvaya çağrılıb, generalı Molotov və Jukov qəbul edib, ona xəbərdarlıq edərək komandan vəzifəsindən azad ediblər və eyni dairəyə komandan müavini göndəriblər.
Iyulun 2-də cəbhəyə qayıdan Pavlov iki gün sonra, iyulun 4-də Qomeldə həbs olunub. Həbs haqqında orderə Stalinin göstərişi ilə Lavrenti Beriya imza atıb.
Dmitri Pavlov Lefortovo həbsxanasında saxlanılıb. Onun haqqında vətənə xəyanət ittihamı sürülüb. Stalin istintaqın gedişi ilə şəxsən maraqlınıb, ona generalın vətən xaini maddəsi ilə cinayət işi açıldığını məruzə edəndə, o, maddənin dəyişilməsini göstəriş verib: “Pavlov vətənə xəyanət edə bilməz, generalı ləkələməyin, başqa bir maddə fikirləşin...”
SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası ordu generalı Pavlovu müharibə şəraitində vəzifə səlahiyyətlərini yerinə yetirməməkdə, səhlənkarlığı nəticəsində hərbi birləşmələrin böyük itkilərə məruz qalmasında, vəzifə səlahiyyətlərini aşmaqda ittiham edərək ən ağır cəzaya, güllənməyə məhkum edib.
İyulun 22-də məhkəmənin hökmü icra edilib, rütbələri və dövlət təltifləri geri alınan 43 yaşlı general Kommunarka güllələnib.
31 iyul 1967-ci ildə Dmitri Pavlov (ölümündən sonra) bəraət alıb, Sovet İttifaqı Qəhrəmanı adı, digər dövlət təltifləri, ordu generalı rütbəsi yenidən bərpa olunub.(musavat)
İlham Cəmiloğlu