SURİYA MÜHARİBƏSİNİN 10 İLİ... - Yüzminlərıə ölü, dağılmış iqtisadiyyat, qaçqına çevrilmiş xalq...
Suriyada hökumət əleyhinə ilk etiraz aksiyaları 2011-ci il martın 15-də başladı. 10 il keçdi. “Ərəb baharı” Suriyaya çatdıqda çoxları düşünürdü ki, Tunis, Liviya və Misirdə olduğu kimi Suriyadakı Əsəd rejimi də xalq etirazları qarşısında çökəcək. Suriyalıların bir hissəsi dəyişiklik tələb edirdi.
Yenixeber.org: Əsəd rejiminə müxalif olanlar şəhər və qəsəbələrdə etirazlara başladıqda ordu onlara atəş açdı və ilk qurbanlar qeydə alındı. Bundan sonra Suriyada müxalif qruplar silahlanmağa başladı, o cümlədən ordudan kiçik qopmalar baş verdi. Ancaq gedişat fərqli istiqamətə yönəldi.
Birincisi, Suriyadakı vətəndaş müharibəsində müxtəlif terrorçu qruplar faydalanmağa başladılar. Əl-Kaida və yeni yaranan İŞİD terrorçu təşkilatı tərəfdar toplayaraq həm Suriyada, həm də İraqda şəhər və qəsəbələri ələ keçirtdilər. Müxtəlif ölkələrdən İŞİD-ə qoşulanların sayı artdı.
Azərbaycandan Suriyaya yollanıb İŞİD-ə qoşulanların sayı min nəfərə çatmışdı, bəziləri ailəriylə terrorçulara qoşulurdular. Sonrakı illərdə DAİŞ-ə qarşı aparılan uğurlu mübarizə bu terrorçu təşkilatın cazibəsini azaltdı və bu təşkilata qoşulmaq istəyənlərin sayı azaldı. Bu İŞİD-ə qoşulan azərbaycanlılara da aiddir. İŞİD-ə qoşulan azərbaycanlıların bir hissəsi Suriyadakı döyüşlərdə öldü, geri qayıdanlar isə həbs olundular. Azərbaycana gizli keçənlər isə sonrakı mərhələlərdə nəzarət altına alındılar.
İkincisi, ABŞ, Türkiyə və bir sıra ərəb ölkəsinin hədəfi eyni idi: Əsəd hakimiyyətdən uzaqlaşdırmaq lazımdır. Ancaq zaman keçdikcə maraqlar kəsişməyə başladı. ABŞ Suriyadakı radikal kürdləri silahlandırmağa başladı ki, bu Türkiyənin maraqları ilə tərs düşürdü. Ərəb ölkələri isə Suriyadakı radikallara silah ötürürdü.
Türkiyə isə öz növbəsində Suriyada silahlı müxallifətə dəstək verirdi. Ancaq Türkiyənin silahlandırdığı və təlim keçdiyi Suriya Azadlıq Ordusu radikal cərəyanlardan və PKK-nın törəmə təşkilatları olan PYD və YPG-dən zəif olduğundan Ankara Suriya tərəfdən sərhəddi nəzarətə götürməyə qərar verdi. Bu məqsədlə Türkiyə ordusu Suriya ərazisində bir neçə əməliyyat həyata keçirtdi.
Üçüncüsü, Rusiya Əsədi qorumaq məsqdəilə ordunu Suriyada yerləşdirərək itiirlən ərazilərin bir neçəsini geri qaytardı, Əl-Kaida və DAİŞ-ə öldürücü hava zərbələri vurdu. Rusiyanın hərbi müdaxiləsi olmasaydı, Əsəd hakimiyyətini qoruya bilməyəcəkdi.
Əsəd öz hakimiyyətini qorudu, ancaq ölkəsinin bütövlüyünü qoruya bilmədi. Suriya hazırda parçalanmış vəziyyətdədir, 10 il ərzində yüz minlərlə insan öldü, iqtisadiyyat dağıdlı və yenidən bərpası üçün müxtəlif hesablamalara görə 250 milyard dollar lazımdır. Suriyada Əsəd rejimi ilə yanaşı ABŞ-ın, Türkiyənin, Rusiyanın, İranın hərbi qüvvələri mövcuddur, hətta İsrail təyyarələri də zaman-zaman Suriyada “Hezbollah” təşkilatının mövqelərinə zərbələr endirirlər.
Yəni ölkənin bütövlüyündən danışmaq mümkün deyil. Digər tərəfdən Suriya əhalisinin yarısına qədəri köçkündür, milyonlarla suriyalı Türkiyə, İordaniya, Livan və Avropa ölkələrinə axışıb və bu proses bu gün də davam edir. Rusiya, Türkiyə və İranın iştirakı ilə Astana prosesi çərçivəsində Suriyada siyasi dialoq ləng gedir, gələcək Konstitusiya ilə bağlı yekdil fikir yoxdur.
“Atlas” Araşdırmalar Mərkəzi