Yaxın Şərqdə savaşan azərbaycanlıların acı taleyi
Son 5 ildə İraq və Suriyaya döyüşməyə gedənlərin aqibəti yaxşı olmayıb
Yenixeber.org: Azərbaycanda Suriya və İraqda qeyri-qanuni birləşmələrdə döyüşənlərin məhkəmə prosesi hələ də davam edir. 2015-ci ildə Azərbaycanda qanunvericilik dəyişdikdən sonra hökumət xaricdə qanunsuz silahlı dəstələrdə döyüşənlərə qarşı sərt tədbirlərə əl atır. Xüsusən də İŞİD və Suriyadakı silahlı terror dəstələrində savaşanlar saxlanılaraq məsuliyyətə cəlb olunur.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov bildirmişdi ki, Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub. Onun sözlərinə görə, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan və Pakistana getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub.
DTX rəsmisi təkcə ötən il 20 nəfər xaricdəki hərbi münaqişələrdə iştirak etmiş şəxs Azərbaycana qayıdanda saxlanılaraq istintaq orqanlarına təhvil verilib. Hazırda bu şəxslərin istintaqı davam edir.
Yeri gəlmişkən, əgər son bir ilə qədər Azərbaycandan əsasən Suriya hökumətinə müxalif olan qruplarda döyüşmək üçün gedənlərdən danışılırdısa, ötən ildən başlayaraq Bəşər Əsəd hökumətinə dəstək verən qruplarda olan azərbaycanlılar haqda məlumat yayıldı. Yerli mediada ötən il Gəncənin icra başçısı Elmar Vəliyevi və polis serjantını yaralayan Yunis Səfərovun da Suriyada təlim keçdiyi haqda hüquq-mühafizə orqanlarına istinadən məlumatlar yayılıb. Eyni zamanda Y.Səfərovla yanaşı daha bir neçə nəfərin 2013-16-cı illərdə Suriyada hökumətə bağlı qüvvələrin tərkibində təlim keçməsi haqda xəbərlər yayılıb. Həmin şəxslər daha sonra Azərbaycan DTX tərəfindən həbs olunublar.
Qeyd edək ki, azərbaycanlılar daha əvvəl Şimali Qafqaz, Əfqanıstan-Pakistan bölgəsində, 2012-ci ildən sonra isə İraq və Suriyada baş verən cihad münaqişələrinə qatılıb. 2011-ci ildə Suriyada baş verən etirazlar tezliklə silahlı münaqişəyə çevrildi və artıq 2012-ci ildə xarici ölkələrdən Suriyaya savaşmaq üçün gedənlər haqda məlumatlar yayılmağa başladı.
2013-cü ilin mayında isə ilk dəfə bir qrup azərbaycanlı Suriyada videomüraciət hazırlayaraq həmvətənlərini döyüşmək üçün bu ölkəyə çağırdılar. Bununla da artıq şayiə kimi mövcud olan xəbərlər rəsmiləşdi.
2013-cü ilin avqustunda isə yerli media orqanlarında Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə 60-dan artıq azərbaycanlının iştirak etdiyi xəbərləri gedirdi. Həmin vaxt bildirilirdi ki, bu döyüşlərdə 30-dan çox azərbaycanlı öldürülüb. Xəbərdə qeyd edilirdi ki, Suriyada hökumət qüvvələrinə qarşı döyüşən azərbaycanlılar bura Azərbaycandan, Əfqanıstandan (Taliban sıralarında döyüş keçmiş) və Şimali Qafqazdan (Rusiyaya qarşı döyüşənlər) gəliblər. Onların hansı yollarla bu ölkəyə aparıldığı dəqiq bilinməsə də, müxtəlif təriqətlər vasitəsilə cəlb edildiyi iddia olunurdu. Hətta xəbərlərdə azərbaycanlıların böyük əksəriyyətinin “Ceyş əl-Mühacirin vəl-Ənsar” diversiya qrupunda cəmləşdiyi deyilirdi. Qrupun əmiri azərbaycanlı Əbu Yəhya Azəri ləqəbli adlı biridir.
Ancaq 2014-cü ilin yanvarında Suriyanın şimalından hökumət qüvvələrinin çəkilməsindən sonra İŞİD və əl-Qaidənin Suriya qolu ən-Nusra Cəbhəsi qruplarşması arasında başlayan döyüşlərdə hər iki qruplaşmada olan çoxlu sayda azərbaycanlı öldürüldü. Bundan sonra hökumət ölkədə terror təşkilatlarına qoşulanlara qarşı sərt tədbirlər görməyə başladı. Daha sonra isə qanunvericilikdə dəyişiklik edilərək bu cür fəaliyyətlərə görə həbs cəzaları daha da ağırlaşdırıldı. Bundan sonra çoxlu sayda azərbaycanlı Suriyadan Azərbaycana qayıdarkən həbs olundu və onlara qarşı ağır cəzalar verildi.
2017-ci ilin yayında İraq ordusunun İŞİD-ə qarşı əməliyyatları başlayanda məlum oldu ki, bu ölkədə İŞİD-in cərgəsində çoxlu sayda azərbaycanlı var. Avqustun 24-də davam edən türkmənlərin yaşadığı Telafer şəhərinin azad edilməsi əməliyyatları zamanı 300-dən artıq İŞİD silahlısı öldürülüb, 70-dən artıq terrorçu əsir alınıb. Telafer əməliyyatı zamanı İŞİD sıralarında çoxlu sayda azərbaycanlı olub. İraq ordusu ilə döyüşlərdə onlarla azərbaycanlı İŞİD-çilər öldürülüb, bir qismi isə əsir alınıb. O da bildirilirdi ki, Telaferi tərk etmək istəyən 14 azərbaycanlı İŞİD-çi yerli İŞİD-çilər tərəfindən ələ keçirilərək edam edilib.
2017-ci ilin sentyabrında 2017-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev yerli mətbuata açıqlamasında 900-ə yaxın Azərbaycan vətəndaşının Suriya, İraq və digər ölkələrdə terrorçu təşkilatlara qoşulduğunu bildirdi. DTX sədri bildirmişdi ki, 84 nəfər azərbaycanlı ölkəyə qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. 195 nəfər isə bu cür əməllərinə görə Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib, bir çoxu isə döyüş zamanı həlak olub. İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib.
Elə həmin il İraq parlamentinin deputatı Vian Dahkli öz Twitter hesabında İraqda İŞİD-lə əlaqədə şübhəli bilinən 200 Azərbaycanlı qadın saxlanıldığını yazıb. Daha sonra bu qadınlarla bərabər olan uşaqlar barədə məlumatlar yayılıb və rəsmi qurumlar uşaqların İraqda 19 azərbaycanlı uşağın qaldığı barədə məlumatı təsdiqləyib. Onlardan bir neçəsini ölkəyə gətirmək mümkün olub. Yenə də İraq mediası 3 azərbaycanlı qadının edama məhkum olunduğu haqda xəbər yayıb. Qalanları barədə isə detallı bilgi yoxdur.
Ancaq hazırda İraq və Suriyada münaqişə tam olaraq başa çatmadığı üçün qeyd olunan rəqəmlərin daha da artması mümkün ehtimaldır. Digər tərəfdən rəsmi qurumlar münaqişə ölkələrində olan silahlıların Azərbaycana qayıtmadığı, əsasən 3-cü ölkəyə getməyə çalışdığını bildirib. Bu isə o deməkdir ki, rəqəmlər daha da arta və bir çoxu ümumiyyətlə, gizli qala bilər. Yaxın Şərq münaqişələri bütün dünya ilə yanaşı Azərbaycan üçün də çətin və ağrılı bir proses oldu. Daha əvvəl cihad hərəkatında “təcrübəsi” olsa da, ilk dəfə azərbaycanlılar məhz İraq-Suriya münaqişəsində kütləvi şəkildə və hər iki tərəfdən iştirak etdi. Bu isə ölkə daxilində dini zəmində münasibətlərə mənfi yöndə təsir etdi. Bu səbəbdən də dövlət orqanları dini sabitliyi qorumaq, dözümlülük mühitini yaratmaq üçün ciddi işlər görməli olacaq.(müsavat)
KƏNAN