Sülaləcə cəllad olanlar –Pripoynt ailəsinin çörəyi edam aktlarını icra etməkdən çıxırmış
Hələ məktəbli olanda “Mən hansı peşəni seçəcəyəm” mövzusundakı inşa yazısında o, gələcək planlarını belə açıqlayıb:
“Mən atamın yolunu davam etdirəcəyəm, cəllad olacağam. Böyük Britaniyaya böyük və güclü əllər lazımdır...”
Yenixeber.org: Əslində Böyük Britaniyanın məhkəmə və hüquq mühafizə orqanlarınının strukturunda rəsmi olaraq “cəllad” ştatı olmayıb. Ölüm hökmlərinin, edamların icrası şeriflərə tapşırılıb. Şeriflər isə öz növbəsində bu işi bacara biləcək adamları seçib və onlar heç bir ştata götürülməyib. Yalnız
“iş” olan hallarda onlar çağrılıblar, işlərini görüblər və hər edam üçün onlara “qonorar” verilib.
Cəlladlara gördükləri işin gizli saxlanılması tövsiyə olunsa da, Albert Pripoynt həyata keçirdiyi edamlar haqqında ətrafdakılarına, o cümlədən mətbuata böyük həvəslə danışıb. Məhz buna görə də mövcud dövrdə ingilislər onu “rəsmi cəllad” adlandırıblar.
Albert Pripoynt 1905-ci ildə İngiltərənin Uest-Yorkşir şəhərində anadan olub. Natamam orta təhsil aldıqdan sonra o, oxumaq, təhsilini davam etdirmək haqqında düşünməyib. Gələcək peşə seçimini edən, cəllad olmağa qərar verən Albert uşaqlıq illərində tez-tez evdən qaçıb atasının yanına gedib. Xüsusilə atası edam icra etdiyi günlər Albert üçün daha maraqlı olub.
Albertin atası Henri Pripoynt Böyük Britaniyanın baş cəlladı sayılıb. O cümlədən əmisi Tomas Pripoynt da ölkənin tanınmış cəlladlarından biri olub. Sonralar Albert Pripoynt öz memuarlarında atası ilə əmisinin söhbərləri haqqında təəssüratlarını belə bölüşüb:
“Atam və əmim tez-tez görüşürdülər. Hər ikisi eyni “peşə” sahibi olduğundan söhbətləri tuturdu. Yaşım az olsa da onların söhbəti mənim üçün çox maraqlı gəlirdi. Onlar əsasən öz işlərindən danışırdılar, insanları necə asmaqlarından, ölüm hökmündən əvvəl onların hansı vəziyyətdə olmaqlarından, edam prosesindən və s. Bu məndə böyük maraq yaradırdı və gələcəkdə onların işini davam etdirmək istəyimi artırırdı...”
Albert Pripoynt xatirələrində atasının və əmisinin hədsiz dərəcədə alkoqollu içkilərdən istifadə etməsini, edam prosesini sərxoş vəziyyətdə icra etmələrini də vurğulayıb. Qeyd edib ki, atası 44 yaşında içkinin fəsadlarından vəfat edib. Ölüm qabağı atası Albertə qalın bir dəftər bağışlayıb. Həmin dəftərədə onun edam etdikləri şəxslərin siyahısı və ətraflı şəkildə edam prosesinin müxtəlif variantları yazılıb.
Artıq 1932-ci ildə Albert Pripoynt seçdiyi peşənin bütün incəliklərini öyrənərək müstəqil fəaliyyətə başlayıb. Peюəkarlıq baxımından o, atasını və əmisini də üstələyib. Edamdan əvvəд Albert Pripoynt “müştərisi” ilə söhbətlər aparıb, onun boyunu və çəkisini dəqiqləşdirib, hansı kəndirdən istifadə edəcəyini əvvəlcədən müəyyənləşdirib.
Albert Pripoynt edam prosesini xüsusi rejimdə keçirib. Edamdan əvvəl o, öz “müştərisinə” dua etmək üçün beş-on dəqiqə əlavə vaxt verib. Həmçinin o, edam edəcəyi insanlar arasında fərq də qoyub. Qatı cinayətkarları Albert Pripoynt daha amansız və işgəncə ilə edam edib, intellektli “müştərilər” isə bir neçə saniyə ərzində həyatla vidalaşıb.
Bu fərqli edamlar üçün Albert Pripoynt öz vəsaiti hesabına müxtəlif ölçülü kəndirlər alıb. O, həmçinin edam prosesi üçün özünə xüsusi forma və əlcək də tikdirib.
Albert Pripoynt öz dövrünün ən yüksək nəticə göstərən cəlladı kimi tarixə düşüb. 10 il ərzində onun edam sayı 430 nəfər göstərilib. Digər mənbələrdə isə bu rəqəm 650 və 840-dır.
Albert Pripoynt öz xatirələrində onu da vurğulayıb ki, bu peşəni qazanc əldə etmək üçün seçməyib:
“Cəllad peşəsini seçməkdə məqsədim heç də pul qazanmaq olmayıb. Əvvəlcədən də bilirdim ki, bu işdə stabil gəlir, aylıq maaş yoxdur. Bir edam üçün verilən pul isə bir şüşə viskiyə və bir gecəlik əyləncəyə ancaq çatırdı. Sadəcə, bu peşə, adamları edam etmək mənə zövq verirdi. Ən başlıcası isə məni populyarlaşdırırdı. Şəhərin mərkəzi küçələrində sıravi adamlar siyasətçilərə, musiqiçilərə, incəsənət adamlarına necə heyranlıqla baxırdılarsa, mənə də eyni baxışlar zillənirdi. Mən məşhur idim, məşhur cəllad...”
Qeyd edək ki, Albert Pripoyntun edam etdiklərindən 200 nəfəri hərbi cinayətlər törətmiş nasistlər olub.
İllər boyu dünyanın ən dəhşətli səhnələri, edam prosesləri ilə üz-üzə dayanan Albert Pripoynt sağlamlığından heç vaxt şikayətlənməyib. Qanlı səhnələr onun səhhətinə təsir etməyib. O, 1992-ci ildə, 87 yaşında vəfat edib.
Cəlladlıq fəaliyyətini dayandırdıqdan sonra Albert Pripoynt kiçik bir kafe işlədib və elə bu kafedə də öz memuarlarını yazıb.
İlham Cəmiloğlu