Yenixeber.org: Britaniyalı jurnalist, beynəlxalq siyasət və diplomatiya üzrə analitik Tim Marşalın iki məşhur kitabı var. Bunlardan biri “Coğrafiyanın məhkumları”, digəri isə “Bölünmüş: nə üçün divarlar əsrində yaşayırıq” kitablarıdır. Hər ikisi də bestseller, yəni, ən çox satılan kitablardır. İlk kitabda müəllif məsələyə daha çox coğrafiya kontekstində yanaşır. Belə deyək, siyasətə o qədər də qarışmır. Yalnız, coğrafiyanın bir dövlətə nə qədər siyasi üstünlük qazandırdığını göstərir.
İkinci kitabda dövlətlərin özlərinin qurduğu divarlardan danışılır. İsrail-Fələstin divarı iki tərəf arasındakı münaqişənin göstəricisidir. İraqdakı “yaşıl zona” təhlükəsizliyin qarantı rolunda çıxış edir. Amma orada yaşıllıqdan əsər-əlamət yoxdur: iri daş parçaları, tikanlı məftillər və küləyin yığdığı zir-zibildən başqa bir şey görməzsiniz. Hindistan isə divar qurub ki, Banqladeşdən gələn qanunsuz miqrantların qarşısını alsın.
Qısası, hər ikisi maraqlı kitabdır, tapın, oxuyun.
Sonuncu dəfə oktyabrın 29-da Qubadlıda olmuşdum. Həmin tarixdə Qubadlının yol boyu bütün kəndlərindən keçib ən sonuncu Muradxanlıdan Laçın tərəfə baxırdım. Bu dəfə isə Laçına ayaq basıram. Üç ay əvvəl Muradxanlıda dayanmaq belə təhlükəli idi. Ermənistan ordusunun bölmələri ərazini Laçın rayonundan minaatanlarla atəşə tuturdu. 2021-ci ilin fevralında artıq bu təhlükə aradan qaldırılıb.
Muradxanlıdan Laçına iki yoldan birinin üstündə körpü var. Hazırda həmin körpüdən maşınla keçmək olmur: partladılıb. Hələ oktyabr ayında hərbçilərlə söhbət zamanı demişdilər ki, erməni əsgərləri geri çəkiləndə rayon ərazisindəki bütün körpüləri ya partladır, ya minalayırlar.
Laçın rayonunun ilk kəndi Güləbirdə gedirik. Bolsulu Həkəri çayının üstündəki körpüdə də eyni problemlə üzləşirik. Güləbird və Səfiyan kəndlərini Azərbaycan ordusu oktyabr ayında azad etmişdi, bilinmir, körpülər o zaman, yoxsa Laçın Azərbaycana qaytarılanda dağıdılıb. Hər halda, maşından düşməli oluruq və daşların üstü ilə ehmalca yeriyə-yeriyə maneəni adlayırıq, piyada kəndə çatırıq. Burada da eyni kədərli mənzərə ilə qarşılaşırıq: dağıdılmış evlər, xaraba yurdlar… Tək-tük salamat tikili gözə dəyir. Onlardan ən yenisi isə böyük su elektrik stansiyasıdır.
Məşhur Laçın dəhlizinə 30 kilometrlik yol var. Dəhlizə tərəf yolun solu Həkəri çayı, sağı sıldırım qayalardır. Uzaqdan dağların döşündə dağıdılmış evlər, çayın üstündə daha bir uçuq körpü görürük. Sonra bir az da yüksəkliyə qalxırıq. Qarşıdakı başıqarlı dağların arxası artıq Ermənistandır. Uzaqdan da olsa, Laçının içərisi ilə hərəkət edən avtomobilləri görmək mümkündür. Biz yenə irəliləyirik, qarşımıza məşhur Laçın dəhlizi çıxır. Onu rus əsgərləri qoruyurlar. 10 noyabr bəyanatına görə, Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlılarının nəzarəti altında qalır. Dəhlizdən geri qayıdırıq, çünki buradan keçmək üçün rəsmi icazə tələb olunur.
“Coğrafiyanın məhkumu” olmamaq və Laçını “dəhliz əsirliyindən” qurtarmaq üçün iki yol var: birincisi, Rusiya sülhməramlıları Azərbaycanı tərk etməlidirlər. İndiki halda bu o qədər real görünmür. İkincisi, 10 noyabr bəyanatında göstərildiyi kimi, Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən dəhliz üzrə yeni hərəkət marşrutunun inşasını gözləməliyik.