“Müəssisəyə hücum, fiziki güc tətbiqi...” – Rasim Məmmədov monopolistə necə çevrilib? +TƏFƏRRÜAT
Bir neçə gün öncə "Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədov barəsində yol verdiyi qanun pozuntuları ilə əlaqədar həbs qəti imkan tədbiri seçilib. Şirkət rəhbərinə qarşı dələduzluq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı ağır ittihamlar irəli sürülüb.
Yenixeber.org: Xatırladaq ki, Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub. Məhkəmə vəsatəti təmin edib və Rasim Məmmədov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edilən qanunsuzluqlarla yanaşı iş adamının fəaliyyətində monopolist mövqe də önə çıxır. O monopolist mövqeyinə görə metallurgiya sahəsi üzrə fəaliyyət göstərən çoxlu sayda orta və kiçik müəssisənin sıradan çıxmasına, müflis olmasına səbəb olub.
Monopolist mövqeyindən istifadə edərək varlanan sahibkar tamahkarlığı, ədəbazlığı ilə xüsusi seçilib.
Yalnız onu qeyd etmək kifayətdir ki, Rasim Məmmədov şəxsi "Lamborgini” markalı avtomobilini yaşadığı binanın qarajına salmaq və ordan çıxarmaq üçün hər dəfə evakuator xidmətindən istifadə edib. Çünki qarajın strukturu "Lamborgini”nin içəri daxil olmasına imkan verməyib.
"Baku Steel Company” böyük istehsal gücünə sahib olan müəssisə olsa da R.Məmmədov onun imkanlarından yetəri qədər istifadə etməyib. Müəssisənin dövriyyəsini süni şəkildə azaldan sahibkar əvəzində, bu dövriyyəni öz şəxsi bizneslərinin inkişafına yönəldib.
Təəssüf ki, R.Məmmədov mətbuatda özü haqda xüsusi obraz yaratmağa çalışaraq bu obraz vasitəsilə yalançı münasibətlər də formalaşdırıb. Bəzi KİV-lər də ona bu işdə yaxından köməklik göstərib. Əslində isə R.Məmmədovu tanımaq üçün onun qanunsuz fəaliyyətindən ziyan çəkmiş iş adamları ilə söhbətləşmək yetərlidir. Belə iş adamlarından biri Nazim Baydəmirlidir.
N.Bəydəmirli saytımiza açıqlamasında bildirib ki, Azərbaycana inhisarçılığın ifrat formasını R.Məmmədov gətirib. O xatırladır ki, 2010-cu ildən etibarən R.Məmmədov metallurgiya sahəsində fəaliyyət göstərən müxtəlif istehsalçıları sıradan çıxartmağa səy göstərib və bunun pik nöqtəsi 2012-ci ilin yayına təsadüf edir: "O 2012-ci ilin iyul ayında 20-yə yaxın müəssisəyə eyni gündə hücum təşkil edərək, qorxudaraq, şantaj edərək, şantaja boyun əyməyənlərə qarşı isə fiziki güc tətbiq edərək sıradan çıxartdı, müəssisələri bağlatdırdı.
Bağlanan müəssisələrdən biri mənim də ortaq olduğum, 250 nəfər işçisi olan, vaxtlı-vaxtında vergisini ödəyən, mövcud standartlara cavab verən məhsul istehsal edən, məhsulunu bir neçə ölkəyə ixrac edən "Ataxan Dəmir Sənaye” Türkiyə-Azərbaycan birgə müəssisəsi idi. Biz buna qarşı etiraz etdik, hüquq-mühafizə orqanlarına şikayət etdik, kütləvi informasiya vasitələrində işıqlandırdıq. Ancaq çox təəssüf edirəm ki, heç bir faydası olmadı və R.Məmmədov monopolya yaratdı. R.Məmmədov açıq-aşkar Azərbaycan dövlətinin qanunlarını heçə sayaraq bir neçə il ərzində bu işini tamamladı və onun sahib olduğu müəssisələrdən başqa istehsal sahələri qalmadı.
Bunun nəticəsi idi ki, 2012-ci ildən Azərbaycan beynəlxalq reytinqlərdə biznes dözümsüzlüyü reytinqi üzrə eniş etdi. Bu dəyişiklik ölkəmizə xarici investisiyaların gəlməsini pisləşdirdi, eyni zamanda Azərbaycanda olan sahibkarlar vəsaitlərini başqa ölkələrə çıxartmağa başladılar. İldə Gürcüstan və Türkiyəyə ən azı 600 milyon dollarlıq kapital axını baş verdi”.
"Baku Steel Company” rəhbərinin cinayətlərinin bununla kifayətlənmədiyini deyən N.Baydəmirli hesab edir ki, R.Məmmədovun arxalandığı qurum və şəxslər cinayətinə ortaqdır və onlar da məsuliyyət daşımalıdır.
Sonda R.Məmmədovun şəxsi qarajını bəzəyən avtomobillərinin yalnız bir hissəsinin fotolarını təqdim edirik:(sfera)