PAŞİNYANIN NÖVBƏTİ HİYLƏLƏRİ VƏ... -Arayiklə yenidən müttəfiqlik görüntüsü nəyə hesablanıb?
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda Təhlükəsizlik Şurasının iclası keçirilib. Görüşdə Dağlıq Qarabağdakı separatçıların ideri Arayik Arutunyan da iştirak edib. İclas iştirakçıları Ermənistan və Qarabağdakı vəziyyəti, humanitar problemləri, habelə təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.
Yenixeber.org: Paşinyan müharibədən əvvəl də Təhlküəsizlik Şurasının iclaslarına Araik Arutunyanı çağırırdı. Paşinyan Dağlıq Qarabağdakı “prezident seçkisi” zamanı Araik Arutunyanı dəstəkləmişdi və o seçildikdə Ermənistanın baş naziri gücünün Dağlıq Qarabağda da keçdiyinə inanmışdı. Çünki digər “namizədlər” Qarabağ klanının adamlarıydı və Paşinyana nifrət edirdilər.
Buna baxmayaraq, 44 günlük müharibədə Araik Arutunyanla Paşinyan arasında münasibətlərdə soyuqluq yaşandı və bu təbii idi. Çünki, hər ikisi məğlubiyyətə görə məsuliyyəti ad çəkmədən bir-birlərinin üzərlərinə atmaq istəyirdilər. Ancaq müharibə bitdikdən sonra hər ikisi anladı ki, bir-birlərinə dəstək verməsələr, rəqibləri onları ayrılıqda məhv edəcək. Ona görə də Paşinyan və Arutunyan müharibədən əvvəl olduğu kimi yenidən əməkdaşlıq yolunu seçiblər.
Birincisi, Paşinyan Arutunyanla birgə İrəvanda Təhlükəsizlik Şurasının keçirməklə ölkə daxilindəki rəqiblərinə, Rusiyaya və Azərbaycana mesaj yollayır ki, Ermənistan və Dağlıq Qarabağ üzərindəki nəzarəti davam edir və gücünü itirməyib.
İkincisi, Paşinyan Təhlüksəzilik Şurasının birgə iclasıyla göstərmək istəyir ki, Ermənistan müharibədən əvvəl olduğu kimi Dağlıq Qarabağın iqtisadi və maliyyə problemlərinin həllində iştirak edəcək.
Paşinyan Ermənistandakı proseslərə nəzarəti itirməməyə çalışsa da, Dağlıq Qarabağın ermənilərin yaşayan hissəsinə nəzarət Moskvanın nəzarətinə keçib. Rusiya Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə cavabdehliyi öz üzərinə götürüb, humanitar məsələləri həll edir. Ermənistan hələ ki, Dağlıq Qarabağ separatçılarının büdcəsini və orada yaşayan ermənilərin maaşlarının verilməsini təmin edir. Ancaq Rusiya bu prosesi də bir müddət sonra öz nəzarətinə götürəcək.
Rusiya Dağlıq Qarabağda bütün bu çalışmaları həyata keçirərkən, əsas işi - bölgədəki separatçıların və terrorçuların tərksilahı ilə məşğul olmur. Ancaq Kremldə onu da anlayırlar ki, bu məsələnin həllini gecikdirsələr, toqquşmla ehitmalına rəğmən, tərksilah məsələsiylə Azərbaycan və Türkiyə hərbçiləri məşğul olacaqlar. Türkiyə hərbçilərinin dağlarda gizlənən PKK-çıların məhv edilməsi və tərksilah olunmasıyla bağlı böyük təcrübəsi var.
Rusiya hərbçilərinin Dağlıq Qarabağdakı fəaliyyətinin Azərbaycan cəmiyyətində və siyasi dairələrində böyük narazılıq doğurduru aşkardır. Kremldə bunu anlamamış deyillər. Ona görə də Moskva erməni separatçılarının xeyrinə pozulan balansı son günlər korrektə etməyə çalışır. Məsələn, Dağlıq Qarabağdakı rusiyalı hərbçilərdən biri erməni separatçıların “gələcək qəbələrinin” şərəfinə badə qaldırdı və internetdə yayılan həmin görüntü cəmiyyətimizdə böyük narazaılıq yaratdı. Bundan sonra bir qrup rusiyalı hərbçi Yeni il gecəsində “Yaşasın Azərbaycan” dedilər. Və ya noyabrın 10-dan bu yana rusiyalı hərbçilər ermənilərin təhlükəsizliyini təmin etmək üçün Xankəndi ətrafında minaların təmizlənməsini həyata keçirirlər.
Rusiya eyni missiyanı 20 nəfərlik qrupla Ağdamda da həyata keçirməyə qərar verib. Rusiyalı hərbçilərin türkiyəli həmkarlarıyla Ağdamda ortaq monitorinq mərkəzinin fəaliyyətə başlamasına sayılı günlər qalıb. Ona görə də Rusiyan indidən Dağlıq Qarabağda Azərbaycan və Türkiyə hərbçiləriylə əməkdaşlıq üçün zəmin yaradır.
Bu arada, Ermənistanın Türkiyədən aldığı mallardan imtina etməsi də müzakirə mövzusudur. Ermənistan hakimiyyəti 2 250 türk malını İran malları ilə əvəzləyib. İrəvan bu qəraryla Türkiyə ilə münasibətlərin normallaşması imkanlarının üstündən xətt çəkmiş olur. Paşinyan bu qərarıyla cəmiyyətinə və İrana bu mesajları göndərmiş olur:
Birincisi, İrəvan üçün Türkiyə ilə sərhədlərin açılması aktual deyil və İrəvan Ankaranın regional əməkdaşlıq formatına qatılmaq istəmir. Lap yaxşı, onsuz da Ermənistanın siyasi dairələri və cəmiyyəti Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçməyənə qədər bu ölkənin regional əməkdaşlığa qoşulması mümkün deyil.
İkincisi, Paşinyan Türkiyə mallarını İran mallarıyla əvəz etməklə Tehrana da isti mesaj göndərdiyini düşünür. İran rəsmiləri və din xadimləri müharibə günlərində Azərbaycanın ərazi bütövlüyünü dəstək verən açıqlamalar səsləndirdilər, Dağlıq Qarabağın Azərbaycana aid olduğunu vurğuladılar. Bu Ermənistan rəsmilərinin xoşuna gəlməsə də, qorxularından İran əleyhinə açıqlama vermədilər.
İndi də Türkiyə mallarını İran mallarıyla əvəz etməklə Tehrana demək istəyirlər ki, iranlı həmkarlarından inciməyiblər. İrandakı dairələrin ermənilərin bu hiyləsinə diqqət yetirmələri vacibdir, Ermənistan elə böyük bazar deyil ki, Türkiyə mallarının İran malları ilə əvəz olunmasının İran üçün böyük ticari əhəmiyyəti olsun.
İran üçün bölgədə əsas bazar, ticarət tərəfdaşı və birgə regional layihələr Türkiyə və Azərbaycanla bağlıdır. Tehranda bunu unutmamaları lazımdır.
“Atlas” Araşdırmalar Mərkəzi