Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Həmsədr ölkələr “baza prinsipləri” deyəndə nəyi nəzərdə tutur?-ŞƏRH

 

Dağlıq Qarabağ ərazisi üzərində Azərbaycan dövlətinin suverenlik hüquqlarının bərpasını ehtiva etməyən istənilən sülh təklifi və ya müqaviləsi ədalətsizdir və qəbul olunmamalıdır

Yenixeber.org: ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri – Rusiya, ABŞ və Fransanın prezidentlərinin oktyabrın 1-də verdikləri birgə bəyanatdan sonra eyni ölkələrin xarici siyasət idarələrinin rəhbərləri də birgə bəyanatla çıxış ediblər. Oktyabrın 5-də yayılan bəyanatda onlar Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dərhal dayandırılmasına çağırıblar.

Xarici işlər nazirlərinin bəyanatı prezidentlərin bəyanatından daha məzmunlu və konkretdir. Bəyanatın məğzi sonda əksini tapıb:

“Həmsədr ölkələr ATƏT və beynəlxalq ictimaiyyət tərəfindən, Minsk Qrupuna üzv ölkələrin dəstəyi ilə onlara verilmiş mandatı tam şəkildə həyata keçirməkdə qərarlıdır. Bu mandata uyğun olaraq, həmsədrlər tərəfləri ləngimədən nizamlanma prosesinin hər iki tərəfə yaxşı məlum olan mövcud baza prinsipləri və müvafiq beynəlxalq sənədlər əsasında bərpası üzrə üzərlərinə öhdəlik götürməyə çağıraraq onlarla qarşılıqlı fəaliyyəti ardıcıl olaraq artırmağa davam edəcəklər.”

Burada Azərbaycana, Türkiyəyə və bütün dünyaya mesaj var: həmsədr ölkələr bildirirlər ki, münaqişəni məhz biz həll edəcəyik, bu məsələ bizə həvalə olunub, başqası müdaxilə etməsin və ya münaqişə tərəflərindən biri təkbaşına bu məsələni həll edəcəyini düşünməsin. Sonrakı cümlədə baza prinsiplərindən bəhs olunur, vurğulanır ki, bunların nədən ibarət olduğu hər iki tərəfə yaxşı məlumdur – yəni ki, bundan qaça bilməzsiniz.

Baza prinsipləri deyəndə yenilənmiş Madrid prinsipləri nəzərdə tutulur. Həmin prinsiplər aşağıdakılardır:

– Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması;

– Dağlıq Qarabağa onun təhlükəsizliyini və özünüidarəetməsini təmin edəcək müvəqqəti statusun verilməsi;

– Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması;

– Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadəetmə yolu ilə müəyyənləşdirilməsi;

– Bütün məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qaytarılması;

– Sülhməramlı əməliyyat da daxil olmaqla, beynəlxalq təhlükəsizlik təminatları. 

Bu prinsiplər 2009-cu ilin iyul ayında “Böyük səkkizlər”in (G8) İtaliyanın Akvill (L’Aquila) şəhərində keçirilən zirvə toplantısında Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatında əksini tapıb. 2010-cu ilin iyununda Kanadada (Muskoka) keçirilən G8 zirvəsində həmsədr ölkə prezidentlərinin bəyanatında bu çərçivə bir daha təkrar edilib. Həmin il dekabrın 1-də Astanada keçirilən ATƏT sammitində isə həmsədr ölkə liderləri ilə Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanata imza atıblar. Bəyanatda münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, eləcə də ABŞ, Rusiya, Fransa prezidentlərinin Akvill və Muskoka bəyanatları əsasında həllinə bağlılıq ifadə olunub.

Prinsiplərin içərisində Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadəetmə (səsvermə, referendum) yolu ilə müəyyənləşdirilməsi müddəası çox təhlükəlidir. Əgər təkrar bu prinsiplər əsasında danışıqlar başlayacaqsa, Azərbaycan həmin müddəanı birmənalı rədd etməlidir, yaxud danışıqlara bu şərtlə razılıq verməlidir ki, həmin müddəa baza prinsipləri sırasından çıxarılsın, hazırlanacaq həll planında, sülh müqaviləsində əksini tapmasın. Dağlıq Qarabağ üzərində Azərbaycan dövlətinin suverenlik hüquqlarının bərpasını ehtiva etməyən istənilən sülh təklifi və ya müqaviləsi ədalətsizdir və qəbul olunmamalıdır.

Şahin Cəfərli 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam