Yenixeber.org: Azərbaycanda hər kəs müharibə gözləntisi içərisindədir. Ehtiyatda olan hərbi qulluqçuların xidmətə çağırılması haqda məlumatlar öncə sosial mediada yayıldı və səfərbərliyin başladığı haqda rəy yarandı. Sentyabrın 21-də isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bununla bağlı rəsmi məlumat yaydı. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir”, – deyə məlumatda bildirilir.
Prezident İlham Əliyev də son müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirib:
“Danışıqlar faktiki olaraq, getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik. Ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaq…”
Azərbaycanın işğal altındakı ərazilərində Ermənistanın qanunsuz məskunlaşdırma apardığını deyən İ.Əliyev bunun Cenevrə Konvensiyasına zidd olduğunu vurğulayıb: “İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır. Bizi təxribata çəkirlər, onu internetdə göstərirlər – hansısa Livan erməni ailəsi gəlibdir, orada hansısa iş görür…”
Tərəflər arasındakı bugünkü gərginliyin müharibəyə gətirib çıxaracağı məsələsində təhlilçilərin mövqeyi birmənalı deyil.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev indiki halda müharibənin başlanmasını real saymır. Onun sözlərinə görə, tərəflər bir-birinə güzəştə getmək istəməsələr də, müharibənin də başlanmasında maraqlı deyillər:
“Hər iki tərəf eyni cür davranır, eyni ritorika ilə danışır. Biz qarşı tərəf haqqında nə deyiriksə, onlar da bizim haqqımızda onu deyir. İlham Əliyev özü də bildirdi ki, Paşinyan hakimiyyətə gələndə qarşı tərəfin ritorikasının müsbət mənada dəyişəcəyi gözləntisi vardı. Amma sonradan Paşinyanın mövqeyi radikal oldu. Ermənistandakı əvvəlki hakimiyyətin mövqeyini təkrarladı. Son bir ildə hər iki tərəf bir-birinə qarşı ittihamlar irəli sürmək üçün müxtəlif meydanlardan istifadə edir. Münhen Sülh Konfransındakı polemika da buna misaldır. Bu da ondan irəli gəlir ki, tərəflər indiki təkliflər paketi çərçivəsində hər hansı güzəştə getmək istəmir. Onlar ritorika və addımlarına baxmayaraq, əslində, sülh prosesinin dayandırılmasında maraqlı deyillər”.
M.Əliyev Minsk qrupu həmsədrlərinin sentyabrın 14-də Parisdəki görüşünü xatırlaraq, onları da günahlandırıb. Ekspertin sözlərinə görə, həmsədrlər hər iki ölkənin xarici işlər nazirləri ilə telefon danışığında onları danışıqlara dəvət edib, amma Minsk qrupu da tələsmir: “Bir neçə həftədən sonra tərəflərə nəsə təqdim edəcəklər, onlar da baxacaq. Bu da ilin sonuna çəkəcək. Yeni il olacaq, keçəcək gələn ilə. Nə həmsədr, nə tərəflər, nə münaqişə iştirakçıları predmetli danışıqlara hazırdır. Ona görə də hər hansı formatda danışıqların başlamasının qarşısını alırlar. Burada hərənin öz məqsədi, öz istəyi var”.
Ekspert hesab edir ki, bu gün yaşananlarda Türkiyə faktorunun da rolu var. Tovuz hadisələrindən sonra Türkiyə Azərbaycanla müttəfiqliyini nümayişkəranə şəkildə gücləndirir və bunu qabardır. Rusiya da Ermənistanla münasibətlərində oxşar şəkildə davranır. Amma M.Əliyev bunun iki böyük güc arasında toqquşmalara gətirib çıxaracağını düşünmür. Əskinə, hesab edir ki, prosesin idarə olunmasına töhfə verə bilər. Onun fikrincə, Rusiya Türkiyənin bu prosesdə iştirakında maraqlıdır:
“İyulda Putinlə Ərdoğanın telefon danışığı oldu. Bu danışıqdan sonra Türkiyə bu istiqamətdə hərəkətə keçdi. Rusiyanın bu prosesdə Türkiyənin iştirakında maraqlı olmasının səbəbi isə budur ki, ABŞ-ın və Qərbin rolunu zəiflətmək istəyir. Rusiya Türkiyə ilə Suriya, İraq, ümumiyyətlə, Yaxın Şərq məsələlərində kifayət qədər aktiv əməkdaşlıq edir. Tərəflər bir-birini başa düşürlər, maraqlarını güdürlər. Bu baxımdan, Rusiya maraqlı ola bilər ki, burada da Türkiyə ilə əməkdaşlıqdan istifadə eləsin”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə fərqli fikirdədir. O, Azərbaycanın dövlət başçısının son açıqlamalarını müharibə anonsu kimi qiymətləndirir:
“Birincisi, prezidentin açıqlamasından bir daha bəlli oldu ki, danışıqlar üçün zəmin yoxdur. Hamıya aydındır ki, danışıqların davamı ehtimalı işğal faktına qon qoymayacaq. İkincisi, Ermənistanın sərhəddəki təxribatları davam edir, Azərbaycan hava sahəsində vurulan növbəti pilotsuz uçuş aparatı da bunun sübutudur. Üçüncüsü, Ermənistan hakimiyyətinin işğal altındakı bölgələrə köçü sürətləndirməsi, PKK terrorçularının Dağlıq Qarabağda məskunlaşması barədə məlumatların çoxalması da gərginliyi artırır. Tərəflər növbəti toqquşmaya hazırlaşırlar. Ermənistan haradan mümkündürsə, muzdluları toplayır, Rusiyadan silah və hərbi texnika toplayır. Azərbaycan isə Türkiyə ilə iyul ayından başlayan hərbi təlimləri bu və ya digər şəraitdə davam etdirir, üstəgəl, ehtiyatda olan hərbi vəzifələrinin orduya çağırışı başlayıb”.
Rusiyanın baş verənlərə mümkün reaksiyasına gəlincə, E.Şahinoğlu xatırlatdı ki, son 4 ildə Azərbaycanla Ermənistan arasında iki dəfə (2016 və 2020) böyük toqquşma olub. Hər ikisində də döyüşlər 4 gün çəkib. Hər dəfə də Moskva prosesə müdaxilə edərək, tərəfləri atəşkəsə riayət etməyə çağırıb. Ekspertin sözlərinə görə, atəşkəsin bu şəkildə davamı Ermənistanın maraqlarına xidmət edir:
“Ermənistan işğal altındakı torpaqlarda məskunlaşma siyasətini genişləndirib, inşaat işləri aparır, müəssisələr yaradır, hətta separatçıların “parlament”ini Şuşaya köçürəcəklərinin anonsunu veriblər. Bu təxribatlara Minsk Qrupu həmsədrləri və beynəlxalq təşkilatlar səssizdirlər. Halbuki, bütün bu qanunsuzlqlar böyük dövlətlərin və beynəlxalq təşkilatların əleyhinə çıxdığı müharibə ehtimalını artırır”.
E.Şahinoğlu hesab edir ki, hazırki şərtlər daxilində Azərbaycan üçün yeganə maneə Rusiyadır. Onun fikrincə, əgər Azərbaycan məsələnin yekun həllinə hazırlaşırsa, hədəfə yaxınlaşmaq üçün Rusiya menaəsini aşmalıdır.(pressklub)
Gülər