Yenixeber.org: Nazir Sergey Şoyqunun Bakıya səfəri Rusiya – Azərbaycan münasibətlərində yaranmış soyuqluğu aradan qaldıra bilmədi. Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin “Rusiyanın Ermənistana silah-sursat daşınması ilə bağlı verdiyi izahat bizi qane etmədi” bəyanatı Bakının Moskvadan əlavə izahat və ya addımlar gözlədiyini təsdiqləyir. Amma Rusiya deyəsən, nə əlavə açıqlama vermək, nə də Ermənistanla bağlı siyasətinə dəyişiklik etmək niyyətindədir. Bu günlərdə Türkiyə mediası Rusiyanın Suriyada topladığı silahların bir hissəsini Ermənistana daşıması haqqında xəbər yaydı. Məlumatda hava reysləri ilə əlavə olaraq işğalçı ölkəyə 500 tondan artıq silah və hərbi texnika çatdırıldığı bildirilir.
Doğrudur, Rusiyanın Ermənistanda 102-ci hərbi bazası yerləşir. Hərbi mənbələr burada bir neçə min hərbi qulluqçunun, hava hücumundan müdafiə qüvvələrinin, çoxsaylı hərbi texnikanın saxlanıldığını bildirir. İki ölkə arasında müqaviləyə görə, Ermənistan sərhədləri Rusiya Silahlı Qüvvələri tərəfindən qorunur. Moskvadan vaxtaşırı verilən açıqlamalarda hərbi bazanın mandatının regionda Rusiya maraqlarının qorunmasından ibarət olduğu vurğulanır. Yəni Rusiya həm Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti nəzarətdə saxlayır, həm də ətraf ölkələrdən (Türkiyədən) ehtimal olunan təzyiqlərdən öz maraqlarını sığortalayır.
Azərbaycanın və Türkiyənin ciddi narazılığına baxmayaraq, Ermənistana iri partiyalarla silah-sursat daşınması Moskvanın bölgə ilə bağlı planlarının dəyişməyəcəyini göstərir. Putin hökuməti cənub-qərb sərhədlərində hərbi güc amilini əsas vasitə hesab edir. Gürcüstana qarşı təzyiqlər, separatçı rejimlərin Moskvadan hər cür himayə olunması, Qarabağ probleminin həlli cəhdlərinin bloklanması Kremlin niyyətlərini göstərir.
Ötən həftə Moskvada olan Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramovun Rusiya rəsmiləri ilə görüşdə münaqişə ətrafında status-kvonun dəyişdirilməsi çağırışı müsbət qarşılanmayıb. Xarici işlər naziri Sergey Lavrov açıq mətnlə deyib ki, Rusiya Minsk Qrupu formatının hazırkı vəziyyətdə davam etdirilməsini istəyir. Bu format özünü doğrultmasa da, Moskva onun imitasiya xarakterini davam etdirməsini və münaqişə tərəflərinə təzyiq alətlərini əlində saxlamaq niyyətində olduğunu nümayiş etdirib.
Vasitəçilər formatının dəyişdirilməsi həm də Türkiyənin istəyidir. Prezident Ərdoğan, xarici işlər naziri Çavuşoğlu bir neçə dəfə bəyan ediblər ki, Minsk prosesinin yenilənməsi vacibdir. İlk növbədə qrupun 11 üzvünün iştiraklı ilə toplantı çağırılmalı və münqaişə ilə bağlı situasiya orada geniş müzakirə olunmalıdır. Azərbaycan Türkiyənin bu təşəbbüsünü dəstəkləyib, Ermənistan və Rusiya isə əleyhinə çıxıb. Onların alternativ təkliflərinin nədən ibarət olduğu da məlum olmur.
Bu günlərdə Minsk Qrupunun keçmiş amerikalı həmsədri, sabiq səfir Metyu Brayza da missiyanın iflasa uğradığını bəyan edərək yeni format təıklif edib. Brayza Türkiyə və Rusiyanın ikilikdə praktik vasitəçilik həyata keçirməsinin daha uğurlu variant olduğunu düşünür:
“ABŞ və Avropa Birliyinin liderliyinin olmadığı şəraitdə Azərbaycanla Ermənistanı döyüş meydanından danışıqlar masasına yönəltmək Türkiyə ilə Rusiyanın üzərinə düşə bilər”, – deyə keçmiş səfir qeyd edib. Onun sözlərinə görə, hətta mandat genişləndirilsə belə, həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm də Azərbaycan prezidenti İlham Əliyev ondan əlini üzmüş kimi görünür:
“Bu səbəbdən diplomatik boşluğu doldurmaq Ankara ilə Moskvanın üzərinə düşə, onlar öz müttəfiqlərini danışıqlar masasına qayıtmağa inandıra bilərlər. Rusiya və Türkiyə ilə bir sıra sahələrdə fikir ayrılığına baxmayaraq, Birləşmiş Ştatlar və onun Avropadakı müttəfiqləri müdriklik göstərərək belə bir forumu formalaşdıra bilərlər. Bunun alternativi Azərbaycanla Ermənistan arasında emosiya və hərbi gərginliyin qarşılıqlı qızışması ola bilər”.
Bu bəyanat rəsmi mövqe olmasa da, ən azı Qərbdə belə düşüncələrin mövcud olduğunu söyləməyə əsas verir. Vaşinqtondan və Brüsseldən verilən bəyanatlarda münaqişənin dinc yolla, diplomatik üsullarla həllinin dəstəkləndiyi dəfələrlə ifadə olunub. Qərbin regionda vəziyyətə bilavasitə təsir etmək imkanları yoxdur. Çünki münaqişə tərəflərindən Ermənistan tamamilə Moskvanın himayəsi altındadır. Problemin qalması isə Rusiyanın region ölkələrinə əsas təsir rıçaqlarından biridir. Bu zaman Qərbin müdaxiləsi və ya təzyiqləri artırmasının hansı effekt doğuracağı qeyri-müəyyəndir. Ən doğru seçim NATO üzvü olan Türkiyənin prosesdə aktiv istirakına siyasi, diplomatik dəstəyin ifadə edilməsi ola bilər.
Avqust ayının birinci ongünlüyündə Azərbaycanda keçirilən hərbi təlimlərdə iştirak edən Türkiyə ordu hissələrinin geri qayıtmağa tələsməməsi iki ölkə arasında yüksək səviyyədə danışıqların davam etdirilməsindən xəbər verir. Masada olan əsas məsələ hərbi-siyasi ittifaqın dərinləşdirilməsidir. Bu çərçivədə Azərbaycan ərazisində Türkiyə hərbi bazalarının yerləşdirilməsi də istisna olunmur.
Nəticə olaraq qeyd edə bilərik ki, indiki situasiyada Azərbaycan və Türkiyə arasında ittifaqın dərinləşdirilməsi münaqişənin daha ağrılı fazaya keçməməsi üçün başlıca şərtdir. Bu, Azərbaycan üçün təhlükəsizlik çətiri olmaqla yanaşı, Türkiyənin regionda fəallaşması və Moskvanın təhlükəli planlarının neytrallaşdırılması üçün başlıca amildir.(pressklub)
Turqut