“Rusiya Ermənistana milyardlarla hesablanan hərbi texnika bağışlayıb”
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu Rusiyanın Ermənistana silah-sursat alınması və hərbi modernizasiya məqsədilə 200 milyon dollar güzəştli kredit ayırması və “İsgəndər-M” operativ-taktiki raketləri ilə təchiz edilməsinə münasibət bildirib.
"Xeberinfo.com": Məlumata görə, E.Sabiroğlu Publika.az-a açıqlamasında deyib ki, bu, yeni hadisə deyil. Onun sözlərinə görə, Azərbaycan dəfələrlə Rusiyanın Ermənistana hərbi-siyasi dəstəyinin şahidi olub: “Bu gün Rusiya üçün bir sıra strateji hədəflər var ki, onların arasında güzəşt məsələsi yoxdur. Rusiyanın Ermənistanla bağlı hərbi-siyasi mövqeyi əsrlər boyu dəyişmədən davam edir. Hər zaman da Rusiya Cənubi Qafqazda işğalçı Ermənistanı özünün əsas müttəfiqi kimi müdafiə edib. Tarixə də baxsaq görərik ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu Rusiya ilə bağlıdır. Çünki 200 il əvvəl rus çarının yardımı ilə tarixi Azərbaycan ərazilərinə ermənilər köçürülməyə başlayıb. Bununla da tarixi köklərə dayanmayan oyuncaq Ermənistan “dövləti” yaradılıb. Bu gün Rusiya istədiyi an Ermənistanı sağa-sola fırladır. Rusiya Ermənistana təkcə indi hərbi yardımlar etməyib. Son 15 ildə Rusiya Ermənistana külli milyardlarla hesablanan hərbi texnika bağışlayıb. 2008-ci ildə mən Müdafiə Nazirliyində işləyən zaman Rusiya Ermənistana 1 milyard dəyərində və heç bir pul ödənmədən hərbi texnika bağışlamışdı. Həmin illərdə Rusiya Gürcüstandan çıxardığı hərbi texnikalarını da Ermənistana yerləşdirib. Bu yaxınlarda işğalçı ölkəyə “İsgəndər-M” raketləri və 200 milyon dollardan artıq vəsaitin yardım olaraq verilməsi bir daha sübut edir ki, Ermənistan Rusiya üçün strateji müttəfiqdir. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həllinin aradan qaldırılmamasının səbəblərini də burada axtarmaq lazımdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində başlayan Qarabağ müharibəsi və torpaqlarımızın işğalı da, şübhəsiz ki, Rusiyanın köməyi ilə baş verib”.
E.Sabiroğlu onu da qeyd edib ki, Rusiya ilə zarafat etmək problemlər yaradar: “Bunu heç zaman diqqətdən qaçırmaq olmaz. Bu mənada Azərbaycanın balans siyasəti yürütməsi doğru addımdır. Rusiya və Azərbaycan münasibətlərinin inkişafına hər vəchlə çalışılmalıdır. Bu müsbət siyasət ulu öndər Heydər Əliyev tərəfindən aparılıb və bu gün də həyata keçirilməkdədir. Bu, bizim həm dövlət, həm də milli maraqlarımıza uyğun gələn məsələdir”.