Türkiyənin bəxti, yoxsa Ərdoğanın “naxışı?”
Yenixeber.org: Avqustun 20-də prezident Ərdoğanın anonsunu verdiyi “müjdə”yə dair “Reuters” agentliyinin öz abunəçilərinə göndərdiyi xəbər 2 aydan bəri ucuzlaşan Türkiyə lirəsinin xarici valyutalar qarşısında az da olsa dəyər qazanmasına səbəb oldu.
Söhbət Qara dənizin Türkiyəyə aid olan bölgəsində təbii qaz yatağının tapılmasından gedirdi. “Reuters” Qara dənizdəki qaz yatağının Türkiyənin “xarici ölkə”yə (Rusiyaya-M.Ə.) bağlılığının müəyyən dərəcədə azaldacağını iddia edirdi.
Bu, Türkiyə üçün bütün baxımlardan həyati dərəcədə önəmli məsələdir. Çünki son aylarda Şərqi Aralıq dənizində enerji uğrunda gedən mübarizədə Türkiyəyə qarşı indiyə qədər olmayan ittifaqlar yaradıldı.
Öz hərbi gücünə güvənən Ankara da araşdırma gəmiləriylə enerji axtarışını davam etdirsə də indiyə qədər tapılan zəngin qaz yataqlarının Aralıq dənizinin Cənubi Kipr, Misir və İsrailə yaxın bölgələrdə olduğunu hamı bilir. Şərqi Aralıq dənizindəki bu manevrlərdən Türkiyənin çıxmayacağı məlumdur.
Qara dənizin Türkiyəyə aid olan hissəsində qaz yatağının tapılması isə Ankara üçün hər şeydən əvvəl mənəvi əhval-ruhiyyənin yüksəlməsi baxımdan önəmli oldu. Yəni, Türkiyə illərdən bəri öz quru sərhədləri içində də ətrafını çevrələyən dənizlərin özünə aid olan hissələrində apardığı axtarışlarda az miqdarda neft tapsa da qaz tapmağa nail ola bilməmişdi.
Digər tərəfdən, təbii qaz uğrunda Şərqi Aralıq dənizində ölüm-qalım savaşı aparılarkən Qara dənizin Türkiyəyə aid hissəsində təbii qaz yatağının tapılması Ankara üçün iqtisadi baxımdan da mühüm əhəmiyyət kəsb edir
və simvolik mənası var. Çünki 1989-cu ildən bəri SSRİ-dən,sonra isə Rusiyadan təbii qaz alaraq böyük ölçüdə asılı vəziyyətə düşən Türkiyə Sibir qazını Qara dənizin altına döşənən borular vasitəsilə almağa dair növbəti addımı bu il yanvarın 8-də atmışdı. İstanbula Suriyadan gələn dövlət başçısı Putin burada prezident Ərdoğan ilə düyməyə basaraq Sibir qazının Türkiyəyə (“Cənub axını”nın ikinci fazası) nəqlinin startını vermişdi.
Sibirdəki qaz yataqlarından birinin başında duran rus mütəxəssis demişdi ki, 2 yataq açdıq, Türkiyənin 110 illik ehtiyacını fasiləsiz şəkildə təmin edə bilərik. Bu, Rusiya təbii qazını ucuzdan da ucuz qiymətə idxal etmək üçün Türkiyənin əlinə keçmiş ideal fürsət idi, bundan necə istifadə edildiyini heç kim bilmir.
Avqustun 21-də dövlət başçısının şəxsən özünün elan etdiyi “şad xəbər”dən məlum oldu ki, Türkiyə öz imkanları ilə apardığı axtarışlar nəticəsində Qara dənizin “Dunay” deltasında (sahilə 175 km.) 320 milyard kubmetr həcmdə təbii qaz yatağı tapıb.
Rəqəmin kiçik olmasına, oradakı qazın ən tez 5 ildən sonra çıxarıla biləcəyinə, maya dəyərinin hesablanmamasına baxmayaraq, bu, Türkiyə üçün mühüm gəlişmədir. Çünki istifadə etdiyi təbii qazın tamamını xaricdən idxal edən bir ölkə üçün ilk dəfə (həm də quruda yox, dənizdə) təbii qaz tapmağın maddi dəyərindən çox mənəvi dəyəri var.
Türkiyənin illik təbii qaz ehtiyacının təxminən 50 milyard kubmetr olduğunu, sırf təbii qaza hər il ən az 35-40 milyard dollar ödəndiyini və məhz buna görə xarici ticarət kəsirinin daim artdığını nəzərə alanda bunun Türkiyə üçün maliyyə və xəzinə naziri Berat Albayrakın dediyi kimi, “paradiqma dəyişdirəcək” gücün 1%-i belə olmadığını hamı görsə də Türkiyə üçün böyük təsəlli olduğunu deyə bilərik. Çünki öz təbii qazını dünyaya sata bilməməsi üçün bütün cinahlardan sıxışdırılan Rusiyaya son 1.5 ildə Türkiyə Qara dənizdə 2 dəfə nəfəs vermiş, “Cənub axını”nın 2 fazası Qara dənizin altından Türkiyə torpaqlarına çıxarılmışdı.
Bu baxımdan miqdarı çox az olsa da Qara dənizin “Dunay” deltasında tapılan təbii qaz Türkiyəni bir növ enerji bazarının “utancaq adamı” olma mövqeyindən çıxaracağı kimi, Qara dəniz üzərində pərdə arxasında ABŞ-Aİ və Rusiya arasında gedən amansız mübarizədə iqtisadi baxımdan da Türkiyənin oyuna daxil olmasına səbəb olacaq.
Dənizin birində (Şərqi Aralıq dənizi) hər tərəfdən sıxışdırılmağa çalışılan bir ölkənin dənizin o birində təbii qaz tapması nağıl süjetlərini xatırlatsa da reallıqdır.
Buna “Türkiyənin bəxti” deyək, yoxsa cənab Ərdoğanın “naxışı”?
Ərdoğann tərəfdarlarının nə dediyini təkrar buraya yazmağa ehtiyac yoxdur.
Deyəsən, “müjdə” anonsu ilə xarici valyuta qarşısında bir az dəyər qazanan Türkiyə lirəsinin “müjdə”dən sonrakı aqibətini də soruşdunuz: “müjdə” elan edilən kimi, 1 gün əvvəlki səviyyəsinə geri qayıtdı.
Əsas düşündürücü məsələ də budur...(turan)
Mayis Əlizadə