DOLLARLA KREDİTLƏRİN TALEYİ NECƏ OLACAQ?
Azərbaycan Mərkəzi Bankı dollarla verilmiş kreditlərin hansı məzənnə ilə qaytarılması ilə bağlı məsələyə münasibət bildirib.
"Xeberinfo.com": Məlumata görə, AMB-dən fins.az-a bildirilib ki, ölkə qanunvericiliyində bu məsələ dəqiq göstərilməyib: “Bu məsələ ilə bağlı Mülki Məcəllədə göstərilən maddəni hər iki formada yozmaq mümkündür. Ona görə də, burada birmənalı olaraq demək mümkün deyil ki, kredit hansı məzənnə ilə qaytarılmalıdır”.
Bununla bağlı banklarla müştərilər arasındakı mübahisənin necə həll olunmasına gəlincə, AMB-dən müştərilərə məhkəməyə müraciət etməyi məsləhət görüblər. Burada bildirilib ki, məsələ yalnız məhkəmədə aydınlaşdırıla bilər: “Ümumiyyətlə, ola bilər ki, bu məsələni Konstitusiya Məhkəməsi şərh etsin”.
Qeyd edək ki, manatın məzənnəsinin kəskin ucuzlaşmasından sonra bank müştərilərini narahat edən məsələlərdən biri də vaxtilə dollarda götürülən kreditlərin hansı məzənnə ilə qaytarılmasıdır. Çünki bu bahalaşma nəticəsində dollarla ödənişlərin məbləği manat ifadəsində 34% artıb.
Hazırda cəmiyyətdə bununla bağlı fikir ayrılıqları var. Banklar bildirir ki, krediti dollar və ya digər xarici valyuta ilə götürmüş vətəndaşlar ödənişləri ya dollar, ya da dolların bugünkü məzənnəsinə uyğun olaraq manatla həyata keçirməlidirlər.
”Marja”nın məlumatına görə bəzi banklar isə müştərilərinin ödəniş qrafikinə yenidən baxaraq, borcun müddətinin uzadılmasını təklif edirlər.
Məsələn, banka 6 ay borcu qalan şəxsə borcunu 9 aya ödənilməsi təklif olunur. Bu halda aylıq ödəniş məbləği aşağı düşdüyündən, müştərinin üzərinə düşən aylıq yük azalır.Banklar bilirirlər ki, kredit hansı valyutada götürülübsə, həmin valyuta ilə də geri qaytarılmalıdır. Bu da borcun yeni məzənnə ilə ödənilməsi deməkdir.
Bəzi hüquqşünaslar isə əksinə, bildirir ki, kreditlər dolların ovaxtkı, məzənnəsinə əsasən qaytarılmalıdır.
Ölkədə əhaliyə verilən 20 milyard manatlıq kreditin təxminən yarısı ABŞ dolları ilədir. Nəticədə ehtiyaclarını ödəmək üçün kreditə görə müəyyən dərəcədə ziyana düşən vətəndaş manatın devalvasiyasından sonra dollar kreditinin hazırkı kursla ödənilməsi hər yüz manata otuz dörd manat itki deməkdir. Nəticədə vətəndaşın büdcəsinə ciddi ziyan dəymiş olur.
O zaman yaranan mübahisə hansı səviyyədə həllini tapmalıdır? Mərkəzi Bankın bu məsələdə qeyri-müəyyənlik sərgiləməsi proseslərə hansı təsiri göstərə bilər?
Əslində iqtisadiyyatda yaranan fors-major hala görə vətəndaş ziyan çəkməməlidir.Çünki bu cür hallar vətəndaşın iradəsindən asılı olmayaraq baş verir və dövlətin siyasətinin tərkib hissəsidir. Və baş verənlərə görə dövlət əlavə tədbir görməlidir.
“KONSTİTUSİYA MƏHKƏMƏSİ ŞƏRH VERMƏLİDİR”
Hüquqşünas Müzəffər Baxışov“Azadlıq” qəzetinə bildirib ki, əgər MB belə bir bəyanatla çıxış edibsə, o zaman Konstitusiya Məhkəməsinə müraciət olunmalıdır: “Mülkü Məcəllənin 439.7 maddəsində qeyd olunur ki, əgər ödəniş müddəti çatana qədər pul vahidinin dəyəri, məzənnə artmış və ya azalmışsa, valyuta dəyişmişsə, müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəlik yarandığı zamandakı məzənnə üzrə yerinə yetirilməlidir. Ona görə ”öhdəlik yarandığı zamandakı məzənnə üzrə yerinə yetirilməlidir” ifadəsinə Konstitusiya Məhkəməsi şərh verməlidir. Amma bunun yolu və prosedur qaydası belədir ki, manatla və ya dollarla krediti olan şəxslər birbaşa Konstitusiya Məhkəməsinə müraciət edə bilməyəcəklər. Amma onlar ümumi məhkəmələrə müraciət etməklə bu məsələni mübahisələndirə bilərlər. Onlar vəsatətlə məhkəməyə müraciət edə bilərlər ki, məhkəmə həmin normanın təfsir edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Məhkəmənin belə bir səlahiyyəti var. Müraciət daxil olarsa, Konstitusiya Məhkəməsi müraciəti plenumuna daxil edəcək və həmin maddənin şərhini verəcək”.
“BU MƏSƏLƏƏ HÖKUMƏT SƏVİYYƏSİNDƏ BAXILMALIDIR”
Milli Məclisin deputatı Vahid Əhmədovbildirdi ki, dollarla kredit götürən şəxslər dollar bahalaşdığı üçün faktiki olaraq hazırda ziyana düşüblər. Onların dollarla ödəniş etməsi kredit faizlərinin üstünə əlavə məbləğin gəlməsinə səbəb olur: “Ona görə də bu məsələyə hökumət səviyyəsində baxıb, cavab verilməlidir. Hesablama aparılmalıdır ki, dollarla kredit götürən hüquqi və fiziki şəxs nə qədərdir? Bundan sonra da həlli yolları barəsində düşünülməlidir”.
FƏRQ KOMPENSASİYA OLUNSUN
“Dollarla kredit götürənlərə kompensasiyanın və ya güzəştlərin tətbiq edilməsinə ehtiyac var”. Azadlıq Radiosunun məlumatına görə, bu haqda iqtisadçı Vüqar Bayramov öz facebook səhifəsində yazır: «Əvvəl 500 dollar aylıq ödəniş edən kredit götürən şəxsin aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə tətbiq olunarsa, həmin pulu ödəyən vətəndaşın aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir. Bu isə aylıq ödənişlərdə çətinlik yaradacaq».
Vüqar Bayramov Mərkəzi Banka təklif edir ki, dünya praktikasında belə hallarda tətbiq edilən 3 yoldan birini seçsin:«Daha yaxşı olar ki, məzənnələr arasındakı fərq Mərkəzi Bank tərəfindən kompensasiya edilsin. Nəzərə alsaq ki, Mərkəzi Bankın həmin fərqi kompensasiya etməsi üçün kifayət qədər rezervləri var. Bu zaman nə kredit götürən əlavə vəsait ödəyəcək, nə də bank ziyana düşəcək. Bununla da, devalvasiyadan əvvəl kredit götürənlər əvvəlki məzənnə ilə ödənişlərini davam etdirəcəklər…
ORTA MƏZƏNNƏ MÜƏYYƏN EDİLSİN
Mərkəzi Bank kompensasiya ödənişi həyata keçirməsə, o zaman, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, bu kreditlərin milli valyuta ilə dəyərinin hesablanması üçün orta məzənnə prinsipindən istifadə edə bilər. Bu zaman bank və müştəri üçün ağırlığın paylaşdırılması həyata keçirilə bilər. Məsələn, müştəri kredit götürən zaman dolların kursu 0.78 manat idisə və indi bu məzənnə 1.05-dək yüksəlibsə, o zaman bundan sonra ödənilən kreditlər üzrə orta faiz 1 dollar=0.92 manat götürülə bilər. Bu zaman aylıq 500 dollar ödəniş etməli olan şəxs 525 manat deyil, 460 manat ödəyəcək. Bu isə o deməkdir ki, müştəri əvvəlkinə nisbətən hər 500 dollarda 135 manat deyil, 70 manat əlavə ödəmə həyata keçirəcək. Bu həm, müştərinin yeni məzənnənin təsirindən müəyyən qədər sığortalanmasına, həm də bankın gəlirlərinin kəskin azalmasının qarşısının alınmasına imkan verəcək.
KREDİT FAİZLƏRİ AŞAĞI SALINSIN
Bundan başqa, Mərkəz Bank dollarla kredit götürən vətəndaşlar üçün güzəştlər tətbiq edə bilər. Yəni, Mərkəzi Bank kommersiya banklarına dollarla kredit götürən vətəndaşların kredit müqavilələrinə yenidən baxılması və həmin vətəndaşlar üçün aylıq kredit faizlərinin aşağı salınması ilə bağlı tövsiyə məktubu göndərə bilər. Bu zaman dollar ilə olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq olar».
Vüqar Bayramov deyir ki, həm vətəndaşların sosial təminatı baxımından, həm də problemli kreditlərin həcminin artmasının qarşısı alınması baxımından Mərkəzi Bankın prosesə müdaxilə etməsi və qeyd edilən təkliflərdən, ən azı, birini qəbul etməsinə ehtiyac var.
AzPolitika.info