"TANAP layihəsinin Dardanel hissəsi 2 ay ərzində tikiləcək" -TANAP-ın baş direktoru
Azərbaycan təbii qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Dardanel boğazından keçəcək dəniz hissəsi üzrə iki boru kəmərinin tikintisi 2 ay müddətində aparılacaq.
Xeberinfo.com: Bu barədə "AzərTAc"a müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
Onun sözlərinə görə, bu il iyulun əvvəlində tikinti sahəsinə çatdırılması planlaşdırılan əsas xəttin borularının satın alınması artıq yekunlaşıb. “Boru kəməri ilə yanaşı çəkiləcək fiber-optik kabellərin alınması prosesi isə davam edir. Fiber-optik kabellərin tikinti sahəsinə iyul-avqust aylarında çatdırılması planlaşdırılır”, - deyə TANAP-ın baş direktoru qeyd edib.
S.Düzyol bildirib ki, TANAP-ın dəniz hissəsində istifadə ediləcək avadanlıqların quraşdırılması üzrə hazırlıqlar başa çatdırılıb: “Boruların çəkilməsi dinamik quraşdırma sisteminə malik müasir texnologiya ilə həyata keçiriləcək. İki boru kəmərinin və fiber-optik kabellərin çəkilməsi işlərinin 60 gün davam etməsi gözlənilir. TANAP-ın dəniz hissəsinin tikintisi işlərinə başlanılması üçün lazımi hazırlıqlar və icazələrin alınması prosesi davam edir”..
Xatırladaq ki, boru kəmərinin Dardanel boğazından keçəcək 2x36 düymlük dəniz hissəsi və fiber-optik kabellərin çəkilişinin mühəndislik, satınalma və tikinti müqaviləsi ötən ilin sentyabrında “SapuraKencana” şirkəti ilə imzalanıb. Dəniz hissəsinin inşasına bu ilin yay aylarında başlanılması planlaşdırılır.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1 810 km olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 8,5 mlrd. ABŞ dollarıdır. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 mlrd. dollar olacağı nəzərdə tutulur. TANAP layihəsi üzrə işlərin 60 faizi tamamlanıb. Boru kəmərinin quru hissəsinin inşası çərçivəsində 4 lot üzrə indiyədək 1 574 km uzunluğunda xəndək qazılıb. Boru kəmərinin 56 düym diametrli və ümumilikdə 1 334 km uzunluğundakı ilk üç lotu üzrə xəndəyin qazılması artıq yekunlaşıb. Bu vaxtadək TANAP-ın 4 lotu üzrə 1 430 km borular marşrut xətti boyunca düzülüb. Əsas xətt üzrə isə 1 350 km uzunluğunda boruların qaynağı tamamlanıb.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1 334 km, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 km-dir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 km uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir və sonradan bu həcmin 31 mlrd. kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarları "Cənub Qaz Dəhlizi" QSC (58%), “Botaş” (30%) və BP (12%) şirkətləridir.