TANAP kəmərinin 55%-i tamamlanıb
Azərbaycan qazını Türkiyəyə və buradan da Avropaya nəql edəcək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin 55%-i tamamlanıb.
Xeberinfo.com: Türkiyə KİV-inə istinadən xəbərə görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.
O qeyd edib ki, layihənin icrası nəzərdə tutulan qrafiki qabaqlayır. Baş direktorun sözlərinə görə, çay, magistral yol, dəmiryolu olmaqla 19 ədəd böyük infrastruktur keçidi tamamlanıb.
S.Düzyol 1 850 km uzunluğundakı boru kəmərinin 1 570 km hissəsinin yolunun açıldığını, 1 200 km-lik boru xəttinin də qaynaq işlərinin tamamlandığını bildirib.
“Türkiyənin təbii qaz alacağı ilk çıxış nöqtəsi olan Əskişəhərə qədər hissədə 56 düymlük borulardan istifadə olunur. Avropanın ən uzun və ən böyük həcmli boru xəttini inşa edirik. TANAP-ın Əskişəhərdən Türkiyə-Yunanıstan sərhəddinə qədər olan hissəsi isə 48 düymlük borularla inşa ediləcək. Dardanel boğazından keçən 19 km-lik hissədə isə 36 düymlük iki paralel xətt çəkiləcək”, - deyə o xatırladıb.
S.Düzyol TANAP-la Azərbaycan qazının Türkiyədəki payının artacağına diqqət çəkərək bildirib ki, 2018-ci ilin iyun ayının sonunda Türkiyəyə ilk qaz veriləcək. Onun sözlərinə görə, həmin vaxt Türkiyəyə 2 mlrd. kubmetr təbii qaz nəql olunacaq. TANAP-ın baş direktoru qaz həcminin növbəti il 4 mlrd. kubmetrə, sonrakı il isə layihədə nəzərdə tutulan 6 mlrd. kubmetrə çatdırılacağını bildirib: “Bu, Türkiyənin ehtiyacı nəzərə alınaraq bu şəkildə razılaşdırılıb”.
O, Avropaya nəql olunacaq 10 mlrd. kubmetr qazın 2019-cu ilin iyun ayında Türkiyə-Yunanıstan sərhəddindən 9 böyük alıcıya təsil edilə biləcəyi mərhələyə çatmasının planlaşdırıldığını bildirib.
S.Düzyol həmçinin əlavə edib ki, ilkin investisiya dəyəri 11,7 mlrd. dollar nəzərdə tutulan layihənin hazırda xərcləri 8,5 mlrd. dollara düşüb.
Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.
2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.
Layihədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 58%, BP şirkəti 12%, Türkiyənin "BOTAŞ" şirkəti isə 30% paya malikdir.