Əmanətlər tam sığortalandı: Dövlət banklara dəstək verdi
Ekspertlər qanunun qəbulunu müsbət qiymətləndirir, lakin...
Xeberinfo.com: Əmanətlərin tam sığortalanması barədə qanunu dövlət başçısı İlham Əliyev təsdiqlədi. Fevralda imzalanması gözlənilən qanun barədə martın 1-də fərman verildi. Qanunla əhalinin banklara qoyulan əmanətləri üç il müddətinə tam şəkildə sığortalanır. İndiyədək bu məbləğ 30 min manat idi. Tam sığortalanma 12 faizədək qoyulan əmanətlərə aid ediləcək.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, bu, gözlənilən qanun idi:“Qanunun qüvvəyə minməsi bir ay gecikdi. Fevralın 1-nə qəbul edilməsi gözlənilirdi. Artıq Əmanətlərin Sığortalanması Fondu üç il ərzində bütün əmanəti tam sığortalayacaq. Sadəcə faiz dərəcəsi məsələsi var. Əmanətlərin faiz dərəcəsi 12 faizdir. Bu limiti keçməyən əmanətlər sığortalanacaq. Bu, əslində o deməkdir ki, azı bir il müddətinə daha heç bir bankı bağlamayacaqlar. Ola bilsin, hansısa bankın vəziyyəti lap pisləşsə, bağlayarlar. Bu qanun banklara dəstəkdir. Əsas həm də odur ki, hazırda əmanətləri qaytarmayan banklar var, bağlanmadıqları halda, əhalinin əmanətini qaytarmırlar. Onlara qarşı da heç bir sanksiya tətbiq edilmir. Əgər bu, davam edəcəksə, indiki kimi olacaqsa, sistem effektiv olmayacaq. Əmanətlərin Sığortalanması Fondunun əsas məqsədi vətəndaşlarda əminlik yaratmaqdır. Vətəndaş əmin olur ki, əmanətlər tam sığortalıdır, gedib pul qoyur. Vətəndaş bilsə ki, fəaliyyətdə olan heç bir bank əmanəti qaytarmır, o zaman əmanət yerləşdirməkdə maraqlı olmayacaq. Əmanətlərin sığortalanması sistemi bank bağlananda işə düşür. Hazırda bank bağlanmayıb, amma əmanəti də qaytarmır. Təbii ki, bunu görən vətəndaşda hazırkı qanun banklara etibarı artırmayacaq. Amma banklar əmanətləri qaytarmağa başlasalar, müəyyən təsiri olacaq”.
Ekspert Samir Əliyev isə qanunu hökumətdən banklara üç illik dəstək kimi dəyərləndirib: “Əmanətlərin tam sığortalanması və onların vergidən azad edilməsi düzgün addımdır. Son aylarda əhalinin banklara və milli valyutaya etibarının azalması ona gətirib çıxartdı ki, kütləvi şəkildə əmanətlər ya dollarlaşdı, ya da banklardan çıxarıldı. Vəziyyətin belə davam etməsi, üstəgəl, Maliyyə Nazirliyinin dövlətin adından çıxış edərək yüksək, az qala bank faizləri ilə rəqabət aparacaq faizlə istiqraz buraxması əmanət bazarının cəlbediciliyini azaltmaqla yanaşı, bank sektorunu çətin vəziyyətə salırdı. Ona görə də indiki məqamda əmanətlərin 3 illik olsa da, tam sığortalanması düzgün addımdır. Əmanət faizlərinin də vergidən müvəqqəti azad edilməsi müsbət addımdır və 2015-ci ildə atılmış səhv addımın düzəldilməsi kimi qiymətləndirilməlidir”.
Ekspert qeyd edib ki, bu addımlar indiki problemi həll etməyə yönəlib. Amma gələcəkdə əmanət bazarının inkişafına və bankların dayanıqlığına dəstək məqsədilə paralel bir sıra addımların atılması vacibdir:“Manat və dollar əmanətlərinin sığortalanma faizi fərqlənməlidir. Manat əmanətlərinin sığortalanma faizi 15 faizə qaldırılmalı, dollar, avro əmanətlərinin sığortalanma faizi isə 8 faizə endirilməlidir. Eyni zamanda, Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarının illik faiz dərəcələri əmanətlərin faiz dərəcələrindən aşağı endirilməlidir. Əmanət bazarında faiz artımının qarşısını almaq üçün yaxşı olardı ki, sığorta haqlarının məbləği əmanətlərin illik faiz dərəcələrindən asılı edilməlidir. Yəni cəlb edilmiş əmanətlərin illik faiz dərəcələri artdıqca sığorta haqlarının məbləği də artırılmalıdır”.