DGK: İxracın 87 faizini neft və qaz təşkil edir
Dövlət Gömrük Komitəsi bu ilin 8 ayının idxal-ixrac rəqəmlərini açıqlayıb.
"Xeberinfo.com": Komitənin rəsmi saytında yerləşdirilmiş hesabata istinadən xəbərə görə, ötən ilin müvafiq dövrünə nisbətən ticarət əməliyyatları (ABŞ dolları ilə) 32,83 faiz azalıb. Bu azalma ixracın hesabına olub. Belə ki, idxal 5,09 faiz artsa da ixrac 46,69 faiz azalıb.
İxracda bu cür kəskin azalma dünya bazarlarında neftin kəskin ucuzlaşması ilə əlaqəlidir. Çünki ixrac edilən xam neftin və neft məhsullarının həcmində kəskin azalma olmasa da qiymətlərin aşağı düşməsi nəticəsində valyuta ekvivalenti ilə ixrac həcmində 47 faizə yaxın azalma baş verib.
İxracda əsas mallarda azalmalar belə göstərilir: xam neft - 51.29 %, neft məhsulları - 38.38 %, təbii qaz - 29.17 %, meyvə-tərəvəz - 2.69 %, çay - 43.9 %, bitki və heyvan mənşəli piylər və yağlar - 29.1 %, şəkər - 2.57 % , spirtli və spirtsiz içkilər - 25.37 %, plastmass və onlardan hazırlanan məmulatlar - 21.26 %, emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri - 40.28%, qara metallar və onlardan hazırlanan məmulatlar - 28.01%.
İxracda əsas mallardan kimya sənayesi məhsulları 53.76 faiz, alüminium və ondan hazırlanan məmulatlar 9.23 faiz artıb.
İdxalda isə əsas artım belə göstərilir: meyvə-tərəvəz - 146.4% , buğda - 34.17% , əczaçılıq məhsulları - 16.37%, oduncaq və ondan hazırlanan məmulatlar - 90.07 %, qara metallar və onlardan hazırlanan məmulatlar - 65.14%, nəqliyyat vasitələri və onların hissələri - 96.60%, mebel və onun hissələri - 16.55%.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən ixracda əsas yeri əvvəllər olduğu kimi neft, neft məhsulları və təbii qaz tutur. Belə ki, ilin 8 ayının rəqəmlərinə görə ixracın 78.14 faizi xam neftin payına düşür. Neft məhsulları isə ixracda 6.53 faiz təşkil edir. Təbii qazın ixracdakı payı isə 1.95 faizdir.
Neft və neft məhsullarını çıxdıqdan sonra ixracda ikinci ən iri “tikə” yenə də xammalın payına düşür. Belə ki, emal olunmamış gön və aşılanmış dəri ixracda 5.37 faizlik paya malikdir. Şəkər ixracı isə ümumi ixracda 1.86 faiz təşkil edir. Qalan mallar üzrə ixrac ümumi ixracın 1 faizinin aşağısındadır.
İdxalın 40 faizdən çoxunu isə maşın, mexanizm və elektrik avadanlıqları, avtomobillər və onların ehtiyat hissələri təşkil edib. Yeyinti məhsulları isə idxalda 11 faizdən çox paya malikdir.
Hesabata əsasən Azərbaycandan mal ixracında əsas yerləri İtaliya (1.64 milyard dollar), Almaniya (993 milyon dollar), Fransa (551 milyon dollar), İsrail (536 milyon dollar), Çexiya (401 milyon dollar), İndoneziya (381 milyon dollar), Avstriya (293 milyon dollar), İspaniya (289 milyon dollar) tutur. İdxalda isə ilk beşlikdə Rusiya, Türkiyə, ABŞ, Almaniya, Yaponiya və Çin dayanır.