Dəmir yolu, yoxsa “Bermud üçbucağı”!?
Son illər bu sahəyə milyardlar xərclənməsinə baxmayaraq üfunət qoxuyan köhnə vaqonlar, lokomotivlər, bərbad relslər ciddi təhlükə mənbəyi olaraq qalır
"xeberinfo.com": Bütün bunaların nəticəsidir ki, hər dəfə bir qəza baş verir. Buna sübut kimi ən son olaraq Dəmir yolunun Hacıqabuldan keçən hissəsində daha bir qəzanın baş verməsini göstərmək olar. Yanvarın 29-da, günorta saatlarında Hacıqabulun Muğanlı kəndi ərazisindən keçən 53 yük vaqonundan ibarət qatar qəzaya uğrayıb. Bu haqda əldə etdiyimiz məlumata görə, nəticədə 53 vaqondan ibarət qatarın 32 vaqonu relsdən çıxıb, 19 vaqon isə aşıb.
Onuda qeyd edək ki, Hacıqabul ərazisində ildə bir neçə dəfə qatar qəzaları olur. “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi hər dəfə bu qəzaların səbəbi kimi yolun təmirsiz olduğunu göstərir. Burdan da maraqlı bir sual meydana çıxır: Əgər səbəb budursa onda görəsən nəyə görə indiyədək dəmir yolunun Hacıqabuldan keçən və qəzaya səbəb olan hissəsi təmir edilmir? Ötən il fevralın 6-da da Hacıqabulda Bakı-Gürcüstan istiqamətində hərəkət edən neft daşıyan, hər birinin tutumu 60 ton olan 3 ədəd sistern aşıb, 3 sistern yoldan çıxmışdı. Bir sözlə, Hacıqabulun dəmiryolu “cəhənnəm yoluna”, “Bermud üçbucağı”na çevrilib.
Dəmiryol mütəxəssisinin bildirdiyinə görə,“Bu xidmət ilboyu fəaliyyətdə olmalıdır. Şpalların sıradan çıxması qəza riskini artırır. Ona görə də normalda dəmir yolunda relslərə və şpallara daimi nəzarət edən xidmətlər fəaliyyət göstərməlidir. Əgər qəza şpalların sıradan çıxması səbəbindən baş veribsə, onda bu xidmət ya yoxdur, ya da formal fəaliyyət göstərir”.
Son 7 ildə dövlət büdcəsindən dəmir yolu təsərrüfatına 800 milyon manata yaxın vəsait (1 milyard dollar) ayrılsa da, infrastrukturun, texnikanın bu cür bərbad durumda olması irimiqyaslı korrupsiyanın təzahüründən başqa bir şey deyil. Belə məlum olur ki, ölkəyə daxil olan böyük neft gəlirlərinə, üstəlik, dəmiryol sektorunun kifayət qədər rentabelli olmasına baxmayaraq, dəmiryol relslərinə xidmət istiqamətində heç bir iş görülməyib. Ötən il Latviya mediasında gedən məlumata görə, Azərbaycanın xaricdən aldığı vaqon və elektrovozlar Latviyanın istismar müddətini başa vurmuş “metallom”luq texnikasıdır.
2012-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov “Azərbaycanda dəmir yolu nəqliyyatı sisteminin bütün sahələrinin müasirləşdirilməsi” haqqında əmr imzalayıb. Əmrə əsasən vaqon-lokomotiv parkı tam yenilənməli, hərəkətin idarə edilməsi üçün müasir avadanlıqlar alınmalıdır. Ancaq A.Əsgərov Latviyadan alınan “metallom”luq vaqon və elektrovozları müasir texnika kimi sənədləşdirib. Bu, açıq-aşkar soyğunçuluqdur - dövlətin pulu hamının gözü qarşısında havaya sovrulur.
“Azərbaycan Dəmir Yolları” QSC-yə təkcə dövlət büdcəsi hesabına yox, həm də xarici mənbələr hesabına iri həcmli investisiyalar yatırılır. Məsələn, Çexiyanın ixrac bankından Bakı-Böyük Kəsik marşrutu üzrə dəmir yolunun 317 kilometrlik hissəsinin əsaslı yenidən qurulması üçün 215 milyon avro kredit alınıb. Dəmir yollarının yenidən qurulmasına dair dövlət proqramının ilkin maliyyə dəyəri 2 milyard dollardır. Bu qədər investisiyalara baxmayaraq korrupsiya Azərbaycanın dəmir yolunu çökdürüb. Hətta dəmir yolu relslərinə adi bir xidmət də yoxdur, şpallar nə bərkidilir, nə də yenilənir.
Daha bir maraqlı faktda odur ki, sovet vaxtından qalma vaqonları təmir edilməklə yeni vaqon kimi qeydiyyata alınıb.
Bütün bunlar sonda onu deməyə əsas verir ki, korrupsiya dəmir yolu sistemini sözün həqiqi mənasında çökdürüb. Üfunət qoxuyan köhnə vaqonlar, lokomotivlər, normal xidmət göstərilməyən relslər ciddi təhlükə mənbəyi olaraq qalır. Sovet dövründə ən sərfəli və rahat nəqliyyat növü sayılan dəmir yolu indi böhran dövrünü yaşayır. Dəmir yolunda böhran dərinləşdikcə isə A.Əsgərovun biznesi daha da çiçəklənir - villalarının, özəl biznes strukturlarının sayının artması ilə bağlı məlumatlar intensivləşir.