"Kreditin qaytarılması ilə bağlı məsələ uzadılmalıdır"
Prezident İlham Əliyev ipoteka kreditləşməsinə əlavə 200 milyon manatın ayrılması barədə göstəriş verib. Sosial ipoteka kreditlərinin büdcədən maliyyələşdiyini nəzərə alsaq bu kreditləşmə növünə ayrılan vəsaitin həcminin 4 dəfə artırılması deməkdir. Bəs ayrılan vəsait Azərbaycanda evsiz insanların evlə təmin olunmasında hansı rolu oynayacaq?
"Xeberinfo.com": Moden.az saytının suallarını Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov cavablandırıb. O qeyd edib ki, ipoteka kreditlərilə bağlı məsələyə mütəmadi olaraq Milli Məclisdə, hökumətin hesabatı zamanı müdaxilələr edərək problemlərin olduğu bildirilib:
“2006-cı ildə ipoteka krediti haqqında qanun qəbul olunub. Ötən müddət ərzində 200 milyon manatdan çox vəsait xərclənib. Amma bizim bir sıra təkliflərimiz olub ki, o təkliflər üzərində Azərbaycan hökuməti, Mərkəzi Bank və başqa aidiyyatı təşkilatlar çalışıblar. Burda əsas problem ipoteka kreditlərinin məbləğilə bağlı olub.
Nəzərə alsaq ki, 2014-cü ildə 20 milyon manat ayrılmışdı. Təbii ki, bu vəsait çox azdır. Biz demişdik ən azı ildə 100 milyon manat vəsait ayrılsın. Yalnız bu şəkildə insanların mənzillə təminatı mümkün ola bilər. Bir də ipoteka şərtlərinin dəyişdirilməsini təklif etmişdik. Çünki, ilkin ödəniş kimi 15 faiz ödənilməsi olduqca yüksəkdir.
Əvvəlki məbləğ 35 min manat, daha sonra 50 min manat oldu. Bu da azdır. Biz kreditin ən azı 80-100 min manat məbləğində olmasını, faiz dərəcələrinin aşağı salınmasını təklif etmişdik. Çünki, əhalinin mənzilə ehtiyacı çoxdur.
Xüsusilə gənclərin, hərbiçilərin, elmlər namizədlərinin, elmlər doktorlarının ev almağa böyük ehtiyacı var”. Həm də bu dəqiqə Azərbaycanda 50 min manata ev almaq mümkün deyil. 2 otaqlı mənzilin orta hesabla qiyməti 80-100 min məbləğindədir. Yəqin ki, hökumət məsələyə baxacaq, gözlənilir ki, qanunda müəyyən dəyişikliklər edilsin. Kreditin qaytarılması ilə bağlı məsələ də uzadılmalıdır ki, insanlar həmin məbləği vaxtında qaytara bilsinlər. Həm də onlar krediti alan zaman vəsaiti geri qaytara biləcəyi ətrafında dəqiq düşünməlidirlər”.
O bildirib ki, Gənclər və İdman Nazirliyi bununla bağlı təklifləri artıq Azərbaycan hökumətinə təqdim edib: “Çox yaxşı oldu ki, cənab prezident yerində və zamanında məsələyə müdaxilə etdi və dövlət tərəfindən 200 milyon manat ayrılması üçün göstəriş verdi. Amma sonradan Mərkəzi Bankın idarə heyətinin sədri açıqladı ki, 200 yox 250 milyon manat ayrılacaq. Bu əsasən sosial ipoteka və kommersiya ipoteka şərtlərinə aiddir”.
V. Əhmədov hesab edir ki, bu məbləğdə vəsaitin ayrılması Azərbaycanda həm kredit bazarına, həm də mənzil bazarına ciddi təsir edəcək, eyni zamanda tikinti bazarında canlanma yaranacaq:
“Evsiz insanlarla bağlı dəqiq say demək çətindir, amma onu deyə bilərəm ki, mənzillə bağlı ciddi problemlər var. Ola bilər ki, həmin insanlara yeni, sosial evlər tikiləcək, ya da hazır mənzillərdən təklif ediləcək.
Yəni evlərin verilmə metodunda müxtəliflik ola bilər. Dünyada bu təcrübədən istifadə edilir. Milli Məclisin iclaslarında büdcə müzakirəsi zamanı Azərbaycanda mənzil proqramının işlənilib hazırlanması təklifini verdik. İnsanların mənzillə təmin olunması nəinki şəhərlərdə, o cümlədən rayonlarda da reallaşmalıdır”.
<p"><p">