Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İSRAİLİN SƏHRALIQDAKI “AQRAR MÖCÜZƏSİ” –Bu təcrübənin Qarabağda tətbiqi ölkəmizə nə vəd edir?

Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimovun 3 gün öncə İsrailə səfəri ölkəmizin aqrar təsərrüfatları tərəfindən diqqətlə izlənildi. Bu da səbəbsiz deyildi. Məlum olduğu kimi, səfərin əsas məqsədi İsrailin kənd təsərrüfatı sahəsindəki təcrübəsinin öyrənilməsi və müsbət təmayüllərin ölkəmizin aqrar sektoruna tətbiqi idi.

Yenixeber.org: Kənd Təsərrüfatı naziri İnam Kərimov israilli həmkarı Oded Forer arasında keçirilən ikitərəfli görüş zamanı bunu açıq ifadə etmiş və tərəflər aqrar tədqiqatlar sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr hazırlığı, aqrar təhsil sahəsində əməkdaşlıq, universitetlər arasında tələbə və müəllim mübadiləsi, ticarət dövriyyəsinin artırılması kimi məsələləri müzakirə ediblər. Müzakirələrdə həmçinin Azərbaycan və İsrail şirkətlərinin kənd təsərrüfatı üzrə ixtisaslaşmış sərgilərdə qarşılıqlı iştirakı barədə də fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, İsrail şirkətləri Azərbaycanda keçirilən ənənəvi “Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakda maraqlıdır və gələn ildən bu sərgidə daha geniş tərkibdə iştirak edəcəklər.

 

 

İsrailli həmkarı ilə ikitərəfli görüşdən sonra Tel-əvivdə keçirilən İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumunda çıxış edən İnam Kərimov Azərbaycanın aqrar sektorunun İsraillə qarşılıqlı təcrübə və məlumat mübadiləsində, yüksək səviyyəli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Nazirin fikrincə, 2020-ci ildə Azərbaycanın erməni işğalından azad etdiyi torpaqların yenidən qurulmasında da iki dövlətin qarşılıqlı əməkdaşlığında maraqlıdır: “Qarşıdakı illər üçün əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması və onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Bu ərazilərin geniş kənd təsərrüfatı potensialı var və azad olunmuş torpaqlar Yaşıl Enerji Zonaları elan edilib. Bu ərazilərdə kənd və şəhərlərin inkişafı “Ağıllı şəhər” və Ağıllı kənd” konsepsiyasına əsaslanacaq. Bunu nəzərə alaraq, İsrail şirkətləri özlərinin ən yaxşı texnologiya və təcrübələrini Azərbaycan şirkətləri ilə bölüşə bilərlər”.

Göründüyü kimi, Azərbaycan təkcə öz ərazilərinin işğaldan azad edilməsi ilə kifayətlənmir, onların müasir texnologiyalar əsasında tərəqqisinə çalışır. Azad olunmuş torpaqlarda “ağıllı şəhər” və “ağıllı kənd”lərin salınması da bu layihənin tərkib hissəsidir. Təsadüfi deyil ki, Azərbaycan hökuməti torpaqlarımızın bərpasında və tərəqqisində tələb olunan vəsaitin tapılması istiqamətində də bəzi addımlar atır. Ötən gün Azərbaycana gələn Dünya Bankının nümayəndələrinin ölkə rəsmiləri ilə keçirdiyi bəzi görüşlər və tərəflər arasında bağlanan müqavilələr də bundan xəbər verir. Məlumata görə, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerdenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun qonaqları ilə müzakirəsində yer alan əsas məsələlərdən biri də kənd təsərrüfatı sektorunun inkişafına tələb olunan vəsaitin ayrılması idi.

 

 

Görüşdə hazırlanmaqda olan Azərbaycana dair yeni Ölkə Tərəfdaşlıq Çərçivə sənədi, Bankın Azərbaycanın “2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsində və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, Dünya Bankının və onun strukturuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanın özəl sektoru ilə əməkdaşlığının genişləndirilməsi, həmçinin Bank ilə ölkəmiz arasında kənd təsərrüfatı, rəqəmsal inkişaf, bərpa olunan enerji mənbələri və bir çox digər sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Bu məlumatdan da göründüyü kimi, Dünya Bankı kimi beynəlxalq maliyyə qurumu da işğaldan azad olunmuş ərazilərimizin bərpasında və yüksək texnologiyalı iqtisadiyyatın yaradılmasında maraqlıdır. Sözsüz ki, bunun təkcə iqtisadi yox, həm də geosiyasi səbəbləri də var. Bildiyimiz kimi, Azərbaycan Avropanın Orta Asiyaya açılan qapısı üzərində yerləşir və bir müddət əvvəl İstanbulda keçirilən Türk Birliyi zirvəsində bu coğrafiyanın iqtisadi-mədəni inteqrasiya ilə əlaqədar birgə bəyanat imzalanmışdı.

Həmin sənəddə Orta Asiya ölkələrində də müasir texnologiya əsasında “ağıllı” kəndlərin və şəhərlərin, qlobal rəqəmsal şəbəkələrin qurulması barədə xüsusi bəndlər yer alırdı. Görünən budur ki, Türkiyənin və dünya güclərinin təşəbbüsü ilə Türk torpaqlarının həm Rusiya, həm də Çin təsirlərinə qarşı iqtisadi inkişafının önü açılır. Nəzərə alsaq ki, bu coğrafiya həm təbii sərvətləri, həm münbit torpaqları, həm də insan gücü baxımından dünyanın ən zəngin əraziləridir və bölgənin başqa təsirlər altına düşməməsi qlobal güc mərkəzlərinin də maraqlarına uyğundur. Nədən ki, Şərqin ən nəhəng 2 qüvvəsinin dünya nizamına təhdid edərcəsinə inkişafı məhz bu coğrafiyaların daha yüksək səviyyədə tərəqqisinə bağlıdır. Digər tərəfdən, bölgənin inkişaf edə bilməyəcəyi təqdirdə İranın və digər radikal dini dövlətlərin təsir dairəsinə düşməsi ehtimalı da var və bu da müasir dünya dövlətlərini narahat etməyə bilməz. Bütün bunları nəzərə alanda İsrailin Azərbaycanda müasir texnologiyalara əsaslanan iqtisadi inkişafına niyə bu qədər həssas yanaşdığının əsl səbəbi ortaya çıxır.

Əlbəttə, müasir dünya iqtisadiyyatının parlayan ulduzuna çevrilən, xüsusilə aqrar sektorda xariqələr yaradan İsrail təcrübəsinin öyrənilməsi, bu ölkəyə məxsus kənd təsərrüfatı şirkətləri ilə birgə layihələrin üzərində çalışmaq Azərbaycanın da işinə yarayır. Ən azı ona görə ki, ərazisinin cəmi 20%-i kənd təsərrüfatı əkinçiliyi üçün faydalı olan İsrail hazırda dünyanın ən güclü aqrar sənaye ölkəsinə çevrilib. Xüsusilə toxumçuluq, əkinçilik, bağçılıq sahəsində ən keyfiyyətli məhsul istehsalçısı kimi tanınır. İş o yerə çatıb ki, dünyada xurmanın vətəni sayılan Səudiyyə Ərəbistanı belə, əhalisinin əksər qisminin düşmən kimi baxdığı İsraildən xurma alır. İsrail xurmaları həm iriliyi, həm görünüşü, həm də dadı ilə ərəblərin ən çox sevdiyi məhsullardan sayılır. Eynilə bostançılıq, sitrus meyvələri, taxıl, şəkər çuğunduru və üzümçülük sahəsində də İsrail fermerləri öz rəqiblərini qısqandıracaq qabiliyyətlərə malikdirlər. Onların təcrübəsinin kənd təsərrüfatı üçün əlverişli potensiala sahib Qarabağ torpağında tətbiqi daha yüksək məhsuldarlıq və keyfiyyət ortaya çıxara bilər.

 

 

Əslində Azərbaycan İsrailin kənd təsərrüfatı təcrübəsini 2014-cü ildən öz aqrar sektorunda tətbiq etməyə başlayıb desək, yanılmarıq. Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən təşviq olunan aqroparklar İsrailin Kibbutz kollektiv istehsal təşkilatına çox bənzəyir. Kibbutzlər keçmiş sovet illərindəki kolxozlara oxşar şəkildə və kooperativ formasında təşkil olunurlar. Aqroparklarda da eyni sahəyə aid müxtəlif təsərrüfatların birləşməsi və onların ən müasir texnikalar ilə təchiz edilməsi həm məhsuldarlığın artmasına, həm yeni iş yerlərinin yaranmasına, həm də daxili bazarda yerli şirkətlərin rəqabət gücünün artmasına gətirib çıxarmışdır. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bunun planlı şəkildə həyata keçirilən dövlət proqramı olduğunu vurğulamış və əhəmiyyətini bu cümlələrlə ifadə etmişdir: “Mənə məlumat verilib ki, məhsuldarlıq da çox yüksəkdir. Arpada hektardan məhsuldarlıq 50 sentnerdir, hesab edirəm ki, buğda da ən azı bu qədər olmalıdır. Yəni, burada ən müasir texnologiyalar tətbiq olunur, o cümlədən müasir suvarma texnologiyaları, pivot suvarma sistemləri quraşdırılır. Bu sistemlərin tətbiqi Azərbaycanda geniş vüsət alacaq. Bu məqsədlə artıq bu sistemlərin istehsalı ölkəmizdə təşkil edilibdir ki, xaricdən asılılıq azalsın və xaricə valyuta getməsin.

Beləliklə, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, işsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək. Çünki burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır”.

Azərbaycan hökuməti ölkəmizdə 50-dən çox aqroparkın yaradılması üzərində işləyir. Bütünlüklə bu sahənin inkişafı üçün hökumət ehtiyat valyuta fondundan 2 milyard dollara yaxın vəsait ayırmağı düşünür.

Dünya Bankının da maliyyələşdirmə işinə cəlbi onu göstərir ki, rəsmi Bakı bu miqdarla da kifayətlənmək istəmir və öz uğurlu layihəsini genişləndirməyə çalışır. Azərbaycanı buna həvəsləndirən isə İsrailin səhranın ortasında yaratdığı aqrar möcüzələrdir. Yuxarıda da qeyd etdiyimiz kimi, İsrail torpaqları və hava şəraiti bizdən fərqli olaraq əkinçilik üçün yararlı ərazilər deyil. 80% səhralıqdan ibarət olan ölkədə yalnız qış aylarında yağış yağır. Su qıtlığı yaşayır. Bununla belə, bu ölkə kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yeni texnologiyalar sayəsində öz əhalisinin ərzaq ehtiyaclarını qarşılamaqla qalmır, istehsal etdiyi məhsulların 90%-ni ixrac edir. Prezident İlham Əliyev də aqroparklar haqqında danışarkən “burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır” deyərkən məhz bunu nəzərdə tutur.

Bir sözlə, nazir İnam Kərimovun İsraildə keçirdiyi görüşlər Prezident İlham Əliyevin aqrar sektorda qarşıya qoyduğu hədəfləri reallaşdırmağa xidmət edir.

Mürvət Həsənli,

İş adamı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam