"Devalvasiyadan sonra ölkədə pul bazası azalır"
Ekspertlər görə, Mərkəzi Bank kreditləşməni dəstəkləmək üçün banklara əlavə manat dəstəyi verməlidir; Mərkəzi Bank bazardan yığdığı manat kütləsini yenidən bazara qaytara bilmir
"Xeberinfo.com": Məlumata görə, ölkədə pul kütləsi azalıb. Mərkəzi Bankın açıqladığı rəqəmlər bunu deməyə əsas verir.
Qeyd edək ki, 2015-ci il martın 1-nə olan vəziyyətə görə Azərbaycanda genişləndirilmiş pul bazası 9 736,1 milyon manat təşkil edib ki, bu da əvvəki aylarla müqayisədə 9,5 faiz azdır.
Yanvar-fevral aylarının yekunları üzrə hesabat belə deməyə əsas verir. İllik hesabata görə, ölkədə pul bazası 13,4 faiz azalıb. 2014-cü il fevralın yekunları üzrə bu göstərici 11 244,6 milyon manat olub. 2015-ci il martın 1-nə manatda pul bazası 9 109,9 milyon manat olub. Bu göstərici yanvarda 10 551 milyon manat, 2014-cü ilin martın 1-də isə 11 136,5 milyon manat təşkil edib.
Hesabat dövründə tədavüldəki pul həcmi 8 701,1 milyon manat təşkil edib. Hərçənd bu rəqəm yanvarda 10 145,3 milyon manat, 2014-cü il martın 1-nə isə 10 617,8 milyon manat olub.
2015-ci ilin fevralında tədavüldəki pul kütləsinin pul bazasına nisbəti əvvəlki aylarla müqayisədə 4,9 faiz, 2014-cü il martın 1-nə olan analoji göstərici üzrə isə 5 faiz azalaraq, 89,4 faiz təşkil edib.
2015-ci ilin fevralında bank ehtiyatları 1 028,4 milyon manat olub ki, bu da yanvara nisbətən 70,12 faiz və 2014-cü ilin fevralı (617,7 milyon manat) ilə müqayisədə isə 66,5 faiz çoxdur.
Ekspertlərin bu məsələyə maraqlı yanaşmaları var. Samir Əliyevin sözlərinə görə, Mərkəzi Bank intervensiya vasitəsilə bazardan yığdığı manat kütləsini yenidən bazara qaytara bilmir: “2015-ci ilin 2 ayı ərzində pul bazası 18 faiz azalaraq, 11,9 milyarddan 9,7 milyard manata düşüb. Sonuncu dəfə 2013-cü ilin yanvarın pul bazası indiki səviyyədə olub və sonrakı dövrlərdə hətta təxminən 12 milyard manata qədər artıb. Pul bazasının azalmasına səbəb dövriyyədə olan nağd pulun azalması olub. Nağd pulun azalması fevral ayında özünü daha qabarıq göstərib. Devalvasiya ayında nağd pulun həcmi 1,4 milyard manat azalaraq, 8,7 milyard manata qədər düşüb. Bu, 2011-ci ildən sonra ən aşağı səviyyədir. Ümumən götürdükdə nağd pulun azalması ötən ilin iyulundan müşahidə edilir. Həmin ay bu göstərici 11,1 milyard manat olduğu halda, bu gün 8,7 milyard manata qədər azalıb. Bu azalma məhz dünya bazarlarında neftin ucuzlaşmağa meylləndiyi dövrdən başlayıb. Neft gəlirlərinin azalması fonunda manata təzyiqin artması və dollarlaşma səviyyəsinin artması dövriyyədə nağd pul kütləsinin həcmini məhdudlaşdırır. Mərkəzi Bank intervensiya vasitəsilə bazardan yığdığı manat kütləsini yenidən bazara qaytara bilmir. Səbəb bankların manat kreditlərinin məhdudlaşdırmasıdır. Banklar hazırda dollarla kredit verməyə üstünlük verirlər, manat krediti isə almaq qeyri-mümkündür. Bankların Mərkəzi Bankda yerləşdirdiyi ehtiyatlarının həcmi 1 milyard manatdan çoxdur ki, bunun da 863 milyon manatı sərbəst vəsaitlərdir. Fevral ayında məcburi ehtiyat normalarının 2 faizdən 0,5 faizə endirilməsi bankların sərbəst ehtiyatlarını 400 milyon manatdan çox artırıb. Həmin vəsaitlər kreditə yönəldilə bilər”.
Ekspert qeyd edib ki, Mərkəzi Bank öz növbəsində kreditləşməni dəstəkləmək üçün banklara əlavə manat dəstəyi verməlidir: “Pul bazasının azalması tələbin məhdudlaşdırılması hesabına inflyasiya təzyiqini azaldır. Ancaq eyni zamanda ölkədə iqtisadi aktivliyi aşağı salır”.
Ekspert Pərviz Heydərov isə bildirib ki, Mərkəzi Bankın pul-kredit siyasətinin sərt xarakter daşıdığı əvvəlcədən bəlli idi: “Pul bazasının azalması sərt pul-kredit siyasəti şəraitində, həmçinin ölkənin gəlirlərinin azaldığı halda baş verir. Azərbaycanda Mərkəzi Bankın pul-kredit siyasətinin sərt xarakter daşıdığı əvvəlcədən bəlli idi. Baxmayaraq ki, ölkədə kredit vəsaitlərinin geri ödənişi sahəsində vəziyyət olduqca qeyri-qənaətbəxşdir və bu istiqamətdə borcların səviyyəsi kəllə-çarxdadır, Mərkəzi Bank neçə illərdir ki, ölkədə sərt pul-kredit siyasəti yeridir. Əks təqdirdə, neftin qiyməti əlverişli olduğu vaxtlarda manat 1 dollara görə 0,78 qəpikdə dirəşib, qalmazdı və indi deyildiyi kimi yerli istehsalı və ixracı dəstəkləmək üçün yumşaq devalvasiya siyasəti hələ o illər ərzində həyata keçirilərdi. Üstəlik, keçən il istehlak kreditlərinin verilməsinə də müvafiq məhdudiyyətlər tətbiq edildi. Ancaq bununla belə, ölkədə mövcud pul bazası az da olsa, artmaqda idi. Çünki dövriyyəyə dollar daxili yüksək tempdə təşkil edirdi. Neftin qiymətinin 2 dəfədən çox aşağı düşməsi bu tendensiyanı azaldıb. Odur ki, Mərkəzi Bank makroiqtisadi sabitliyi qoruyub, saxlamaq üçün məcburdur ki, manat kütləsini də azaltsın. Çünki ölkədə sərt pul-kredit siyasəti yürüdülür. Üstəlik, fevralın 21-dəki qərardan sonra sözügedən siyasət bir az da sərt xarakter alıb”.
Ekspertin sözlərinə görə, pul bazasının bu cür azalmasının qarşısını yalnız həqiqi devalvasiya siyasəti ala bilərdi ki, bu da Azərbaycanda mümkün deyil: “Belə ki, manatın kursunu Mərkəzi Bank həmişə inzibati yolla tənzimləmək məcburiyyətindədir. Odur ki, pul bazasının azalması real şəraitdə təbiidir və heç bir ciddi təhlükə vəd etmir. Ancaq sözügedən fonda yerli istehsalın inkişafından və ixracın genişlənməsindən danışmaq isə sözsüz ki, heç mümkün deyil”.
Musavat.com