Cahangir Hacıyev Mərkəzi Banka gətirilir
Mərkəzi Bank sədrinin səlahiyyət müddəti bitsə də, onunla bağlı təqdimat hələ də parlamentə göndərilməyib; Elman Rüstəmovu Cahangir Hacıyevin əvəzləməsini mümkün edən mühüm səbəblər
"Xeberinfo.com": Martın 29-dan Bakı Fond Birjasında (BFB) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmlərinin satışına başlanılıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bu ilin martın 11-də qeydə aldığı səhm emissiyasına görə, emissiyanın məbləği 100 milyon 17 manat, qiymətli kağızın miqdarı 370 milyon 370 min 371 ədəd, səhmlərin nominal dəyəri isə 27 manatdır.
Emissiya baş tutsa, bankın nizamnamə kapitalı 17 faiz və yaxud 100 milyon manat artaraq, indiki 590 milyon manatdan 690 milyon manata çatacaq.
Beynəlxalq Bank ölkənin ən kapitallaşdırılmış bankıdır. Bank bazar payına və əmanətlərin həcminə görə Azərbaycanda ən böyük bank sayılır. Bankın nizamnamə fondunun 50,2 faizi dövlət müəssisələrinin, 3,27 faizi qeyri-dövlət müəssisələrinin, 38,63 faizi fiziki şəxslərin, 7,9 faizi xarici təsisçilərin payına düşür. Bankın dövlətə aid səhmləri Maliyyə Nazirliyi tərəfindən idarə olunur.
Qeyd edək ki, Beynəlxalq Bankın səhmlərinin ilk satışı 2013-cü ilin oktyabr ayında başlayıb. Bu prosesin 4 il ərzində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. İlk mərhələdə 400 milyon manat artırıldı. Bu il isə 100 milyon manat məbləğində artım nəzərdə tutulur. Bununla da səhmlərin əlavə emissiyası hesabına nizamnamə kapitalı 16,9 faiz artırılaraq, 690,2 milyon manata çatdırılacaq. 100 milyonluq emissiyanın yarısı, yəni 50 milyonu Maliyyə Nazirliyi tərəfindən ediləcək. 2016-cı və 2017-ci illərin hər birində 100 milyon manatlıq artım olacaq.
Martın 18-də Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən istefa verən Cahangir Hacıyevlə bağlı da müəmma davam edir. Bəzi ekspertlər bildirirlər ki, C.Hacıyevin istefası dövlətə məxsus olan səhmlərin özəlləşdirilməsi və bankın yenidən strukturlaşması ilə əlaqədar ola bilər. C.Hacıyevin istefasına səbəb kimi Beynəlxalq Bankın problemli kreditlərinin həcminin həddindən artıq şişməsi də göstərilir. Belə ki, bu problem manatın devalvasiyasından sonra xüsusilə təhlükəli həddə çatıb. Başqa bir iddiaya görə isə C.Hacıyev özəlləşmə ilə bağlı prosesə isti baxmayıb. O, dəfələrlə mətbuata açıqlamalarında da bildirib ki, bu prosesdə tələskənliyə yol vermək olmaz.
C.Hacıyevlə bağlı daha sensasion xəbər isə onun artıq səlahiyyət müddəti bitən Mərkəzi Bankın sədri Elman Rüstəmovun yerinə gətirilə biləcəyi ilə bağlıdır. 63 yaşlı Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib.
Sonuncu təyinat 2010-cu ilin aprelində baş tutub. 2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib.
Cahangir Hacıyevin Elman Rüstəmovun yerinə gətirilə biləcəyi barədə xəbəri real hesab edənlər də, bunun əksini düşünənlər də var. Belə ki, onun Mərkəzi Bank rəhbərliyinə gətirilməsi ehtimalı doğrudursa, o zaman C.Hacıyevin niyə “səhhəti” ilə bağlı istefaya getməsi sualı meydana gəlir.
C.Hacıyevin Mərkəzi Banka rəhbər gətiriləcəyi ilə bağlı xəbərin gerçək ola biləcəyini düşünənlər isə sabiq bankirin hakimiyyətdə müəyyən güc mərkəzlərinə bağlılığına, eləcə də əlində külli miqdarda kapital olmasına diqqət çəkir. Daha bir maraqlı detal Mərkəzi Bankın sədri ilə əlaqədar təqdimatın hələ də parlamentə göndərilməməsidir. Aprelin 3-də keçirilməsi nəzərdə tutulan MM-in plenar iclasında ümumilikdə 23 məsələnin müzakirə edilməsi planlaşdırılırsa da, iclasın gündəliyində Mərkəzi Bankla bağlı məsələ yoxdur. Qeyd edək ki, manatın devalvasiyasında ən çox günahlandırılan məmur məhz E.Rüstəmov olub. Onu hakimiyyətə yaxın deputatlar belə ciddi tənqid ediblər.
Musavat.com