Böhranın tikinti sektoruna təsiri
Bir neçə gün öncə Mərkəzi Bankın Idarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş geniş iclası baş tutdu.
"Xeberinfo.com": Mərkəzi Bankın mətbuat xidmətindən “Azadlıq”a daxil olan məlumata görə, iclasda struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərləri də iştirak edib. Arxada qalan ili Mərkəzi Bank üçün uğurlu il kimi dəyərləndirən MB Idarə Heyətinin rəhbəri Elman Rüstəmov bu il üçün də planlarının nədən ibarət olduğunu açıqlayıb.
Bu ərəfədə dünyanın üç ən böyük reytinq agentliyindən biri olan və ABŞ-da yerləşən “Standard&Poor’s” Azərbaycanın beynəlxalq kredit reytinqini mənfi dəyərləndirib. Əgər bu agentlik bir müddət əvvəl Azərbaycanın reytinqini stabil kimi proqnozlaşdırırdısa, son qiymətləndirmədən sonra bu, “neqativ”lə əvəzlənib.
Reytinq agentliyinin ekspertləri hesab edir ki, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ölkənin maliyyə imkanlarını ciddi şəkildə zəiflədib. Eyni zamanda qeyd olunub ki, hökumət böyük neft pulları hesabına maliyyə ehtiyatları yarada bilib və bu ehtiyatlar ona qısa müddətlik də olsa, vəziyyətdən çıxmağa imkan verəcək.
Ekspertlərin fikrincə, 2015-ci Azərbaycan iqtisadiyyatının artımı 1,9 faizdən çox olmayacaq.
“Neft satışından əldə olunan gəlirlərin kəskin şəkildə azalması ölkənin tikinti sektoruna ciddi şəkildə mənfi təsir göstərəcək. Vəziyyəti mürəkkəbləşdirən çox mühüm amillərdən biri də hökumətin səmərəli olmayan iqtisadi siyasəti və maliyyə sahəsində çevik olmayan fəaliyyətidir”,- deyə təşkilatın açıqlamasında bildirilir.
İqtisadçı Nemət Əliyev hesab edir ki, MB-nin başçısı kimi E.Rüstəmov həm də hazırkı komandanın üzvlərindən biridir. Ona görə onun 2014-cü ildəki fəaliyyətlərinə qiymət verməsi doğru sayılmamalıdır: “Elman Rüstəmov deməyəcəkdi ki, mənim fəaliyyətim pis olub. Azərbaycan hökumət üzvlərindən hansını dindirsəniz deyəcək ki, fəaliyyətimiz yaxşı olub. Halbuki ölkə milyardlar itirib, ölkənin makroiqtisadi göstəriciləri pisləşib. Ona görə Elman Rüstəmovun bu açıqlaması da onun komanda üzvü kimi hökumətin fəaliyyətinə don geyindirmək məqsədi kimi dəyərləndirilməlidir”.
N.Əliyevin sözlərinə görə, Azərbaycanın neft ehtiyatları, neftdən gələn gəlirlər azaldıqca ölkənin reytinqi də aşağı düşəcək. Bu yaxınlar Avropa Yenidənqurma və Inkişaf Bankının Azərbaycanla bağlı açıqladığı hesabatın da buna bir misal olduğunu deyən N.Əliyev vurğuladı ki, Bank Azərbaycanın ÜDM-nin kəskin aşağı düşəcəyini proqnozlaşdırıb: “Bütün bu hesabatlar iş adamlarının, xarici ölkələrə kapital yatırımında maraqlı olan kəsimin diqqətini cəlb edir. Amma yaranmış situasiyada Azərbaycan hökumətinin açıq-aydın proqramı da yoxdur. Çünki bir qayda olaraq hökumətlər bu cür situasiyalarda ortaya açıq aydın proqram qoymalıdırlar”.
İ.Əliyevin “Rosiya 24" telekanalına müsahibəsində bəzi investisiya layihələrindən imtina edəcəklərini etiraf etməsini xatırladan N.Əliyev hesab edir ki, artıq bu, tikinti sektorunda böhranın yaşanacağı ilə bağlı bir siqnal idi: ”2014-cü ildə iqtisadi artım tikinti sektorunun hesabına baş verib. Indi təsəvvür edin, tikinti sektoruna yatırım azalacaqsa, o zaman ölkə üzrə iqtisadi artım baş verməyəcək. Nüfuzlu beynəlxalq təşkilatların hesabatları, proqnozları hökumət üçün ciddi siqnal olmalıdır".