Elman Rüstəmov 28 milyon manat verməsə, “Bank Technique” batacaq
Beynəlxalq reytinq agentliyi “Moody’s” Azərbaycanın bank sektorunda müşahidə olunan sistemli böhran əlamətlərinə dair daha bir proqnoz yayıb.
"Xeberinfo.com": Məlumata görə, agentlik bu dəfə ölkənin aparıcı banklarından biri hesab edilən (ən azından yaxın keçmişdə) “Bank Technique”in yerli və xarici valyuta ilə uzunmüddətli depozit reytinqini Caa1-dən Caa2-yə endirib.
Agentlik həmçinin bankın kredit qabiliyyətini Caa2-dən Caa3-ə endirib. Bu qiymətləndirmə fevral ayında manatın devalvasiyası nəticəsində bankın kapital ehtiyatlarının zəifləməsini əks etdirir. Bankın uzunmüddətli depozit reytinqi neqativdir. Bu neqativ qiymətləndirmə bankın devalvasiya nəticəsində 25 milyon manat ziyana düşməsindən sonra ziyanın kompensasiya edilməsi üçün kapital yetərililiyinin olmamasına dəlalət edir.
Agentliyin analitiklər qeyd edirlər ki, bu günə olan məlumata görə, bank yetərli kapital dəstəyi ala bilməyib və Mərkəzi Bankın, yaxud səhmdarların bu dəstəyi göstərəcəyi hələ də aydın deyil.
Bankın Mərkəzi Banka təqdim edilmiş rekapitalizasiya planına əsasən səhmdarlardan subordinasiyalaşmış borc şəklində 8 milyon manatın cəlb edilməsi nəzərdə tutulur. Bununla belə vaxt çərçivələri müəyyən deyil.
Bundan əlavə agentlik qeyd edir ki, 8 milyon manat bankın kapitalının möhkəmləndirilməsi üçün yetərli deyil. “Bank Technique” ən azı 28 milyon manta capital yatırımına ehtiyac duyur, bunun 5 milyon manatı birinci dərəcə kapitaldır.
Agentlik bildirir ki, əgər bank Mərkəzi Bankdan yetərli dəstəyi alsa, onun kredit və deposit reytinqinə yenidən baxılacaq.
“Moody’s” bankın aktivlərinin həcminə görə ölkənin 9-cu ən iri bankı olduğunu qeyd edərək onun bank sistemi üçün əhəmiyyətini vurğulayır.
Bildirilir ki, yaxın 12-18 ay ərzində bankın depozitlərinin həcminin artması potensialı məhduddur. Əgər bank yetərli kapital dəstəyini almasa agentlik onun reytinqini daha da aşağı salacağı haqda xəbərdarlıq edib.
Virtualaz.org