QHT sədri ölüm faktıyla bağlı ittiham olunur
“Davamlı inkişaf, gənclər, təhsil, təlim maarifləndirmə” İctimai Birliyinin sədri Gülnarə Əmiraslanova dələduzluqda və digər cinayətlərdə ittiham olunur.
"Xeberinfo.com": Məlumata görə, ötən gün Samux rayonu Qarayeri qəsəbə sakini Rahib Kazımov ANS-də yayımlanan “Adam içində” verilişinə müraciət edərək, QHT sədrinin onun və daha 40-50 nəfərin adına bankdan kredit götürdüyünü və borclarını qaytarmadığını bildirib:
“Gülnarə Əmiraslanova ilə qohumluq əlaqələrimiz var. Mənim anam xəstədir. Dedim ki, bizə ünvanlı sosial yardım düşür, amma ala bilmirik. Dedi ki, mən sizə sosial yardım almağa kömək edərəm, siz də bankdan pul götürüb mənə verin. Məktəbdən arayış alındı və “Unibank”dan mənim adıma 2000 manat pul götürüldü. Heç bilmirdim ki, bu adam camaatın başına belə oyun açıb. Hamımız da bir-birimizdən xəbərsizik. Bankdan götürdüyümüz pulun min manatını ödədi, min yüz manatı qaldı. Sonra heç bizə ünvanlı sosial yardım almağa da kömək etmədi. Mənə yüz manat verdi ki, get, işini yoluna qoy. İndi isə qalan məbləği ödəməkdən boyun qaçırır. Deyir ki, gedin, hara istəyirsiniz, şikayət edin”.
Rahib Kazımov bildirib ki, G.Əmiraslanova bir ailədən dörd nəfərin adına kredit götürüb və onları da pis vəziyyətdə qoyub:
“Onların adına on min manat pul götürmüşdü. Evin kişisinin ürəyi partladı, öldü. Bir nəfər isə intihar elədi”.
Məsələ ilə bağlı dələduzluqda ittiham olunan QHT sədri Gülnarə Əmiraslanova ilə əlaqə saxladıq. Əmiraslanova Publika.az-a açıqlamasında bildirdi ki, haqqında səsləndirilən fikirlər tamamilə əsassızdır və buna görə həmin şəxsləri məhkəməyə verəcək:
“Onlar mənə böhtan atırlar. Vəkilimlə danışmışam, həmin adamları məhkəməyə verəcəyəm. Qoy onlar hüquq-mühafizə orqanları qarşısında cavab versinlər. Bu adamlar iddia edirlər ki, guya kimsə mənə görə intihar edib. Bəli, bu ilin may ayını 29-da mənim sakini olduğum Qarayeri qəsəbəsində Məmmədəli adlı şəxs özünü asmışdı. Həmin ailə ilə yaxın münasibətlərimiz var, özünü öldürən Məmmədəli kişinin xanımı iş yoldaşımdır. Məsələ ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsiylə cinayət işi açıldı və mən də orada şahid qismində dindirildim. Sonradan məlum oldu ki, bu ailənin özünün xeyli problemləri var, banka borcluymuşlar. Bu barədə rəsmi sənədlər də var. Sadəcə, əyalət olduğuna görə camaat bazar söhbətləri danışır”.
QHT sədri bildirir ki, Rahim Kazımovun iddiasına rəğmən, onların heç bir formada qohumluq əlaqələri yoxdur. Amma Əmiraslanova etiraf edir ki, 2012-ci ildə həmkəndlisinin adına bankdan iki min manat məbləğində kredit götürüb:
“2012-ci ildə kredit götürdüm və ayda 116 manat ödəyib, krediti bağladım”.
G.Əmiraslanovanın sözlərinə görə, R.Kazımov fəhlə işləyir və banklara borcu var:
“Onlar belə adamlardır ki, kim cibinə pul bassa, ona da işləyəcək. Rahibin mənə götürüb verdiyi kreditin bir hissəsi onun özünə çatıb. Sadəcə, əyalətdə camaatı başa salmaq olmur. Beş aydır başım belə qalmaqallı söhbətlərə qarışıb, artıq boğuluram. İntihar məsələsinə gəlincə, Samux prokurorluğu həmin məsələyə xitam verib”.
G.Əmiraslanovanın fikrincə, bu, bələdiyyə seçkisi öncəsi ona qarşı aparılan təxribat kampaniyasıdır:
“Bələdiyyə seçkilərində namizədəm. Maraqlı qüvvələr var ki, məni gözdən salmaq istəyirlər. Amma mən güclüyəm və mübarizə aparmağı bacarıram.Öz hüquqlarımı da bilirəm. Qələbə də mənimlə olacaq”.