Cahangir Hacıyev ərizə yazdı:Əfv olunması üçün
Beynəlxalq Bankının keçmiş sədrinin vəkili Aqil Layıcov: “Şəxsin əfv olunması məhkəmənin istənilən mərhələsində ola bilər”
Yenixeber.org: Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev əfv olunması üçün ərizə yazıb. Bu haqda redaksiyamıza daxil olan məlumatda bildirilir ki, sabiq bankir səhhəti ilə əlaqədar əfv edilməsini istəyir.
C.Hacıyevin vəkili Aqil Layıcov deyir ki, müvəkkilinin əfv olunması üçün ərizə yazması haqda məlumatı yoxdur: “Türkiyədəyəm, sonuncu dəfə həftənin 1-ci günü Bakı İstintaq Təcridxanasında görüşmüşük. Səhhəti əvvəl olduğu kimidir. Əfv məsələsi onun şəxsi işidir, mənim bu haqda məlumatım yoxdur. Əfvlə bağlı aramızda müzakirə olmayıb”.
Vəkil deyir ki, C.Hacıyevin işi üzrə istintaq araşdırmaları aparılmayıb: “İşin içində kredit sənədləridir. Cahangir Hacıyev və digərləri mənimsəmədə ittiham olunurlar. Kredit sənədlərindən isə mənimsəmə görünmür. Mənimsəmə cinayəti varsa, mənimsəmə faktı da ortada olmalı, açıq-aşkar görünməlidir. İbtidai istintaqda araşdırma aparılmayıb, məhkəmədə də araşdırma aparılmadan ittiham aktında yazılanları təsdiqləyiblər.1-ci məhkəmə instansiyasında hakim Əfqan Hacıyev araşdırma aparmadı. Çünki ömrü boyu kommersiya hüququ ilə məşğul olmayan bir hakimdir. Bu halda onun işi araşdırıb hüquqi qiymət verməsi də uyğun deyildi. Verdiyimiz vəsatətləri də təmin etmədi və bizim obyektivliyə nail olmağımızın qarşısını aldı. Buna görə də hesab edirik ki, apelyasiya instansiyasında məhkəmə istintaq araşdırması ilə həyata keçirilməlidir”.
Vəkil vurğulayıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə çıxardığı hökmdən apelyasiya şikayəti veriblər:“Bakı Apelyasiya Məhkəməsinin iş üzrə ilkin qərarında göstərildi ki, iş üzrə proses məhkəmə araşdırması aparılmadan keçirilsin. Biz həmin qərarla razı deyilik. Bu halda obyektiv reallıq ortaya çıxmayacaq. Ona görə də apelyasiya instansiyasının ilkin qərarından Ali Məhkəməyə şikayət vermişik. İş Bakı Apelyasiya Məhkəməsinə qayıdandan sonra mahiyyəti üzrə baxılacaq”.
A.Layıcov müvəkkilinin hazırkı mərhələdə əfv oluna biləcəyini də istisna etmədi: “Şəxsin əfv olunması məhkəmənin istənilən mərhələsində ola bilər. Qanun bunu qadağan etmir”.
Qeyd edək ki, C.Hacıyev və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası dekabrın 9-da keçirilmişdi. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda C.Hacıyevin vəkilləri 3 vəsatətlə çıxış etmişdilər. Onlar müdafiə etdikləri şəxs barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini, cinayət işinə xitam verilməsini və cinayət işinin məhkəmə istintaqı ilə aparılmasını istəyirdilər. Vəsatətlər təmin edilmədiyindən vəkillər Ali Məhkəməyə müraciət edərək hazırlıq iclasının qərarının ləğv olunması, işə məhkəmə istintaqı ilə aparılmaqla baxılmasını tələb etmişdilər.
C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, Y.Ələkbərov 8 il 6 ay, K.Orucov 7 il 6 ay, İ.Hüseynov 7 il 23 gün, M.Cahangirov 7 il 6 ay, A.Cavadov 10 il 11 ay, A.Sultanov 7 il 6 ay və İ.Abdullayev 6il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İ.Abdullayev, M.Cahangirov və A.Sultanova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona şərti cəza verilib. İ.Abdullayev məhkəmə zalından azadlığa buraxılıb. A.Cavadov isə məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkumlar apelyasiya şikayəti verib.(Musavat.com)