“Qərəzli münasibət Zamirə Hacıyevanın Azərbaycana gəlməsinə imkan vermir”
Vəkil Aqil Layıcov Beynəlxalq Bankın keçmiş sədrinin avqustun 15-nə təyin edilən məhkəməsindən danışıb
Xeberinfo.com: Bu gün Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevlə təcridxananda görüşəcəm. İki gün əvvəl onunla görüşmüşəm səhhəti normal idi. Bu barədə vəkil Aqil Layıcov bildirib.
Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə 2015-ci il dekabrın 5-də Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkməsində Hacıyevin cinayət işi üzrə hazırlıq iclası başlayacaq.
Vəkil bildirib ki, bu gün günün görüşü zamanı Hacıyevlə məhkəmədə necə hərəkət edəcəklərinin strategiyasını müzakirə edəcək.
“Amma, ittihamlarla bağlı dəfələrlə demişik. Mülki münasibətlər, kredit münasibətləri qəti olaraq cinayət ittihamı müstəvisində həll olunan məsələ deyil. Bu birmənalı şəkildə belədir. Bizim fundamental sorğumuz bundan ibarətdir”, o qeyd edib.
Vəkil Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı elan edilmiş axtarışın dayandırılması ilə bağlı mediada dərc olunan xəbərlərə də münasibət bildirib.
Bir sıra KİV-lərdə Zamirə Hacıyevanın barəsində həbs qəti imkan tədbiri seçilərək barəsində axtarış elan edilməsi barədə Nərimanov Rayon Məhkəməsinin iyunun 1-də qəbul etdiyi qərar dərc olunub. Onun həbsi barədə təqdimatı Baş prokurorun birinci müavini Rüstəm Usubovun verdiyi bildirilir.
KİV-lər yazır ki, Zamirə Hacıyeva korrupsiyada – Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif post-terminallar və internet ödənişlər vasitəsilə ümumilikdə 18 milyon dollar pul çıxarmaqda ittiham olunub.
“Zamirə Hacıyeva barəsində axtarışın dayandırlıması barədə əlimizdə hər hansı sənəd yoxdur. Ona görə də bu barədə bir söz deyə bilmərəm. Bu hər hansı bir şəxsin təxəyyülünün məhsulu da ola bilər”, Layıcov deyib.
Vəkilin sözlərinə görə, Nərimanov rayon Məhkəməsinin Zamirə Hacıyeva ilə bağlı qərarı tamamilə gizli şəraitdə qəbul edilib.
“Məhkəmənin keçirilməsi ilə və qəbul edilmiş qərarla bağlı Hacıyevaya və onun vəkilinə, qohymlarına xəbər verilməyib. Zamirə Hacıyevanın vəkili olduğu halda, özləri vəkil seçib. Seçdikləri vəkil adi primitiv qaydada apellyasiya şikayəti də verməyib. Bizim məhkəmənin qərarından iyunun 17-də mediada məlumat dərc ediləndən sonra xəbərimiz olub. Apellyasiya şikayəti vermişik. Apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa olunması ilə bağlı proses oldu və müddət bərpa olunmadı. Biz bundan da apellyasiya şikayəti verəcəyik. Apellyasiya baxışından sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyimizi düşünürük. Çünki gizli məhkəmə, yersiz qadağalar, vəsatətələrimizin təmin edilməməsi fundamental hüquq pozuntusudur”, o qeyd edib.
Vəkil Zamirə Hacıyevanın məhkəməyə gəlmək istəyi ilə bağlı sualın cavabında deyib ki, Hacıyeva məhkəməyə gəlmək istəyində deyil.
“Çünki ona qarşı qərəzin olması əsas verir ki, Azərbaycana gəlməsin. Onu məhkəmədə vəkil təmsil edir”, Layıcov bildirib. (Amerikanın Səsi)