Qardaşının toyuna 10 gün qalmış Zaur Həsənli şəhid oldu
Hərbi xidmətə “bəlkə şəhid oldum” deyərək gedən əsgərin həyat hekayəsi
Xeberinfo.com: Ailəsinin imkanı olsaydı bəlkə də şəhid olmayacaqdı. Hazırlığa gedib universitetə daxil olar, 4 il ali məktəb oxuyandan sonra hərbi xidmətə yollanardı. Kasıb olduqlarına görə, bu istəyindən vaz keçməli olur. Söhbət 9 ay öncə Naxçıvana hərbi xidmətə yollanan, iyunun 2-də şəhid olan Kəlbəcərdən olan məcburi köçkün Zaur Həsənlidən gedir.
Məktəbin ilk şəhidi
Həsənovlar ailəsi 1994-cu ildən Xırdalan şəhərində yerləşən Yaşıllaşdırma idarəsinin binasındakı təmirsiz, darısqal, heç bir şəraiti olmayan iki otaqlı mənzildə yaşayırlar.
Həmin binada 117 saylı məktəb də fəaliyyət göstərir. Zaur Həsənli də sözügedən təhsil ocağının məzunu olub. Universitetə hazırlaşmaq istəyib, hətta bir ay reptitor yanına gedib. Ailənin büdcəsi əlavə xərcləri ödəyə bilmədiyini görən Zaur bundan imtina edib. Hərbi xidməti başa vurandan sonra arzusunu gerçəkləşdirəcəyini planlaşdırırmış. Tale ondan üz döndərdi.
Ailənin yeganə təsəllisi o olar ki, 117 saylı məktəbin övladlarının adını daşısın. Çünki Zaur bu məktəbin ilk şəhididir.
“Ana, bəlkə şəhid oldum”
Evin son beşiyi olan Zaur Həsənlinin 10 günə böyük qardaşı Ramil Həsənzadənin toyu olacaqdı. Ailəsi deyir ki, Zaur çox sevincli idi. O, valideynlərindən xahiş etmişdi ki, komandirlə əlaqə saxlasınlar və növbəti dəfə məzuniyyətə çıxmasına icazə verilsin. Çünki yaxşı qulluq etdiyi üçün hərbi xidmətinin üçüncü ayı tamam olanda onu evə göndərmişdilər.
Anası Xurma Bayramova deyir ki, oğlu şəhid olacağını duyubmuş: “Naxçıvana düşmək istəyirdi. Mən isə bunu istəmirdim. Böyük qardaşı da Naxçıvanda qulluq etmişdi. İmkanımız olmadığı üçün yanına gedə bilməmişdik. Yoldaşım xəstədir, tək mən işləyirəm, ona görə də istəyirdik ki, yaxına düşsün. Bir də gördük ki, Zaurun Naxçıvana düşməsi barədə kağız gəldi. Dedim, bala, arzuna çatdı. Cavabı bu oldu ki, ana, bəlkə şəhid oldum. Həmişə də bizimlə danışanda üç sərhədə baxdığını və bundan qürur hissi keçirdiyini deyirdi (Türkiyəni İranı və Ermənistanla sərhədləri nəzərdə tutur – red). Naxçıvanda erməniylə üz-üzə olduğunu bizdən gizlədirdi. Yalandan deyirdi ki, postda deyiləm. Halbuki, düşmənlə 40-50 metr məsafədə xidmət edirdi. Qardaşım Naxçıvana cənazəni qarşılamağa gedəndə posta çıxdı və bunun şahidi oldu”.
“Toya gələcəyinə görə çox sevinirdi”
Zaur demək olar ki, hər gün ailəsiylə, qohumlarıyla danışırdı. Heç nədən şikayəti olmayan mərhum əsgərin yaxınları deyir ki, ölümündən 15 dəqiqə öncə hamıyla danışıb. Sonuncu danışdığı adam isə dayısı Murad Bayramlı olub. Elə ilk dəfə də dayısına posta çıxdığını deyib.
Zaurun şəhid olması Həsənovlar üçün bir ilk deyil. İndiyə qədər Həsənovlar nəsli 10 şəhid verib, Zaur 11-cidir.
Mərhumun atası Söhbəddin Həsənov deyir ki, ölümündən iki öncə Zaurla danışanda qardaşınəın toyuna gəlməsi üçün hara müraciət etmələrini deyib: “Mən rayonda atamgildə idim. Oğlum şəhid olmamışdan 15 dəqiqə əvvəl yenə danışdıq. Toya gələcəyinə görə çox sevinirdi. Az keçmədi evdən mənə zəng etdilər ki, təcili Bakıya qayıdım. Xəstə olduğum üçün məndən hər şeyi gizlətdilər. Yalandan dedilər ki, Zaur yaralanıb. Birdə gördüm oğlumun cənazəsini gətiriblər. Mən onunla nəfəs alırdım”.
Hərbi hissənin komandir və zabit heyətindən narazı olmadığını deyən Söhbəddin Həsənovun sözlərinə görə, oğlunu şəhid adına layiq dəfn ediblər: “Bütün heyət dəfn mərasiminə qatıldı, iştirak etdi, hamısına minnətdaram. Oğlumla da qürur dayıram. Həmişə də deyirdi ki, ata, vətən yolunda şəhid də olarıq”.
“Torpaq da artıq dolub...”
Zaurun yaxınları onun böyük ürək sahibi olduğunu deyirlər: “Genişqəlbli uşaq idi. Ona deyəndə ki, hərbi xidmətdən bir müddətlik saxlayaq razı olmurdu. Deyirdi gedib vətəni qoruyaq. Gələcək üçün xeyli planları vardı. Qismət olmadı, onları yerinə yetirsin”.
Zaur Həsənli yaxınlarının yaddaşında belə iz buraxıb: “Çox sakit uşaq idi. Heç kimlə işi olmazdı. Həmişə barışıq tərəfdarı idi. Mübahisə edən tərəfləri sakitləşdirməyə cəhd göstərirdi. Kiminsə xətrinə dəyməzdi. Hamının qulluğunu tutardı. Kimə nə lazımdırsa bacardığı qədər kömək edərdi”.
“Şəhid verə-verə yaşayıram. 10 şəhid vermişəm, Zaur 11-cidir. Torpaq da artıq dolub”, - bunu isə mərhumun nənəsi Roza Həsənova deyir.
Zaur Həsənli Xırdalandakı Şəhidlər Xiyabanında dəfn edilib.