Prezidentin keçmiş köməkçisinin adı hallanan qətlin xronikası
“Xəyalın ölkəyə gətirilməsi üçün prezidentin bir tapşırığı yetər ki, Tariyel Ağayev onu gətirər”
"xeberinfo.com": Ötən ilin mayın 2-də paytaxtın Nərimanov rayonunda 21 yaşlı Vüsal Şilder qətlə yetirildi. Alman vətəndaşı olan ailəsinin başçısı Adolf Şilder bir vaxtlar “Mersedes Benz”in Azərbaycan üzrə nümayəndiliyinin rəhbəri olub. Olay səs-küyə səbəb oldu. Qətldə adı hallanan Tariyel Ağayevin mərhum prezident Heydər Əliyevin keçmiş köməkçisi olması məsələyə diqqəti daha artdı.
Hadisələrə başlamazdan öncə Vüsal Şilderin anasının dilindən kiçik bir xronikanı təqdim edirik. Anası deyir ki, mərhum Şilder beş dil bilirdi: “18 yaşında atası Berlində şəhadətnamə aldı və Vüsal rəsmən alman vətəndaşı oldu. Yoldaşım özü “Avtostar”ın neçə il nümayəndəsi olub. “Merseden-benz”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri olduğu vaxtlarda rəhmətlik Heydər Əliyevin maşınlarını təmir edirdi. Yalnız o qol çəkib təminat verdikdən sonra prezidentin maşını sürülə bilərdi. Oğlum İngiltərədə oxuyurdu. Fevralda biz Almaniyadan köçdük. Aprelin əvvəlində Vüsal İngiltərədən orda qala bilmədiyi üçün gəldi. Cəmi iki il əvvəl Azərbaycanı tərk etmişdi. Burada iki ay universitetə hazırlaşdı və Qərb universitetinə daxil oldu.
Bura gələndən sonra Elin adlı dostu vasitəsilə Lalə ilə tanış oldu. Bir-birilərini bəyəndilər. Sonradan bildik ki, Lalə Tariyelin qızı imiş. Qızı Vüsala yox başqasına ərə verdilər.Oğlum bir gün mənə dedi ki, metroda şəkillərini kimlərsə çəkirmiş. Bir gün mühafizəçi dedi ki, həyətə QAİ gəlib Vüsalı soruşub.Başqa bir gün isə Vüsalnan evə gəlirdik, maşınını arxadan vurdular. Bu qəzanı televiziyada da göstərdilər. Sonra bildik ki, o da qurğu idi. O zaman da niyyətləri öldürmək olub. Üstündən cəmi bir ay keçəndən sonra, mayın 2- də planları baş tutdu”.
Vüsalın ailəsi Almaniya səfirliyinin, interpolun da artıq bu istiqamət işləri davam etdirdiyini deyir: "Ağır cinayətlərdə bizə deyirlər ki, axtarışda çox insan var.Səfirlik polisdən tam doğru xəbər ala bilmədiyi üçün lazımi şəkildə iş görə bilmir. Azərbaycanın nə edib etməməsindən asılı olmayaraq, Almaniya, Angela Merkelin özü də məlumatlandırılıb. Almaniya qanunlarına görə, əgər mənim vətəndaşım hər hansı ölkədə öldürülürsə cinayətkar tapılana kimi iş davam etdirilir. Almaniyanın kriminal polisi də bu işə nəzarət edir”.
Onu da bildirək ki, Vüsal Şilderə qarşı quraşdırılmış oyunla bağlı – maşınını qəza vəziyyətinə gətirməsinə görə, məhkəmə prosesi gedir. Hadisədə şübhəli qismində saxlanılan və barələrində həbs qətimkan tədbiri seçilən 3 şəxsdən biri (sürücü Qurban Novruzov, iş adamı Yaşar Sunar və polis zabiti İlham Məmmədov), özünü Prezident Administrasiyasında çalışan Tariel Ağayevin qohumu kimi təqdim edən Binəqədi polis idarəsinin mühafizə işçisi, polis zabiti İlham Məmmədova qarşı hakim nədənsə qahmar çıxır.
Zərərçəkən tərəfin hüquqlarını qoruyan vəkil Aslan İsmayılov mətbuata açıqlamasında dindirilən şahid ifadələrindən aydın olur ki, İlham Məmmədov türk iş adamı Yaşar Sunarın bəzi işlərini həll etdikdən sonra bunun müqabilində qohumu olduğunu iddia etdiyi Tariel Ağayevin qızı Lalə Ağayevaya “sataşan” Vüsal Şilderin “dərsini vermək üçün” onun maşınını vurmaq tapşırığı verir. Binəqədi rayon polis idarəsindən isə sürücü Qurban Novruzova qəzadan sonra Vüsalın maşınına narkotik atmaq tapşırılır: “Lakin qəza planlaşdırılandan ağır olur, Yaşar Sunar xəsarət alır.Bu səbəbdən Vüsalın maşınına narkotik ata bilmirlər. Onlar Vüsala dəyən ziyanı ödəmək üçün onu Binəqədi rayon ərazisinə çağırırlar. Daha sonra 7-ci polis bölməsinin rəis müavini Kənan Babayev çəkiliş aparılması üçün ANS-ə zəng vurur. Qurban Novruzov buna razılıq vermir, bundan sonra rəis müavini İlham Məmmədova zəng vurur və ikinci Qurbanovu 3 min manat müqabilində çəkiliş aparmağa razı salır”.
“Bizə verilən məlumata görə, oğlumun öldürülməsi anı müşahidə kameralarında olub. Tariyelin göstərişi ilə həmin çəkilişlər silinib.Bundan başqa Prezident Administrasiyasına yazdığımız məktubları, teleqramları "sartirovka” edirlər. Əminəm ki, bizim məktubların heç biri ölkə başçısına çatmır. Xəyalın ölkəyə gətirilməsi üçün prezidentin bir tapşırığı yetər ki, Tariyel Ağayev onu gətirər”, - deyə Mətanət xanım bildirir.
Maraq üçün onu da bildirək ki, mətbuatda bir müddət öncə İnterpol Azərbaycanın əməkdaşları tərəfindən Tariyel Ağayevin kürəkəni Xəyal Əlizadə saxlanılıb. Məlumatalrda "Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Əlizadə Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb. Əldə etdiyimiz məlumata əsasən, hazırda onun ekstradisiyası üçün tədbirlər görülür” yazılsa da, heç bir irəliləyiş olmayıb.
Vəkil Aslan İsmayılov mətbuata müsahibələrində məhz bu məsələyə diqqəti çəkib: "Bu işin arxasında Prezidentin keçmiş köməkçisi Taryel Ağayevin durduğu məlumdur. Qətli sifariş edən Taryel Ağayevin Xəyal Əlizadə adlı kürəkəni hazırda Dubaydadır. Biz həmin şəxsin ölkəyə qaytarılmasını tələb edirik. Bizə deyirlər axtarış vermişik. Mən İnterpolun rəsmi internet səhifəsinə daxil oluram. Həmin səhifədə Azərbaycandan 150 nəfərə yaxın adam axtarışda olsa da, Xəyal Əlizadə orada yoxdur. Bu barədə də dəfələrlə Zakir Qaralova müraciət etmişəm. Heç bir cavab yoxdur. Belə olan halda bu vətəndaşlarla hansı milli birlik yaratmaqdan söhbət gedə bilər”.
Bu barədə çox yazmaq olar. Ancaq hələlik burada bitiririk. Məsələnin görünən tərəfi odur ki, Vüsal Şilderin qanı batırılır. İndiyə qədər məhkəmə prosesləri buna əyani sübutdur. Şilderin ailəsi olayla bağlı, məsələdə adı keçən bütün şəxslərin, o cümlədən Tariyel Ağayevin məsuliyyətə cəlb olunmasıyla bağlı bütün dövlət qurumlarına müraciət ediblər. Ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Daxili İşlər naziri Ramil Usubova və başqa şəxslərə müraciət edilib.