Dövlət aparatında kütləvi ixtisarlar
Struktur dəyişiklikləri minlərlə insanın işini itirməsinə səbəb olacaq
Təhsil Nazirliyi və Respublika Prokurorluğunun da regional şöbələrin yaradılacağı bildirilir
Xeberinfo.com: Dövlət aparatından kütləvi ixtisarlar dalğası başlayır. Bu barədə redaksiyamıza məlumat verən mənbə ixtisarları son günlər aparılan strukturlar dəyişikliyi ilə izah edilir. Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilib. Mənbə bildirib ki, bu yüzlərlə insanın işsiz qalması ilə nəticələnəcək. “Hər iki qurumun yerli şöbələri var. Şübhəsiz bu şöbələr də birləşdirələcək. Bu zaman bir-birini təkrarlayan vəzifələr ixtisara salınacaq. Bu isə xeyli sayda insanın işi itirməsi deməkdir. Mərkəzi Aparatda eyni proses baş verəcək”, – deyə mənbə əlavə edib.
Dünən isə Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbələri ləğv edilərək regional idarələr yaradılıb. Əbülfəs Qarayev APA-ya açıqlamasında iddia edib ki, ciddi ixtisarlar olmayacaq: “Burada hansısa ciddi ixtisarların aparılmasından söhbət getmir. Söhbət mədəniyyət xidmətlərinin daha səmərəli, müasir və maraqlı aparılmasından gedir. Elə şöbələr vardı ki, bir nəfərdən ibarət idi. Indi regionlar üzrə yaradılacaq şöbələrin prioritetləri müəyyənləşəcək”.
Mənbəmiz isə bildirir ki, nazirin dedikləri əsassızdır: “Mədəniyyət və Turizm Nazirliyinin təkcə Masallı şöbəsində 300 ştat var idi. Iri rayonlarda isə bu rəqəm daha çoxdur. Regioanal idarələr yaradıldıqdan sonra onların hamısının işlə təmin etmək faktiki olaraq mümkün deyil. Ən yaxşı halda onların yarısına iş tapıla bilər. Beləliklə, yüzlərlə insan işini itirməli olacaq”.
Təhsil Nazirliyinin də yerli şöbələrinin ləğv edilərək regional idarələrin yaradılması məsələsi yenidən gündəmə gəlib. Qeyd edək ki, bu barədə sərəncam bir müddət əvvəl imzalanıb. Lakin sonradan proses təxirə salındı. Təhsil Nazirliyinin yerli şöbələri ləğv ediləcəyi təqdirdə maliyyə idarələrinin də funksiyası əhəmiyyətli dərəcədə azalacaq və mümkündür ki, həmin idarələr də regional səviyyədə fəaliyyət göstərsin. Bu prosesdə minlərlə insan işini itirəcək.
Həmçinin belə iddialar var ki, yerli prokurorluq orqanları da regional prokurorluq orqanları ilə əvəz edilsin. Onsuz da harada baş verməsində asılı olmayaraq ağır cinayətlərin istintaqı Ağır Cinayətlərə Dair Istintaq Idarəsində aparılır. Bundan başqa digər hüquq-mühafizə orqanlarının özlərinin istintaq idarələri var. Istintaqa prosessual nəzarətə gəlincə, bunun üçün hər rayonda prokurorluq orqanının fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Bunu regional səviyyədə də həyat keçirmək olar. Bu proses nəticəsində də işinin itirənlərin sayı az olmayacaq.
Azadliq.info