"GENERAL HƏDƏLƏDİ Kİ, SƏNİ BASDIRARAM İÇƏRİ"
Xeberinfo.com: Göyçay rayonu Potu kənd sakini, kiçik sahibkar, şəhid ailəsindən olan Məmmədov Elxan Şəmil oğlu Prezident İlham Əliyevə yazdığı məktubların nüsxələrini “AzPolitika”info”-nun elektron poçtuna göndərib. Kiçik sahibkarın şikayəti Dövlət Yol Polisindəndir. E.Məmmədov məktubda üzləşdiyi özbaşınalıqla bağlı yazır, daha sonra Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qəbuluna çağırılması, onun tərəfindən hədələnməsindən bəhs edir.
Gecə saxlanılan avtomobil və yoxa çıxan 10 min dollar…
Kiçik sahibkarın Prezidentə məktubundan oxuyuruq: “14 noyabr 2015-ci il tarixdə işçim Tural Xudaverdiyev iş vaxtından sonra obyektimdə işləyən işçiləri evlərinə düşürmək üçün mənə məxsus avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən, Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi Ənvər Əliyev, onun işçiləri Aqil Qasımov və Pənah İbişov heç bir əsaslı səbəb olmadan avtomobilə saxlama işarəsi verirlər. Avtomobili saxlayan Tural Xudaverdiyev saxlanmasının səbəbini soruşmuşdur. DYPB-nin əməkdaşı Pənah İbişov maşının sənədlərini tələb etdikdə, işçim Tural Xudaverdiyev sənədlərin iş yerində olduğunu, daha doğrusu məndə olduğunu bildirib. Sənədləri təqdim etmək üçün vaxt verməsini istədikdə, YPX-nın inspektoru bununla razılaşmayıb.
Ənvər Əliyevin göstərişinə əsasən, mülkiyyətimdə olan avtomobil mühafizə olunan duracağa aparılıb. Mühafizə olunan duracağa aparılarkən, avtomobili işçim Tural Xudaverdiyevin idarə etməsinə icazə verilməyib. Mühafizə olunan duracağa avtomobil yerləşdirilərkən, hal şahidlərinin, o cümlədən işçimin iştirakı ilə akt tərtib edilmədən, avtomobildə hansı əşyaların olmasını müəyyən etmədən, duracağa qəbul olunub.
Halbuki, həmin vaxt avtomobildə sahibkarlıq fəaliyyətimi inkişaf etdirmək məqsədilə Məmmədov Emin Telman oğluna satdığım avtomobilin pulu olan 10 000 ABŞ dolları olub. Həmin pulun məndə mövcud olmasını təsdiq edən bank qəbzi də vardır. Bu günədək həm avtomobilimdən, həm də 10 000 ABŞ dollarından məhrum olmuşam.
“Göyçay rayon DYPB-nin rəisi Ənvər Əliyev mənə və işçilərimə təzyiq edir”
Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi Ənvər Əliyev, onun işçiləri Aqil Qasımov və Pənah İbişov haqqında müxtəlif instansiyalara müraciət etdikdən sonra, mənə və işçilərimə təzyiqlər olunub. Belə ki, 16 noyabr 2015-ci il tarixdə Pənah İbişov fəaliyyət göstərdiyim obyektə gələrək, Tural Xudaverdiyevə aktı imzalamağı tələb edib, imza etmədiyi təqdirdə məcburi şəkildə polis şöbəsinə aparılacağını bildirib.
Bunun ardı olaraq, Göyçay rayon Polis şöbəsinin əməkdaşı Şahin adlı şəxs 050 379-37-21 saylı mobil telefon nömrəsi ilə Tural Xudaverdiyevə zəng edərək, polis şöbəsinə dəvət etmiş, sonuncu dəvətinin səbəbini soruşduqda mənim şikayətimlə əlaqədar olduğunu bildirmişdir.
Bu günədək Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi Ənvər Əliyev, onun işçiləri Aqil Qasımov və Pənah İbişov qanunsuz əməllərini davam etdirərək, onlara don geyindirmək istiqamətində iştirakımız və xəbərimiz olmadan, inzibati xəta haqqında protokollar və aktlar tərtib etmişlər. Halbuki, həmin protokollarda və aktda qeyd edilənlər həqiqəti əks etdirməməklə yanaşı, Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi Ənvər Əliyev, onun işçiləri Aqil Qasımov və Pənah İbişovun qanunsuz hərəkətlərinə qanuni don geyindirməkdən başqa bi şey deyil.
Möhtərəm cənab Prezident!
Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi Ənvər Əliyev, onun işçiləri Aqil Qasımov və Pənah İbişovun barəsində tədbir görülməsinə, maşınımın və 10 000 ABŞ dollarımın mənə qaytarılmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm”.
Kiçik sahibkarı Prezidentə II məktubu yazmağa nə vadar etdi?
Elxan Məmmədovun Prezidentə məktubu ünvanına çatır. Hər halda bu məktubdan sonra Baş Dövlət Yol Polis İdarəsinə məsələni araşdıraraq, vətəndaşın hüququnu təmin etmək tapşırılır. Ancaq bu tapşırıq necə yerinə yetrilir? Bunu Elxan Məmmədov bir nüsxəsini də “AzPolitika.info”ya göndərdiyi Prezidentə, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərlərinə ikinci məktubunda açıqlayıb. Məktubun bu məsələ ilə bağlı hissəsində sahibkar yazır:
“Hörmətli cənab Prezident!
Sizə 12 dekabr 2015-ci il tarixli məktubumda Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi Ənvər Əliyevin, onun işçiləri Aqil Qasımovun və Pənah İbişovun barəsində tətbir görülməsi, maşınımın və 10 000 ABŞ dollarımın mənə qaytarılmasına göstəriş verməyinizi xahiş etmişdim.
Sizə müraciət etdikdən sonra, Baş Dövlət Yol Polisi İdarəsindən zəng edilərək, idarənin rəisi Ramiz Zeynalovun məni qəbula çağırdığı bildirildi. 05 yanvar 2016-cı il tarixdə idarədə olmağım xahiş olundu. Məndə sevinə-sevinə bu qarlı-çovğunlu gündə Bakı şəhərinə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qəbuluna gedərək, ümid etdim ki, haqlı şikayətimə baxan tapıldı. Lakin sevincim çox çəkmədi. İdarədə ilk əvvəl qarşılayan Ərəstun Məcidov heç məni dinləmədən hədə-qorxu gələrək, polis əməkdaşlarına şər atdığımı bildirib, məni Ramiz Zeynalovun qəbuluna apardı.
General Ramiz Zeynalov şikayətçini hədələyib?
Heç demə Ərəstun Məcidovun mənə dediyi sözlər muştuluqçu imiş. Polis general–mayoru Ramiz Zeynalovun qəbuluna girər-girməz mənə «nə demaqoqluq edirsən? Belə şikayətlərinə görə səni 10 il basdıraram içəri. Polisdən yazanın aqibətinin necə olduğunu bilmirsən?» deyə, bildirdi.
Ramiz Zeynalova hüquq və haqlarımı tələb etdiyimi, Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi Ənvər Əliyev, onun işçiləri Aqil Qasımov və Pənah İbişovun mənim hüquqlarımı tapdaladıqlarını dedim. Lakin mənim sözlərimə məhəl qoymayan R.Zeynalov, şikayətimə son qoymayacağım təqdirdə fəaliyyət göstərdiyim sahibkarlıq obyektimdən narkotik vasitə çıxarılacağını bildirdi.
Cənab Prezident, polis general–mayoru Ramiz Zeynalovun bu sözündən sonra, açığını desəm çox qorxuya düşmüşəm. Belə ki, 2 aydır mənim hüquqlarım tapdalanırsa, 10 000 ABŞ dollar pulum bu günədək tapılmırsa, mülkiyyətimdə olan maşınım Göyçay rayon Polis şöbəsinin müvəqqəti duracağında saxlanılaraq, mülkiyyətimdən məhrum edilirəmsə, onda sözsüz ki, fəaliyyət göstərdiyim obyektimə də narkotik vasitə qoyarlar. Etibarlı qarantım olmadığından, əlacım 13 ailənin dolandığı sahibkarlıq obyektimi bağlamaqdır.
Azərbaycanda sahibkarlara və iş adamlarına Sizin daimi diqqətiniz və qayğınız olub, biz bu gün də bunu görürük. Qardaşım Məmmədov Eyvaz Şəmil oğlu Qarabağ uğrunda gedən döyüşlərin birində itkin düşmüşdür. Onun yoxluğu bizə çox böyük zərbə olsa da, dövlətimizin köməyi, qayğısı sayəsində özümüzdə təskinlik və güc tapırıq.
Sizin son vaxtlar xalqına və dövlətinə nankor baxan məmurları cəzalandıracağınıza dair verdiyiniz tapşırıqdan nəticə çıxarmayan Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi Ənvər Əliyev, onun işçiləri Aqil Qasımov və Pənah İbişovun barəsində tətbir görülməsinə, 10 000 ABŞ dollarımın tapılmasına, maşınımın mənə qaytarılmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm”.
Dövlət Yol Polisi İdarəsi prokurorluğa müraciət edib
Kiçik sahibkarın şikayətilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq. K. Əliyev bu məsələ ilə tanış olduğunu bildirdi.
Qeyd etdi ki, həqiqətən Elxan Məmmədov şikayəti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə dəvət olunub: “Həm Ramiz müəllim, həm də Ərəstun müəllim onunla görüşüb, şikayətini dinləyib. Ancaq bu şəxsin həmin görüşdən sonra səsləndirdiyi fikirlər, onun iddialarının böhtan xarakterli olduğunu söyləməyə əsas verir.”
Kamran Əliyevin sözlərin görə, Elxan Məmmədovun şikayətində göstərdiyi iddialar əvvəldən də inandırıcı görünmürdü: “Adıçəkilən şəxsin avtomobili onu idarə etmək səlahiyyəti olmayan vətəndaş tərəfindən idarə olunduğundan, saxlanılaraq DYPB-nin mühafizə olunan duracağına aparılıb. Nə həmin vaxt, nə də ondan sonrakı 3 gün ərzində Elxan Məmmədov avtomobilinin dalınca gəlməyib. Sual olunur: əgər doğrudan da onun avtomobildə 10 min manatı vardısa, niyə dərhal və yaxud sonrakı günlər gəlib həmin vəsaiti götürmürdü? Bu da Elxan Məmmədovun şikayətindəki iddiaların böhtan olduğunu ehtimal etməyə əsas verir”.
Kamran Əliyevin sözlərin görə, məhz bu səbəbdən də Dövlət Yol Polisi İdarəsi Elxan Məmmədovun şikayətinin araşdırılması üçün bu gün (yanvarın 18-i-müəl.) Göyçay rayon Prokurorluğuna müraciət edib: “Biz polisə də müraciət edə bilərdik. Ancaq bu sonradan şikayətin obyektiv araşdırılmadığına dair iddialara səbəb ola bilərdi. Ona görə də prokurorluğa müraciət edilib ki, məsələ obyektiv araşdırılsın.”
General Ramiz Zeynalovun Elxan Məmmədovu hədələməsinə dair iddialara gəlincə, K. Əliyev bunun tamamilə böhtan olduğunu bildirdi: “Bu iddialar tam olaraq həqiqətdən uzaqdır, çirkin böhtandır. Ramiz Zeynalovu tanıyanlar bilir ki, kimisə hədələmək, kobud danışmaq onun xarakterinə ziddir. Bu baxımdan həmin iddiaların yalan olduğunu tam əminliklə deyə bilərəm.”