Sabiq nazir qandallanır
Prezident İlham Əliyev rabitə nazirini işdən qovduqdan sonra ilk dəfədir ki, RYTN-də baş verənlər haqda danışıb və çox sərt ifadələr işlədib: “Cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir”; Ə.Abbasovun YAP Siyasi Şurasından uzaqlaşdırılması da gündəmə gəlib, müəllim kimi auditoriyaya girməsinə isə universitet rəhbərliyi qadağa qoyub
Xeberinfo.com: Ötən ilin oktyabr ayının 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra paralel olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) də həbslər həyata keçirildi. Nazirliyin yüksək rütbəli əməkdaşları, o cümlədən aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov həbs olundular.
Hələ o zaman nazir vəzifəsində işləyən Əli Abbasovun israrla həbs edilənləri müdafiə etməsinə baxmayaraq, tezliklə saxlanılanların çevrəsi daha da genişləndi. İlkin araşdırmalar göstərdi ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi geniş vüsət alıbmış.
Noyabrın 12-də dövlət başçısının sərəncamına əsasən, YAP Siyasi Şurasının üzvü olan Əli Abbasov da vəzifəsindən kənarlaşdırıldı. Bir neçə gün sonra YAP-ın daha bir “ağır top”u, partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri, “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov barəsində də həbs-qətimkan tədbiri seçildi.
M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Artıq bir neçə aydır ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, eləcə də Vergilər Nazirliyi RYTN-də yoxlamalar aparır. Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda bir neçə cinayət işi başlanıb.
Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin toplantısında RYTN-də baş verən korrupsiya faktlarından danışıb. Dövlət başçısı deyib ki, informasiya-kommunikasiya sektorunun inkişafına investisiyalar qoyulub, kreditlər verilib, amma əfsus ki, bəzi hallarda gəlir başqa ciblərə gedir, dövlət xeyir götürmür: “Arada gəzən şirkətlər burada əsassız qaydada böyük məbləğdə pul qazanırlar, onların fəaliyyəti dayandırılmalıdır. Yəni bütün gəlirlər dövlətə, büdcəyə gəlməlidir və bunun hesabına informasiya-kommunikasiya texnologiyaları sektoru bundan sonra da inkişaf edəcək. Dövlət artıq bu sahəyə kifayət qədər, artıqlaması ilə vəsait ayırıb”.
Prezident nazirlikdəki yoxlamalardan da danışıb: “Yoxlamalar göstərir ki, bu vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir. İndi prokurorluq ciddi məşğuldur. Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir”. İ.Əliyev deyib ki, bu əməlləri törədənlər məsuliyyətə cəlb olunurlar və bu, bütün qurumlara dərs olmalıdır.
Prezident Əli Abbasovu işdən qovduqdan sonra ilk dəfədir ki, RYTN-də baş verənlər haqda danışıb və çox sərt ifadələr işlədib. Bu, artıq həm də bağışlanılması üçün YAP-ın çətirindən istifadə edən Ə.Abbasova həbsxana yolunun görünməsi deməkdir. Çünki prezidentin “dövlətə xəyanət” hesab etdiyi yeyinti və korrupsiya faktları 11 il nazir işləmiş Ə.Abbasovun nəzarətindən kənar baş verə bilməzdi. Bu həm də o anlama gəlir ki, həbslər hələ davam edəcək.
“Yeni Müsavat” bir müddət əvvəl Əli Abbasovun ev dustağı edildiyi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri tərəfindən bir neçə dəfə dindirilməsi ilə bağlı məlumat yaymışdı. Məlumatlara görə, bütün iri mənimsəmə faktlarında sabiq nazirin imzası və ya razılığı var ki, bu da istintaqa məlumdur.
Xəbərlərə görə, prezidentin qəti mövqeyindən dərhal sonra Ə.Abbasovun Siyasi Şura üzvlüyündən uzaqlaşdırılması da gündəmə gəlib. Onun kafedra müdiri olduğu İqtisad Universitetindən “öz xahişi ilə” uzaqlaşdırıldığı da gələn xəbərlər sırasındadır. Bildirilir ki, əslində reputasiyası ləkələnmiş sabiq nazirin müəllim kimi auditoriyaya girməsinə universitet rəhbərliyi qadağa qoyub, bundan sonra isə Ə.Abbasov ərizəsini yazıb.
Məlumatı dəqiqləşdirmək üçün İqtisad Universiteti ilə əlaqə saxlasaq da, sorğumuza ən müxtəlif bəhanələrlə cavab verən olmadı. “Bəs Əli müəllimlə danışa bilərikmi” sualına isə “burada yoxdur” cavabı verildi. Xatırladaq ki, bir müddət əvvəl YAP icra katibinin müavini Siyavuş Novruzov mediaya açıqlamasında işdən uzaqlaşdırılan sabiq nazirlər haqqında danışmışdı. O demişdi ki, Əli Abbasovun taleyi istintaqdan asılıdır və həbs edilib-edilməyəcəyi araşdırmaların nəticələrindən asılıdır. Prezidentin qəti və çox sərt mövqeyi isə artıq çox şeyi deyir...
“Yeni Müsavat”